Siyasət

Qarabağı ermənilərin vətəni kimi qələmə verən "Euroasianet.org"dan Azərbaycana rədd cavabı

8 Avqust 2018 13:53
6 Şərh     Baxış: 1 639

"Euroasianet.org" portalında 6 avqust 2018-ci il tarixində jurnalist Joşua Küçeranın müəllifi olduğu "Ermənilər üçün buralar işğal olunan ərazilər deyil, vətəndir" adlı məqalə dərc edilib. Milli.Az xəbər verir ki, sözügedən məqalə ilə əlaqədar Azərbaycan Respublikası Xairici İşlər NAzirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Euroasianet.org" portalının redaktoruna mətbuat azadlığı və qarşı tərəfin də mövqeyinə hörmət prinsiplərini əsas tutaraq, cavab yazısı göndərsə də, redaksiya tərəfindən bunu dərc etməkdən imtina edilib.

Milli.Az XİN-nin Mətbuat xidmətinin rəhbərinin sözügedən məqalə və Kəlbəcərin işğalı ilə əlaqədar cavab yazısını Azərbaycan dilinə tərcüməsi ilə birlikdə təqdim edir:

"Mən sizə 6 avqust tarixində "Euroasianet.org" -un jurnalisti Coşua Kuçeranın müəllifi olduğu "Ermənilər üçün o işğal edilmiş deyil, vətəndir" adlı məqaləsi ilə əlaqədar yazıram. Məqalə Azərbaycanın Kəlbəcər rayonunun işğalından bəhs etsə də, orada yalnız bir tərəfin fikirləri əks olunub və Kəlbəcərin işğalının real mənzərini təqdim etmir.

Başqasının əmlakını zor yolu ilə oğurlamaq və sonradan onu özününkü adlandırmaq soyğunçuluqdur. Bunun başqa adı yoxdur. Bu kimi soyğunçuluq əməlinə bəraət qazandırmaq isə utancverici və ifrat qeyri-mənəvi addımdır.

Azərbaycanın Kəlbəcər rayonu Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tərkib hissəsi olaraq 1993-cü ilin aprelində işğal edilib. Bu il Kəlbəcərin faciəvi işğalının 25 illiyidir. Kəlbəcər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşir. Kəlbəcərin işğalı məqsədilə hücum əməliyyatı ağır silahlar, Mi-24 helikopterləri və döyüş təyyarələri istifadə edilməklə əsasən Ermənistan ərazisindən həyata keçirilib.  İşğal nəticəsində Kəlbəcərin 60.000 nəfərdən artıq sakini etnik təmizləməyə məruz qalıb. Kəlbəcərin işğalı nəticə etibarilə Ermənistanın işğalçı tərəf kimi müharibədə öz rolunu inkar etməsinə əsaslı şəkildə son qoydu.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır.

BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edib və ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi.  BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizulu və Zəngilanı işğal etdi. Bunlar açıq şəkildə göstərir ki, Ermənistanın əsl xisləti güc vasitəsilə ərazilərin işğalı olub və bu şəkildə qalmaqda davam edir.

Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını və Əlavə Protokolları kobud şəkildə pozaraq, işğal edilmiş Kəlbəcər və digər ərazilərin demoqrafik və etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək üçün erməni əsilli şəxsləri bu torpaqlarda yerləşdirməyə çalışır.  Ermənistanın həmçinin, şübhəli ofşor şirkətləri cəlb edərək aqressiv formada Kəlbəcərin mineral, o cümlədən qızıl resurslarını talan edir. Bu qəbildən olan qeyri-qanuni əməllər Cenevrə Konvensiyaları və Əlavə Protokollara görə hərbi cinayətlər hesab olunur.

Arxeologiya və etnoqrafiya elminin ən adi qaydalarına zidd olaraq, əldəqayırma erməni tarixçilər tarixi, o cümlədən Kəlbəcərdə yerləşən Qafqaz Albaniyasının xristian irsini saxtalaşdıraraq Kəlbəcəri erməni torpağı kimi təqdim etməyə çalışırlar. İstehza doğuran hal odur ki, bəzi fərdi hallar istisna olmaqla, ermənilər heç vaxt icma kimi Kəlbəcərdə yaşamayıblar. Ermənistan və erməni diaspora dairələrinin bütün ciddi cəhdlərinə baxmayaraq, Kəlbəcər şəhərində yalnız bir neçə yüz adam yaşayır və ya yaşamağa səy göstərir. Səbəb çox sadədir. Çünki Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyildir.

Məqalədə iqtibas olunan və 2000-ci ildə Kəlbəcərə gələn Aleksandr Kananyandan fərqli olaraq soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə anadan olub və 2014-cü ildə ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Hal-hazırda 70.000 nəfərdən artıq saylı olan Kəlbəcər sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayırlar. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş 16 yaşlı Turanə Həsənlinin ailəsi kimi minlərlə kəlbəcərli doğma Kəlbəcərə qayıtmağı və öz əmlaklarına sahib durmaq anını gözləyir.  

