Siyasət

Prezident İlham Əliyev: "Gün gələcək Azərbaycanın dövlət bayrağı hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır"

15 Sentyabr 2018 20:05
Baxış: 752

Gün gələcək Azərbaycanın dövlət bayrağı hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: "Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.