Siyasət

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar aça bilər"

19 İyul 2018 00:25
Baxış: 1 539

Cənub Qaz Dəhlizi energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar aça bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Xanımlar və cənablar. Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz, cənab Prezident. Məni və Mehriban Əliyevanı İtaliyanın yüksək ordenləri ilə təltif etdiyinizə görə minnətdarlığımı bildirirəm. Mən bunu Azərbaycan-İtaliya münasibətlərinin inkişafı istiqamətində fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirirəm".

İlham Əliyev bildirib ki, ikitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib: "Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Mən İtaliyaya etdiyim səfərləri və Sizinlə görüşümüzü məmnunluqla xatırlayıram. 2014-cü ildə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır".

Prezident iqtisadi sahədə əməkdaşlığı xüsusilə qeyd edib: "İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artmışdır. Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir".

Dövlət başçısı vurğulayıb ki, ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələr mövcuddur: "Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur.

Mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir".

İlham Əliyev deyib ki, Azərbaycan "Milan Ekspo"da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir:

"Sabah Heydər Əliyev Mərkəzinin İtaliyanın Ufisi Qalereyası ilə birgə təşkil etdiyi sərginin açılışı nəzərdə tutulur. Bu sərgidə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətainin və Şah Təhmasibin Ufisi Qalereyasında saxlanılan portretləri nümayiş etdiriləcək. Mən bu münasibətlə İtaliya tərəfinə öz minnətdarlığımı bildirmək istəyirəm".

Prezident bildirib ki, bu gün Azərbaycan regional əməkdaşlığın və təhlükəsizliyin təmin olunması işində fəal rol oynayır: "Lakin Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır ki, davam edən təcavüzü bölgədə sülhün təmin olunması işinə böyük əngəllər törədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi bu təcavüzün nəticəsində işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bu günə kimi bunların heç birinə məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Dövlətimizin başçısı söyləyib ki, bir neçə gün əvvəl Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik öz əksini tapıb: "Bu yaxınlarda NATO-nun Brüsseldə keçirilmiş zirvə toplantısının yekununda qəbul edilmiş Bəyannamədə müttəfiq dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə bir daha dəstək ifadə etmişlər. Biz ümid edirik ki, ATƏT-in fəaliyyətdə olan sədri İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.