Məqalədə iqtibas olunan və qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Yelena Mxtaryanın isə bütün müsəlmanları təhqir edən və müsəlman qadınlarını terroçu kimi təqdim edən açıqlaması qəbuledilməzdir və rasist bir yanaşmadır. Ermənistan-Azərbaycan münaqişəsində dini elementlər yoxdur. Azərbaycan zəngin multikulturalizm ənənələrinə malik dünyəvi və inklusiv ölkədir. Bu sırf ərazi münaqişəsidir. Ermənistan güc yolu ilə Azərbaycan ərazilərini işğal edib. Bütün siyasi, hüquqi və mənəvi arqumentlərdən məhrum olan Ermənistan tərəfi indi din amilini ortaya ataraq bu yolla öz işğalçı siyasətinə bəzi qərb dairələrinə bəraət qazandırmaq istəyir. Yelena Mxtaryana xatırlatmaq istərdim ki, Kəlbəcərdə olduğu kimi, başqasının torpağını işğal etmək, mülki insanları etnik təmizləməyə məruz qoymaq və əmlakını talamaq əsl terrordur. 

Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Ermənistanın sabiq prezidenti Serj Sarqisyan rejimi bu reallığı anlamadı. Ermənistanın yeni hakimiyyəti nəhayət başa düşməlidir ki, münaqişənin davamlı və uzunmüddətli siyasi həllinə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bunu etməklə Ermənistanın yeni hakimiyyəti yalnız sözdə deyil, əməldə sülhə və Ermənistanın beynəlxalq öhdəliklərinə sadiq olduğunu sübut etmək imkanı qazana bilər. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Hər bir dövlət kimi, Azərbaycan Respublikası da beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün BMT nizamnaməsində təsbit olunmuş ayrılmaz özünü müdafiə hüququndan istifadə etmək haqqını özündə saxlayır".

Yusif Nəsirli
Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ibrehim · 8 Avqust 14:1741

    He zamana kimi gozleme movqeyinde duracagiq, bele teessurat yaranir ki, torpaqlarimizi kiminse dinc yolla qaytaracana umid edirik,bu mumkundurmu?....

    Cavab yaz
  • Anonim
    Roya · 8 Avqust 14:2441

    Normal agilli-basili,suru,vicdani olan insana verile bilecek gozel cavabdi.di gel ki,onlarda vicdan,insanliq ne gezir ki,bunu anlasinlar.

    Cavab yaz
  • Anonim
    asi · 8 Avqust 14:4223

    Yazanda bilirdim ki, verməyəcəksiz.Şansımı sınadım hər ehtimala qarşı..Heç olmasa Tərişnən Musadan yeni xəbər verin, orada şərhlər yaxşı verilir)..

    Cavab yaz
    • Anonim
      Asiyə · 8 Avqust 15:4014

      Ay ateist vəhabi söhbət nədən gedor sən nə deyirsən.səni qınamıram təkimçılərin yenə səni nəzarətsiz qoyjb.

      Cavab yaz
      • Anonim
        asi · 8 Avqust 15:5831

        Ateist və vəhabi sənin böyüklərindi...Mənim şərhlərim sənin kimi başı ilə deyil, başqa yeri ilə düşünənlər üçün nəzərdə tutulmayıb..Dayaz beynini mənim anlaşılması çətin şərhlərimə yorma..

        Cavab yaz
  • Anonim
    ,, · 8 Avqust 18:1341

    Bu artıq açıq aşkar həmin portalın Azərbaycana qarşı qeyri obyektiv, terrorçu, işğalçı və nasistlərin tərəfini tutan bir addımdır. Bunların "izahatlarında" standard işğalçı ifadələri yer tutur və bu beynəlxalq aləmdə qəbul olunan qaydaları və principləri kobud şəkildə pozur, hətta jurnalistin öz (mövzunu oxuculara dəqiq çatdırmaq üçün obyektiv olması və məqalədə mütləq yerləşdirilməsi vacib olan) rəyi də işğalçıların rəyi ilə üst üstə düşür! Bizim Rəsmilərimizin düzgün cavabını məqalədə yerləşdirmək belə istəmədilər! Onlar açıq olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımır, beynəlxalq qanunları pozur və dövlətlər arası münasibətləri gərginləşdirirlər, işğalı dəstəkləyirlər, bununla hətta öz ölkələrin qanunları pozurlar! Buna gorə ABŞ hökümətinə nota verilməlidir, bu məqalə araşdırılmalıdır, dövlətlər arası səviyyəsində qiymət verilməlidir, günahkarlar cəzalandırılmalıdır! Portal qəbul olunan norma və qaydalara uyqun işləməsə dərhal bağlanmalıdır! Təxmini belə bütün məlum erməni qurumları cavab verməlidır!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.