Siyasət

Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığı: reallıqlar və üzdəniraq ekspertlərin qərəzli yazıları

14 Sentyabr 2018 17:34
Baxış: 1 340

Milli.Az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar geosiyasi proseslərin sürəti daha da artıb. Tehranda Türkiyə, İran və Rusiya dövlət başçılarının görüşünə bu baxımdan böyük önəm verilirdi. Orada qəbul edilən qərarların regiondakı proseslərə ciddi təsir edəcəyi proqnozlaşdırılırdı. Eyni zamanda, məlum oldu ki, bir sıra qərəzli dairələr ortaya çıxa biləcək hər hansı fikir ayrılığını şişirtməyi gözləyirlərmiş. Onların üzdəniraq ekspertləri "analitik yazılarında" "yeni fikirlər" adı altında öz mənfur niyyətlərini ifadə etməyə girişiblər. Burada əsas hədəf kimi Azərbaycan və Türkiyə götürülüb. Ankara və Bakının müstəqil xarici siyasət yeritmək iqtidarında olmadığı barədə gizli tezis üzərində müxtəlif ssenarilər qururlar. O cümlədən Türkiyənin gah bu, gah da digər geosiyasi düşərgəyə reverans etdiyini iddia edirlər. Əslində isə müəyyən dairələr Ankara və Bakının qürurlu geosiyasi-hərbi duruşundan narahatdırlar. Bu vəziyyətin geosiyasi aspektləri üzərində geniş dayanmaq istərdik.

Tehran görüşü və İdlib məsələsi: böyük güclərin maraqları və mübarizəsi

Türkiyə, Rusiya və İran Prezidentlərinin Tehranda görüşündən sonra bir sıra KİV orqanları çox "fəallaşıblar". Onlar demək olar ki, bütün güclərini Türkiyəni aşağılamağa və onun fonunda Azərbaycanın çoxvektorlu xarici siyasətini təhrif etməyə çalışırlar. Bu işdə daha çox Ermənistan KİV-ləri və ermənilərə Rusiyada yaxın olan bəzi mətbu orqanlar canfəşanlıq göstərirlər. Təəssüf ki, Azərbaycanda da bir sıra rusdilli nəşrlər bu tələyə düşüb, reallığı əks etdirməyən və qərəzli, birtərəfli qələmə alınan cızma-qaraları təkrar dərc edirlər. Məsələn, erməni lobbisinin bədnam əlaltısı Stanislav Tarasovun liderlərin Tehran görüşündən sonra Türkiyənin İdlib siyasəti fonunda Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətləri ilə bağlı sərsəmliklə dolu "məqaləsini" "yeni fikir" kimi təqdim edən nəşr tapılıb.

Əslində isə düşmən dairələrin fəallaşmasının konkret səbəbləri vardır. Birincisi, geniş səviyyədə Türkiyə qlobal geosiyasi proseslərdə öz sözü olan dövlətə çevrilib. O cümlədən Ankara Suriyada söz sahibidir. Onun Moskva və Tehranla əməkdaşlığı kimlərəsə sığınmaq taktikası deyil, milli maraqlara uyğun nəticələr əldə etməkdir. Bunun üçün Türkiyə hər bir konstruktiv təklifə açıqdır. Bu barədə Rusiyanın Türkiyədəki səfiri açıq və konkret fikir bildirib. Təcrübəli diplomat ifadə edib ki, Türkiyə ciddi geosiyasi maraqları olan böyük dövlətdir və onun istədikləri ilə Rusiyanın istədikləri hansısa məqamda uyğun gəlməyə bilər. Çıxış yolu müzakirə vasitəsilə ortaq mövqeyə gəlməkdən ibarətdir.

Bizcə, dəqiq, obyektiv və konstruktiv ruhda söylənən fikirdir. Rusiya və Türkiyə Prezidentləri də ifadə etdikləri fikirlərdə məhz bu cür mövqe ortaya qoyurlar. İkincisi, Azərbaycan-Türkiyə münasibətləri Bakının xarici siyasətdə əldə etdiyi uğurların fonunda daha da inkişaf edir. Azərbaycan rəhbərliyi müstəqil və çoxvektorlu siyasəti ilə prioritet hesab etdiyi bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edir. Rusiya, Mərkəzi Asiya, Gürcüstan, türk dövlətləri, Avropa, ABŞ, müsəlman ölkələri, Çin və digər istiqamətlər üzrə Azərbaycan rəhbərliyinin atdığı səmərəli addımlar hər kəsə məlumdur. Bir sıra dost olmayan dairələri də daha çox məhz bu məqam narahat edir.

