Siyasət

Ekspert: Dünya Azərbaycan Prezidentinin xəbərdarlığından nəticə çıxarmamağın və Paşinyanı durdurmamağın peşmanlığını yaşaya bilər

14 Sentyabr 2018 17:30
Baxış: 859

Beynəlxalq dairələr Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə Nikol Paşinyanın ziddiyyətli Qarabağ bəyanatlarını müzakirə etməsini Ermənistanın regionu real müharibəyə çəkmək təhlükəsi barədə xəbərdarlıq kimi qəbul etməlidir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Ermənistanın yeni rəhbərliyi sülh prosesində konstruktiv davranışlara üstünlük verəcəyi barədə bütün ümidləri alt-üst etdi:

"Çoxları inanırdı ki, Paşinyan özündən əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq, daha məsuliyyətli və konstruktiv Qarabağ siyasəti aparacaq. Lakin Paşinyan 25 illik danışıqlar prosesinin konsepsiyasını tamamilə pozan ziddiyyətli şərtlər irəli sürdü, hətta ATƏT-in baş katibinin regionda olduğu bir vaxtda Azərbaycana şərti müharibə elan edən hərbi təlimlərlə təcavüzkar işğalçılıq siyasətindən əl çəkmədiyini açıq nümayiş etdirdi. Ermənistan regional sülh və təhlükəsizlik üçün real təhdid mənbəyi olduğunu getdikcə daha aşkar göstərir. Paşinyanın regionu müharibəyə çəkən bəzi beynəlxalq dairələrin oyunlarını oynadığına heç bir şübhə ola bilməz".

A.Quliyev qeyd edib ki, Ermənistanın baş nazirinin apardığı hazırkı siyasətin əsl mahiyyəti danışıqlar prosesini müharibə ilə əvəzləmək və regionda sonu görünməyən müharibənin başlanmasının məsuliyyətini Azərbaycanla Rusiyanın üzərinə atmaqdır:

"İndi Ermənistanı regional müharibə siyasətindən çəkindirmək üçün bütün məsuliyyət beynəlxalq vasitəçilərin, ilk növbədə ATƏT-in Minsk qrupunun və BMT-nin üzərinə düşür. Paşinyanın müharibə təhrikçiliyinin əl-qolu bağlanmasa, dünya Azərbaycan Prezidentinin vaxtında etdiyi xəbərdarlıqdan ciddi nəticə çıxarmamağın və Paşinyanı durdurmamağın peşmanlığını yaşaya bilər. Önləyici mexanizm isə çox sadədir - Ermənistan rəhbərliyini pozucu şərtlərdən imtinaya məcbur etmək və qeyd-şərtsiz danışıqlar masasına əyləşdirmək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.