Siyasət

Rusiya Ermənistana son xəbərdarlıq etdi

11 Sentyabr 2018 13:10
1 Şərh     Baxış: 5 310

"Vəziyyət çətindir. Amma narahat olmayın, hər şey yaxşı olacaq. Daha doğrusu, bəlkə oldu. Köçəryanın həbsindən sonra hər şey pisləşdi. Amma biz onu azad etdik axı! Rusiya prezidenti isə Köçəryanı ad günü münasibətilə təbrik etdi. Təbrik Putinin rəsmi saytında idi. İşarəni anladıq..."

Erməni jurnalistlərdən biri Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşdən əvvəl belə deyirdi.

Görüş Paşinyanın ümidlərini doğrultmayıb.

Paşinyan anladı ki, Rusiya onun hakimiyyətini nəzarətdə saxlamaq, idarəetmə rıçaqlarını məhdudlaşdırmaq niyyətindədir və bunun üçün İrəvandakı mövcud iqtidarın rəqiblərinə hər cür yardım edəcək.

Sentyabrın 8-də Kremldə baş tutmuş Putin-Paşinyan danışıqları da Ermənistanın böyük ümidlər bəslədiyi bir olay idi.

Rusiyaya işgüzar səfərlə yollanmış Nikol Paşinyan özü ilə erməni konyakı da aparmışdı. Ki, Putinə hədiyyə etsin və Rusiyaya necə dost, necə sədaqətli arkadaş, etibarlı tərəfdaş olduğunu göstərsin.

Di gəl, görüşdən əvvəl Paşinyanı pərt etdilər.

Rusiya prezidentinin mühafizəçiləri Paşinyanı görüş keçiriləcək böyuk zalın qapısı önündə saxladılar. Paşinyan yerində var-gəl etməli, gözləməli oldu. Ermənistanın baş nazirini "adi vətəndaş" səviyyəsinə endirən mühafizəçilər sonradan ona irəli keçməyə icazə veriblər.

Vladimir Putin erməni baş nazirlə söhbət əsnasında gülümsəsə də, Paşinyana çox sərt mesajlar ünvanlayıb.

Rusiya prezidenti iki ölkə arasındakı münasibətlərin xüsusi və spesifik olduğunu vurğulayaraq bildirib: "Ermənistanın ticari tərəfdaşları arasında Rusiya ilk yeri tutur. Ermənistan iqtisadiyyatına ən böyük investisiyalar yatıran ölkə də Rusiyadır.

Rusiya şirkətlərinin resursları və maliyyəsi Ermənistanın energetika, maşınqayırma, metallurgiya və s. sahələrində reallaşdırılıb. Ölkələrimiz arasındakı münasibətlərin miqyası çox böyükdür".

Beləcə, Vladimir Putin Rusiyanın Ermənistandakı bütün maraq sahələrini özünəməxsus şəkildə, məharətlə və diplomatik üslubla sadalayıb.

Eyni zamanda o, Paşinyanın nəzərinə çatdırıb ki, Rusiyanın Ermənistandakı maraqları çox və şaxəli olduğundan İrəvan Moskva ilə əlaqələrini asanlıqla kəsə bilməyəcək.

Nikol Paşinyan pərtliyini gizlətmək üçün "Rusiya ilə Ermənistan arasındakı münasibətlərin dinamik, sürətli və təbii inkişafı"ından bəhs edərək bu "inkişaf"ı "parlaq" adlandırıb.

Halbuki Rusiya ilə Ermənistan arasındakı münasibətlər indi olduqca gərgin vəziyyətdədir.

ABŞ-ın ssenarisi və üstüörtülü müdaxiləsi nətcəsində Serj Sarqsyanın Ermənistan prezidenti postundan devrilməsindən və Nikol Paşinyanın baş nazir kürsüsünə yiyələnməsindən artıq dörd ay keçib. Ötən müddət ərzində Paşinyanla komandasının atdığı addımlar, qəbul etdikləri qərarlar birmənalı olaraq Qərbin maraqlarının təminatına yönəldiyindən Rusiya, təbii ki, baş verənlərdən çox narazıdır.

Kremldəki görüşdə Paşinyanın faktiki olaraq Putinə hesabat verdiyini və özünə haqq qazanmağa çalışdığını nəzərə alsaq, Ermənistanın baş naziri çox ağır durumdadır.

Hakimiyyətə yiyələnməsində böyük rol oynamış qüvvələrin diqtəsindən çıxa bilməməklə yanaşı, tərəfdarlarının tələblərini qulaqardına vura bilməyən Paşinyan odla su arasında qalıb.

Bir tərəfdə Qərbin tələbləri və Ermənistandakı daxili siyasətin doğurduğu çağırışlar, digər tərəfdə isə Moskvanın İrəvana münasibətinin pisləşməsi.

Ermənistanda 2008-ci ilin martın 1-də, Serj Sarqsyanın "qələbə"si ilə başa çatan prezident seçkilərindən sonrakı kütləvi etiraz aksiyalarının gülləbaran edilməsi ilə bağlı başlanan istintaq, sabiq prezident Robert Köçəryana, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturova və sabiq müdafiə naziri Mikael Harutyunyana qarşı cinayət işlərinin qaldırılması, ittihamların səsləndirilməsi Qərbin, daha konkret olsaq, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, Moskvanı Cənubi Qafqazdakı forpostundan məhrum etmək niyyətində olan ABŞ-ın tələbi idisə, Rusiya bu olaylardan həddən ziyadə narazı qalıb.