Onlar çalışırlar ki, Azərbaycanla yaxından əməkdaşlıq edən ölkələri bir-birinə qarşı qoysunlar. Bunun üçün isə özlərindən müəyyən ssenarilər uydururlar. İlk növbədə Türkiyəyə qarşı qarayaxma kampaniyasına əl atırlar. Son hadisələr buna nümunədir. Eyni zamanda, antitürkiyə ovqatının yüksəlməsi R.T.Ərdoğanın sentyabrın 15-də Bakıya gəlişi haqqında informasiya yayılandan sonra pik nöqtəsinə çatdı. Səbəbi, bizcə, hər kəsə aydındır. Məsələ belədir ki, bu il Azərbaycan və Türkiyə güclü həmrəylik nümayiş etdirən tədbirlər həyata keçirirlər. Azərbaycan Cümhuriyyətinin və Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə möhtəşəm tədbirlər dostları sevindirdi. Azərbaycan qırıcıları ilə bərabər türk şahinləri Bakı səmasında gözəl uçuşlar keçirdi. Türk şahinlərinin bundan əvvəl hansı hadisədən sonra eyni uçuşlar keçirdiyini yəqin ki, dost olmayanlar da xatırlayırlar.

İndi, sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyidir. Və yüz il əvvəl qazanılmış bu tarixi zəfərə həsr edilmiş tədbirdə Türkiyə Prezidenti və türk əsgəri də iştirak edir! Bu, həmrəyliyin, qardaşlığın, haqq işini müdafiənin gözəl nümayişidir və qərəzli dairələr məhz bunu götürmürlər!

Müstəqil mövqe: yüksələn Azərbaycan və Türkiyənin geosiyasi cəlbediciliyi

Bu səbəbdəndir ki, Stanislav Tarasov qəbildən üzdəniraq ekspertlər "Regnum" kimi qərəzli KİV orqanlarında yazırlar ki, Azərbaycan Türkiyədən uzaqlaşıb, Rusiya-İran tandeminə yaxınlaşmağa çalışır. Həqiqətdə isə Azərbaycan Türkiyə ilə nə qədər yaxınlaşsa da, balansı gözləyir. Eyni zamanda, Bakı tarixi unuda bilməz. Ona laqeyd qala bilməz. 100 il bundan əvvəl türk əsgərləri canları bahasına Bakını işğaldan azad etməkdə Azərbaycan Milli Ordusuna ciddi yardım edibsə, bunu niyə unutmalı və ya qeyd etməməliyik? Biz hansı dövlətin bu kimi tədbirlərinə qısqanclıqla yanaşırıq?

Məsələ ondan ibarətdir ki, Azərbaycan məhz müstəqil xarici siyasət yeridir, milli maraqlarına uyğun addımlar atır. Onun Türkiyə ilə münasibətlərinə də heç kimsə qarışa bilməz. Elə Rusiya ilə əlaqələrin yüksək səviyyədə olması Bakının müstəqil siyasəti ilə birbaşa bağlıdır. Azərbaycan Prezidenti Soçiyə səfər etdi, bu ayın sonunda Vladimir Putin Bakıya gəlməlidir. Bunlar çox gözəldir, çünki Azərbaycanın çoxvektorlu siyasətinin bəhrələridir. Ermənistan bu kimi nailiyyətlər əldə edə bilmir. Çünki forpostdur, kənardan idarə olunur, yalnız formal müstəqilliyə malikdir, öz dövlətçiliyini necə qorumağın və inkişaf etdirməyin geosiyasi meyarlarını müəyyənləşdirə bilmir. Gücü bədnam ekspertlər vasitəsilə Azərbaycan və Türkiyəni şər-böhtan kampaniyası ilə hədəfə almağa çatır.

