Siyasət

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən böyük nailiyyəti sabitlik və təhlükəsizlikdir"

15 Oktyabr 2018 09:57
Baxış: 939

Son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf yolu keçib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, 15 il ərzində Azərbaycanın qazandığı uğurların kökündə dayanan əsas amil onunla bağlıdır ki, Prezident məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirir:

"Elə bu səbəbdən də xalq öz Prezidentini hər zaman dəstəkləyir. Hesab edirəm ki, bu 15 il ərzində Azərbaycanın ən böyük nailiyyəti sabitlik və təhlükəsizlikdir, çünki sabitlik və təhlükəsizlik olmayan yerdə heç nə olmur. Bu sabitliyin təminatçısı isə Azərbaycan Prezidenti ilə xalqının birliyidir. Bu birlik sayəsində Azərbaycan iqtisadiyyatı son 15 il ərzində böyük bir inkişaf yolu keçib, 3.2 dəfə artıb. Cənab Prezidentin əsas hədəflərindən biri qeyri-neft iqtisadiyyatının inkişafı məsələsidir və bu sahədə 2.8 dəfə artım qeydə alınıb. Sənayedə artım 2.6 dəfəyə çatıb. Əsas prioritet sahələrdən biri kənd təsərrüfatının inkişafıdır ki, bu istiqamətdə də 1.7 dəfə artım qeydə alınıb. Cənab Prezident Azərbaycanın ixrac yönlü iqtisadiyyatının inkişafını əsas hədəflərdən biri kimi seçib və bunun sayəsində son 15 il ərzində qeyri-neft ixracatı 4.1 dəfə artıb. Əgər 2003-cü ildə cənab Prezident hakimiyyətə gələrkən Azərbaycanın valyuta ehtiyatları 1.8 milyard dollar təşkil edirdisə, bu gün 45 milyard dollara çatıb. Bunlar çox böyük nailiyyətlərdir və Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti ona gətirib çıxarıb ki, son 15 ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya qoyulub, bunun da yarısını məhz xarici investisiya təşkil edib".

Millət vəkili vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclüdür, Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar, ölkəmizin bütün beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf tempinə malikdir:

"Cənab Prezident çox intensiv və çevik xarici siyasət kursu həyata keçirir. Bütövlükdə Prezident İlham Əliyevin 15 il ərzində qazandığı nailiyyətlərin kökündə dayanan əsas amil odur ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursuna sadiqdir, onu davam etdirir və bu səbəbdən də xalq hər zaman cənab Prezidentin siyasətini dəstəkləyir və müdafiə edir. Yeganə həllini tapmayan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır ki, cənab Prezidentin səyləri sayəsində dünyanın əksər təşkilatları, o cümlədən BMT, ATƏT, NATO, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri münaqişənin həlli ilə bağlı ərazi bütövlüyü prinsipini əsas prinsip kimi qəbul edib. Bütün bunlar bir daha onu göstərir ki, cənab Prezidentin həyata keçirdiyi siyasət xalqın mənafeyindən irəli gələn bir siyasət olduğundan həm ölkə daxilində, həm də xaricində yüksək qiymətləndirilir və dəstəklənir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.