Adı çəkilən şəxslərin hamısına, habelə istintaq təhlükəsi ilə üzləşmiş sabiq prezident Serj Sarqsyana Rusiya birbaşa, aşkar və ya dolayı yolla yardımlar edib, indi də etməkdədir.

Bu səbəbdən də Nikol Paşinyanın 1 mart olayları ilə bağlı araşdırmalardan və tutduğu mövqedən zərrə qədər geri çəkilməsi onun daxili siyasət arenasında zəifləməsinə, tərəfdarları arasında narazılıqların güclənməsinə səbəb ola bilər.

Paşinyanın Kremldəki "Rusiya və Ermənistan bir-birlərinə sayğı ilə yanaşmalı, bir-birlərinin daxili işlərinə qarışmamalıdır" açıqlaması da məhz Ermənisitanın daxili siyasətinə ünvanlanmış açıqlamadır.

İstənilən halda Nikol Paşinyan Qərbdən gözlədiyi dəstəyi ala bilmədiyi üçün xarici və daxili siyasətində Rusiyanın maraqlarını, Moskvanın prioritet saydığı məsələləri nəzərə almaq məcburiyyətindədir.

Paşinyan danışıqları dəfn etmək istəyir?

Rusiya prezidenti ilə görüşdən və danışıqlardan sonra Nikol Paşinyan "Kommersant" qəzetinə verdiyi müsahibəsində absurd, hətta idiotizm həddindəki bəyanatlarla çıxış edib.

Onun söhlərinə görə, Ermənistanın baş naziri olduğundan Dağlıq Qarabağdakı ermənilərin adından danışa bilməz: "Dağlıq Qarabağın sakinləri Ermənistanda hakimiyyətin formalaşması prolseslərində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökuməti, öz prezidenti var. Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlarda qarabağlı ermənilərin səlahiyyətli nümayəndəsi, mandatlı şəxsi olmalıdır. Bu, danışıqlardan imtina etməyimiz anlamına gəlmir. Danışıqlara istənilən an hazırıq. Lakin Dağlıq Qarabağı qarabağlı ermənilərin nümayəndəsi təmsil etməlidir".

Dağlıq Qarabağ ətrafında yerləşən, erməni işğalında olan 7 rayona gəldikdə isə, Paşinyanın sözlərinə görə, "Dağlıq Qarabağ Konstitusiyasına görə bu rayonlar Dağlıq Qarabağın əraziləridir".

Bununla da kifayətlənməyən N.Paşinyan Dağlıq Qarabağın "nə zamansa Ermənistana birləşə biləcəyini" də istisna etməyib.

Belə açıqlamalar marazm və idiotizm olmaqla yanaşı, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların Ermənistan tərəfdən faktiki "dəfn" edilməsi də sayıla bilər.

Oğlunu Dağlıq Qarabağa hərbi xidmətə yollayan Paşinyan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin işğaldakı ərazilərdə yerləşdiyini aşkar etiraf edib.

Bəhs olunan səbəblərdən Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarını hətta Ermənistanı öz quberniyası, Cənubi Qafqazdakı forpostu sayan Moskvada da qıcıqla, narazılıqla qarşılayıblar.

Moskva Paşinyana inanmır

Rusiya-Ermənistan münasibətlərindəki problemləri, Nikol Paşinyanın bəyanatları ilə əməlləri arasındakı kəskin fərqlərlə ziddiyyətləri təhlil edən Moskva Ermənistanın baş nazirinə əsla inanmır.

Bu səbəbdən Putin ona, sadəcə, müəyyən vaxt verib. Həmin vaxt ərzində Moskva Paşinyanı diqqətlə izləyəcək, müşahidə edəcək.

Paşinyan iqtidarının aşkar Qərbpərəst olduğunu, ABŞ-ın sıx kontrolunda davrandığını anlayan Moskva da Ermənistan rəhbərliyində Rusiya ilə bağlı olan adamların yer almasına çalışır.

Ermənistan iqtidarında bu gün belə adamlar olmadığından Moskva erməni müxalifətində zəifləmiş mövqelərinin gücləndirilməsinə, itirdiyi təsir rıçaqlarının bərpasına yönəlmiş siyasət yürütməyə başlayıb.

Nikol Paşiyanın əsas siyasi opponentləri olan Robert Köçəryanla Serj Sarqsyan dəstək aldıqlan sonra parlamentdəki institusional təmsil imkanlarını genişləndirməyə can atacaqlar.

Eyni zamanda Moskva İrəvanda Paşinyan hökumətinin fəaliyyəti üçün yeni çərçivələr yaratmağa başlayacaq.

Həmin çərçivələr Paşinyan üçün yeni məhdudiyyətlər və qadağalar deməkdir.

O, şimaldakı "hami"nin xəbərdarlıqlarını qulaqardına vurarsa, Rusiyanın cavabı sərt və acımasız olacaq.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.