Siyasət

"Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır"

13 İyul 2018 20:00
Baxış: 755

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri kifayət qədər uğurlu oldu. Bu səfər Azərbaycan-NATO münasibətlərinin bu gününə və perspektivlərinə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi və Azərbaycanın bu prosesə töhfəsinin qiyməti baxımından səfər böyük məna və əhəmiyyət kəsb edir.

Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin bu səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə apardığı danışıqlar və bu danışıqların nəticəsi olaraq "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması, sözün həqiqi mənasında, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər. Çünki bu sənəddə ilk dəfə ikitərəfli formatda belə bir bənd öz yerini tapıb ki, münaqişələrin həll edilməsi prosesində dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsas götürülür. Bu, əslində o deməkdir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlülüyü prinsipi çərçivəsində həllini dəstəkləyir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, ikinci mühüm diplomatik uğurumuz NATO-nun yekun sənədində öz əksini tapıb. Həmin sənəddə belə bir bənd yer alıb ki, münaqişələr beynəlxalq hüququn ərazi bütövlülüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır. Bu da bizim çox mühüm diplomatik qələbəmizdir. Məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan səfər öncəsi bildirib ki, əgər yekun sənəddə Ermənistanın milli maraqlarına uyğun gəlməyən bəndlər öz əksini taparsa, o səfərini təxirə sala bilər. Hər kəs bilir ki, bu kimi mühüm sənədlər ən azı bir həftə öncə qarşı tərəfə göndərilir. Paşinyan Brüsselə gedərkən çox gözəl bilirdi ki, o sənəddə məhz belə bir bənd öz əksini tapıb. Amma buna baxmayaraq o, getməyə məcbur oldu. Heç bir müqavimət göstərmək iqtidarında da deyildi. Eyni zamanda, Paşinyan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişaf etdirilməsi xəttinə sadiq qalacağını hər zaman bəyan edib. O, güman edirdi ki, bu reallıq fonunda yəqin ki, Azərbaycan ilə Aİ arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin imzalanmasına mane ola bilər. Amma bu arzu onun ürəyində qaldı və həmin sənəd imzalandı. Hər iki mühüm sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı məsələsi öz əksini tapıb. İki mühüm sənəd ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri danışıqlara getdi. Qarşı tərəfin isə heç bir arqumenti yox idi. Qarşı tərəf artıq məğlub statusunda Azərbaycanın xarici işlər naziri ilə görüş keçirdi. Bütün bunlar onun sayəsində baş verdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərlə, beynəlxalq təşkilatlarla, o cümlədən NATO, Aİ ilə münasibətlərə bərabər tərəfdaşlıq münasibətləri kimi baxır, bərabərhüquqlu prinsiplərdən çıxış edərək münasibətləri qoruyur, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında münasibətləri qurur və eyni zamanda, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə hər zaman üstünlük verir. Azərbaycan Prezidentinin siyasəti müstəqil siyasətdir. Bunu həm NATO, həm də Aİ çox gözəl bilir. Onlar həm də görürlər ki, Azərbaycan Prezidenti təkcə mövqe bildirmir, təkcə söz söyləmir, eyni zamanda, konkret əməli və addımları ilə işlər görür.

Prezident İlham Əliyev Sammitdəki çıxışında qeyd etdi ki, Azərbaycan bütün fundamental məsələlərlə bağlı beynəlxalq kürsüdən öz səsini ucaldır, ədalətin və qanunun aliliyinin təmin edilməsi ilə bağlı işini görür və bu ideyaları müdafiə edir. Məsələyə bu məntiqlə yanaşdıqda, həqiqətən də İlham Əliyevin bu mövqeyi dünyada qəbul edilib, dəstəklənib. Azərbaycan Prezidentinin şəxsi nüfuzu, intellekti, təşkilatçılıq qabiliyyəti, erudisiyası həm NATO, həm də Aİ rəhbərliyinə məlumdur.

Elman Nəsirov, həmçinin bildirib ki, Paşinyan məğlub statusundadır. O, imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətindədir. Paşinyan Aİ ilə Azərbaycan arasında imzalanmış yeni sənədə qarşı heç bir müqavimət göstərmək iqtidarında deyil. O, bir arzu ilə yaşayırdı ki, heç olmasa ölkəsində keçiriləcək parlament seçkilərində Aİ-dən maliyyə dəstəyi ala bilsin. Görün dövlət hansı səviyyədədirsə, kiçik bir ölkədə parlament seçkilərinin keçirilməsinə belə vəsaiti yoxdur. Bu təkliflərlə və xahişlərlə o, Avropa liderləri qarşısında çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə qlobal sülh və təhlükəsizlik problemlərinin həlli, Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesində iştirakının daha da genişləndirilməsi kimi fundamental məsələləri qoyur və eyni zamanda, konkret addımlar atır. Buna görə də Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş statusuna malikdir, beynəlxalq sülhün, təhlükəsizliyin təmin edilməsinə çox böyük töhfələr verir. Bunu bütün dünyada görürlər və yüksək qiymətləndirirlər. Brüsseldə həmin sənədlərin imzalanmasında bu amillər mühüm rol oynayıb.

İndiyə qədər imzalanmış müvafiq sənədlərdə bu cür aydın şəkildə ərazi bütövlülüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl olunması məsələsinə rast gəlinməyib. Bir çox hallarda ona şahid olmuşuq ki, bir tərəfdən ərazi bütövlüyündən, bir tərəfdən güc tətbiq etməmə və güclə hədələməmə prinsiplərindən bəhs olunurdu, bir tərəfdən isə xalqların öz müqəddəratlarını təyinetmə prinsiplərindən söhbət gedirdi. Üç müxtəlif prinsipi təqdim edib, süni şəkildə bir qarışıqlıq yaradılırdı, sonda isə heç bir nəticə əldə olunmurdu. Bu dəfə isə heç bir halda Ermənistanın əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipindən bir kəlimə belə olsa söz getmədi. Yalnız və yalnız ərazi bütövlüyü, beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi öz əksini tapdı. Bu, Prezidentimizin müəyyən etdiyi Azərbaycanın xarici siyasətin növbəti mühüm uğuru kimi dəyərləndirilməlidir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.