Siyasət

Təxribatçı blogerə Ermənistanda sığınacaq təklif olundu - FOTO

12 İyul 2018 15:28
2 Şərh     Baxış: 3 404

Öz sözlərinə inansaq, Azərbaycana səfəri zamanı "üzə çıxardığı" erməni kökləri olan belaruslu bloger Vlad Maqaya hədələr ünvanlanmağa başlayıb. Hər halda, YouTube-dakı videomüraciətində o belə deyir.

Milli.Az virtualaz-a istinadən xatırladır ki, bir neçə gün öncə Vlad Maqa Azərbaycana səfəri barədə süjet yayımlayıb. Onun videohesabatını digər bloger - işğal altında olan Qarabağa səfər etmiş Aleksandr Lapşin yayıb. Sonradan elə həmin Lapşinin mətnindən aydın oldu ki, Vlad Maqa "DQR"də də olub.

İndi Vlad Maqa hədələrdən şikayətlənir. Bu aşkar piardır. Öz hərəkətlərini tam qanunamüvafiq adlandıran bloger deyir ki, statusu müəyyənləşdirilməmiş regionda olub. Söhbət Qarabağdan gedir.

"Səfərimin məqsədi turizm idi, mən bura sülhlə gəlmişəm və insanları olduqları kimi göstərməyə çalışmışam. Amma nəyə görəsə çoxları yaxşı heç nə görmədilər, ancaq mənfilikləri üzə vurdular, halbuki mənə gecələməyə yer vermiş, yedirmiş, evlərinə aparmış insanları çəkmişəm", - Maqa deyir.

Videoçarxın hansısa ölkə tərəfindən ödənilmiş, təxribat xarakterli olması ilə bağlı iradlara isə belə cavab verir ki, o, yalnız öz kanalına işləyir (bu, Vlad Maqanın videosunu geniş təbliğ edən Ermənistan KİV-lərindən sitatdır).

Bloger daha sonra deyir: "Səfərim zamanı Azərbaycanda olduğu qədər aqressiya ilə heç bir yerdə üzləşməmişəm".

Bu aqressiya harda olub? Təkrar edək ki, Azərbaycanda blogerə gecələməyə yer verilib, onu yedirib içiriblər.

"Hesab edirəm ki, siyasətlə heç vaxt bağlı olmamış və olmayan insanın siyasi cəhətdən izlənilməsi düzgün deyil. Siyasətçilərin özlərinin belə statusu barədə razılığa gələ bilmədikləri regiona səfərə görə izlənmə düzgün və qanuni deyil (Vlad Maqanın müraciətindən sitat). Sənədlər qaydasında olduğu halda Azərbaycana səfər etmək qanunidir, amma "DQR"ə səfər etmək qanunsuzdur".

"Münaqişəyə efir vaxtının cəmi 20 saniyəsini ayırmışam, tarixi fakt göstərmişəm və bundan sonra internetdə olan tarixi filmlə onu təsbit etmişəm", - bloger deyir və unudur ki, videoçarxda öz erməni köklərini addımbaşı xatırladır. Lap zimbabveli olsun, bunu təkrarlamağa nə ehtiyac var?!

Aydın olur ki, hər şey daha sadədir. Ermənistanın İctimai radiosuna müsahibəsində Vlad Maqa qeyd edib ki, "öz ünvanına aqressiv münasibəti bununla izah edir ki, o, "erməniliyi" qəbul edib".

Və budur, sosial şəbəkə istifadəçiləri blogerin qeydinin altında yazırlar: "Vlad, Belarusa getmə! Sizin satqın siyasətçilər səni tutacaqlar..." (AntiAzer nikli istifadəçi). Daha sonra həmin istifadəçi yazır: "Bizə, Ermənistana gəl daimi yaşamağa!"

Görünür, elə həmin Ermənistandan olan digər istifadəçilər Azərbaycanı təhqir edirlər və Vlad Maqa buna etiraz etmir.

Vlad Maqa, Azərbaycana səyahət etməklə siz heç bir qanunu pozmamısınız. İranla həmsərhəd zonada sizdən sənədlərin tələb edilməsinə gəlincə, bu aydındır. Fəqət sonradan "DQR"ə Azərbaycan XİN-in razılığı olmadan səfər etməyiniz qanun pozuntusudur. Sizin Qarabağa getməyinizi Aleksandr Lapşinin özü xəbər verib. Heç özünüz də bunu gizlətmirsiniz.

Qanun hamı üçün eynidir və "mən sülh tərəfdarıyam", "dostluq tərəfdarıyam" kimi şüarların arxasında gizlənmək lazım deyil. Təxribatçı videonu yayımlayaraq, siz bir neçə gün əvvəl hansı sülh və dostluğun tərəfdarı olduğunuzu göstərdiniz.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.