Siyasət

Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib - VİDEO

15 Sentyabr 2018 21:24
1 Şərh     Baxış: 1 228

100 il öncə bir yerdəydik, indi də bir yerdəyik.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu sözləri Bakının eser-menşevik, erməni-daşnaq və bolşevik qalıqlarından azad olunmasının 100 illiyinə həsr olunan paradda çıxış edən prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasındakı dostluq münasibətlərinin dövlətlərin rəhbərliyində kimin olmasından asılı olmayaraq daimi olduğuna diqqət çəkib. Dövlət başçısı Qafqaz İslam Ordusunun Bakıya gəlişinin Azərbaycanın tarixində çox önəmli bir yerə sahib olduğunu bildirib.

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin əfsuslar olsun ki, çox az davam etdiyini və 1991-ci ildə azadlığı yenidən qazandıqdan sonra da bir sıra ciddi problemlərlə rastlaşdığını diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, məhz bu çətin dövrdə Azərbaycanda hərc-mərclikdən istifadə edən Ermənistan işğalçı kimi Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ancaq Azərbaycan öz iqtisadi qüdrətini artırıb və bu gün bir sıra problemləri geridə qoyaraq artıq qüdrətli bir dövlətə çevrilib.

Prezident İlham Əliyev öz çıxışında onu da vurğulayıb ki, Qarabağ müharibəsinin birinci mərhələsi başa çatandan sonra Azərbaycan Ordusu artıq iki dəfə Ermənistan qoşunları üzərində qələbə qazanaraq böyük əraziləri işğaldan azad edib və düşmənə öz gücünü göstərib. Buna görə də bütün işğal edilmiş Azərbaycan torpaqlarının azad ediləcəyi gün çox yaxındır.

Parada qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasındakı əlaqələrin indiki dövrdə deyil, hələ yüz il öncədən də böyük mənəvi-tarixi bağlara sahib olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədən sonra ən çox türk əsgərinin şəhid məzarına sahib olan bir ölkə olduğuna diqqət çəkib.

Türkiyə prezidenti onu da deyib ki, Ermənistan rəhbərliyi sərhədlərin açılmasını istəyirsə, öncə Azərbaycanın işğal altındakı torpaqlarını qaytarmalıdır.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycana hər cür dəstəyi göstərəcəyini bildirib.

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlayıb.

Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib.

Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirilib.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, əməliyyat imkanları konsepsiyası və əməliyyat ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları da tribuna önündən keçiblər.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

Bu zaman Azərbaycan Ordusunun silahlanmasına daxil edilən ən müasir yerli və xarici ölkələrdən alınmış texnika və raket sistemləri nümayiş olunub.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu olub.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini "Mi-17" tipli iki helikopter açıb. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparıb.

"Su-25" hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaradıblar.

"MİQ-29" təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirib.

Paradın ən unudulmaz anları isə Türkiyə Silahlı Qüvvələrinin "Türk ulduzları"nın nümunəvi çıxışları olub.

Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdiriblər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkiblər.

Bununla da Bakının azad edilməsinin 100 illiyinə həsr olunan parad başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib

Şərh yaz:

1 Şərh:

  • Anonim
    MEHMAN QAZAXLI · 16 Sentyabr 18:3610

    BIZ CƏNAB PREZİDENTİMİZLƏ FƏXR EDİRİK.ALLAH QORUSUN.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.