Üçüncüsü, bəzi dairələr Qərbin böyük dövlətləri ilə Türkiyənin arasını vurmağa cəhdlər edirlər. Onlar əsasən ABŞ-la Türkiyə arasında yaranmış soyuqluqdan faydalanmağa çalışırlar. Anlamırlar ki, böyük dövlətlər arasında fikir ayrılığı ola bilər, lakin qlobal miqyasda onlar hər şeyə rasional yanaşmağı bacarırlar. Diqqət edin, indi Türkiyə ilə Fransa, Almaniya, Rusiya, İran və Çin kimi dövlətlər dil tapmağa çalışırlar. Ankara vurnuxmur, geosiyasi cəlbediciliyi artır. Bunun arxasında da Türkiyənin böyük hərbi, siyasi, diplomatik, iqtisadi və mədəni gücü dayanır. Nə yazıq ki, bunu Azərbaycan nəşrlərində də ya görmək istəməyən, ya da görməyi bacarmayanlar tapılır və onlar qərəzli dairələrin dəyirmanına su tökürlər.

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən öncə, aydındır ki, Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklər getdikcə daha geniş miqyas alır və yeni məzmun çalarları kəsb edir. Bu prosesdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı birmənalı olaraq uduşlu vəziyyətdədir. Bunun başlıca səbəbi isə bu iki türk dövlətinin həqiqi mənada sülh, barış, əməkdaşlıq üçün çalışmalarıdır. Azərbaycanın yeganə tələbi işğal edilmiş torpaqlarından təcavüzkarın çəkilməsindən ibarətdir ki, bu da tarixi, hüquqi, mənəvi, əxlaqi və digər baxımdan tamamilə haqlı tələbdir. Türkiyə də bu tələbi müdafiə etdiyindən ona qarşı hansısa iradı bildirmək olmaz.

Yuxarıda vurğulanan proseslərin başqa aspekti Ermənistanın hazırda çox dolaşıq geosiyasi duruma düşməsi ilə bağlıdır. Bu gedişat İrəvanı hətta ən yaxın müttəfiqi və havadarı olan Rusiyadan uzaqlaşdırır. Nəticədə, rəsmi İrəvan öz səhvini düzəltmək əvəzinə Azərbaycan və Türkiyəni qaralamağa çalışır ki, bu da yel dəyirmanı ilə savaşa bənzəyir.

Digər məqam Rusiya-Türkiyə-İran-Azərbaycan "dördbucağı"nda son zamanlar müşahidə edilən faydalı geosiyasi aktivliklə bağlıdır. Burada söhbət kiminsə diqtəsindən və ya başqasını öz təsiri altına salmaq cəhdindən getmir. Əksinə, yeni geosiyasi reallığa uyğun olaraq faydalı əməkdaşlığın çox maraqlı modeli yaranır. Azərbaycana Rəcəb Tayyib Ərdoğan da, Vladimir Putin də, Həsən Ruhani də səfər edə bilər və edirlər. Hər üçü də qarşılıqlı fayda verən müzakirələr aparır, ölkələr arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəldirlər. Buna görə də V.Putinin səfərini R.T.Ərdoğanın səfərinə qarşı qoymaq tamamilə qərəzlilik və səfehlikdir. Bu barədə yazan adamın özünü ekspert adlandırması da ancaq gülüş doğura bilər!

Azərbaycandakı bəzi jurnalistlərin də anlamasında fayda vardır: Azərbaycan müstəqil xarici siyasət yeridir, onun kimsəyə, o cümlədən Rusiya və ya Türkiyəyə sığınmaq fikri yoxdur! Kimsə hansısa hərbi blokdan (NATO və ya KTMT) Azərbaycanın xilaskarı obrazı yaratmağa cəhd etməsin! İşğal edilmiş torpaqları yalnız Azərbaycan rəhbərliyi, xalqı və ordusu xilas edə bilər! Əməkdaşlıqda isə... hər bir konstruktiv təklifə Bakı açıqdır. Ancaq bu, kiminsə bizə böyük qardaşlıq edə biləcəyi anlamına gəlməməlidir.

Beləliklə, Azərbaycan müstəqil dövlət olaraq dünyada öz nüfuzunu durmadan artırır. Artıq dünyanın və regionun böyük dövlətlərinin başçıları Bakıya danışıqlara gəlir, əməkdaşlıq haqqında ismarıclar verirlər. Təbii ki, bu, bizi qürurlandırır. Eyni zamanda, xarici siyasətimizin nə dərəcədə səmərəli aparıldığını göstərir. Azərbaycan ekspertləri, mütəxəssislər və jurnalistlər hadisələrə məhz bu prizmadan yanaşmalıdırlar ki, hansısa faydalı nəticələr əldə olunsun. Azərbaycanlılar başqasının ağzına baxanları sevmirlər!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.