Siyasət

Məşhur polkovnik deyir ki, müharibə hər an başlaya bilər - İdarə olunan Paşinyanın dili ermənilərin başına bəla olacaq

12 Oktyabr 2018 07:00
Baxış: 3 201

Prezident İlham Əliyevin mövqeyi Paşinyanı masa arxasına oturmağa məcbur edir.

"Ermənistanın Baş naziri Nikol Paşinyan müstəqil adam deyil. Onu hakimiyyətə gətirən qüvvələr idarə edir. Paşinyan da onların sözlərini yerinə yetirir, maraqlarını təmin etməyə çalışır. Lakin Ermənistan cəmiyyəti də görür ki, Paşinyanın bu siyasəti onları faciəyə sürükləyir. Bu səbəbdən Ermənistanı qarşıda daha böyük fəlakətlər gözləyir".

Bu barədə Milli.Az-a veteran hərbçi, ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov bildirib.

Ekspertin fikrincə, dövlət başçısına layiq olmayan bəyanatlar verməsinə baxmayaraq, baş naziri Nikol Paşinyan sülh danışıqlarının bərpasına razılıq vermək məcburiyyətində qaldı. Lakin kənardan idarə olunan Paşinyandan hər an qeyri-adi nəsə gözləmək olar: "Ermənistanın Baş naziri Nikol Paşinyanın ara-sıra cəfəng bəyanatlarına, Dağlıq Qarabağın müstəqilliyi və danışıqlara müstəqil şəkildə qatılması barədə fikirlər səsləndirməsinə baxmayaraq, Azərbaycanın gücü, qüdrəti, beynəlxalq nüfuzu, Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı sərt ifadələri, mövqeyi və çağırışları onu masa arxasına oturmağa məcbur edir. Azərbaycanın mövqeyi budur ki, danışıqlar yalnız Ermənistan tərəfi ilə aparılacaq və Dağlıq Qarabağın separatçı qüvvələri bu danışıqlarda iştirak edə bilməyəcək. Təcrübə göstərir ki, Prezident İlham Əliyev həmişə dediklərinə əməl edir. Ona görə də Azərbaycan Prezidentinin bu mövqeyi Ermənistanın Baş nazirini danışıqları bərpa etməyə razılıq verməsinə vadar etdi. Baxmayaraq o, dövlət başçısına layiq olmayan cəfəng bənayatlarla çıxış edirdi. Amma digər tərəfdən, bu elə məhz Ermənistanın dövlət başçısına layiq, xas olan ifadələr idi ki, bununla gündəmə gəlib. Gəlin yaxşı baxaq görək Paşinyan kimdir? Onun nə təcrübəsi var. O, daim jurnalist fəaliyyəti ilə məşğul olub və müxalifət cərgəsində yer alıb. İndi də küçə müxalifəti, daha doğrusu maraqlı qüvvələr onu hakimiyyətə gətirib. Hakimiyyətdə olmasına baxmayaraq, ondan istənilən an qeyri-adi bir şey gözləmək olar".

Polkovnik hesab edir ki, Paşinyanın dili, onun ara-sıra verdiyi cəfəng bəyanatlar ermənilərin başına Azərbaycanla cəbhədə, hərb meydanında da bəla ola bilər: "Əvvəla, müharibə hələ bitməyib və davam edir. Sadəcə, aktiv fazaya keçməyib və atəşkəs rejimi var. Lakin proseslərin gedişi və qeyri-stabilliyi göstərir ki, cəbhə bölgəsində vəziyyət istənilən vaxt gərginləşə və müharibə başlaya bilər. Bir daha deyirəm, cəbhədə savaş hər an başlaya bilər. Ona görə də Azərbaycan Silahlı Qüvvələri daim lazım olan ehtiyat tədbirləri görür və hər an döyüşə hazır vəziyyətdədirlər. Ordumuz Müdafiə nazirindən tutmuş adi əsgərədək Ali Baş komandanın əmrini hər an yerinə yetirmək iqtidarında olduğunu işi, təlimləri, döyüş fəaliyyətindəki nəticələri ilə hazır olduğunu daim göstərir. Azərbaycan Silahlı Qüvvələri bu mümkün müharibəyə və işğal olunmuş əzazilərimizi geri qaytarmağa hazırdır".

İlkin İzzət
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.