Siyasət

Yalanı gülləyə çevirənlər bizi vurmaq istəyirlər

12 İyul 2018 13:54
Baxış: 1 849

Ölkəmiz indi iki düşmənlə üz-üzədir. Düşmənlərdən biri bəlli - Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan, Dağlıq Qarabağda hərbi xunta vasitəsilə "millətin öz müqəddəratını həll etmək hüququ" kimi absurd iddialarla çıxış edən və terrorla şovinizmi, ifrat millətçiliklə xəstə millətçiliyi dövlət siyasətinə çevirmiş Ermənistan.

İkinci düşmən isə bu yaxınlarda formalaşıb və o, bizə qarşı ən son texnologiyalardan, müasir metodlardan istifadə edərək mübarizəyə başlayıb.

Azərbaycan ingilislərin "hybrid warfare" dedikləri hibrid savaşla qarşılaşıb.

Klassik müharibələrdən və silahlı qarşıdurmalardan fərqli olaraq hibrid savaş zamanı hədəf seçilmiş dövlətin ərazisinə hərbi müdaxilə olmur.

Oyun qaydaları fərqlidir. Hədəf ölkə gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar, sosial şəbəkələrdə marionetkalar vasitəsilə hücuma məruz qalır. Eyni zamanda, ölkə daxilindəki potensialsız, zəif, normal şərtlərlə və konstitusion çərçivədə hakimiyyətə gəlişi xülya olan radikal müxalifətə genişmiqyaslı, müxtəlif formalı, amma gizli dəstək verilir.

Hibrid savaş zamanı hücum edən tərəf münaqişəyə bilavasitə cəlb olunduğunu istənilən an təkzib edə bilmək üçün fəaliyyətinin, əməllərinin strateji idarəetməsini kənardan gerçəkləşdirir.

Belə savaşın ən bariz nümunəsi SSRİ-nin Əfqanıstana yeritdiyi qoşunlara qarşı ABŞ-ın Pakistanda "Taliban" hərəkatı yaratması və sonra da mücahidləri Əfqanıstana yeritməsi idi.

Məhz bu səbəbdən də ötən ilin ortalarında ölkəmizə və millətimizə qarşı virtual savaşa başlamış Orduxan Bəbirov, Elşad Abdullayev, Hüseyn Abdullayev, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev və bu kimi  "siyasi mühacir+bloqer"lərə indi digər qüvvələr, bu primitiv düşüncəli və bəsit davranışlılardan fərqli olaraq, çox məkrli davranan, əvvəlxədən hazırlanmış ssenari üzrə davranırlar.

Onlar Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddən sonra daha da fəallaşıblar.

Terrorçu Yunis Səfərovu az qala "millət qəhrəmanı"", "xalq qisasçısı", "ölkənin nicatı" kimi təqdim edən şəxslər və virtual resurslar Azərbaycana qarşı fasiləsiz yalan, kin, küdurət və düşmənçilik mexanizminə çevriliblər.

Onlar xalqı küçələrə, meydanlara çağırır, "virtual inqilab"ın artıq başlandığını bəyan edirlər.

Halonki heç bir virtual inqilab olmayıb, yoxdur. Azərbaycana qarşı da "inqilab" hədələri, təhdidləri bəsit təsir bağışlayır.

Amma ilk baxışdan belədir: əslində böhtan, söyüş, yalan və təhqir ritorikasını seçənlər ölkəmizə yönəlmiş çox məkrli siyasətin vintləridir, tapşırılan rolları da kimisi bilərəkdən, kimisi də bilməyərəkdən həvəslə ifa edir.

Üç səbəb var:

1. Azərbaycan müstəqil dövlətdir

2. Azərbaycan müstəqil müsəlman dövlətidir

3. Azərbaycan postsovet məkanındakı dövlətlərin tam əksəriyyətindən fərqli olaraq, xarici siyasətini HEÇ BİR ölkə ilə razılaşdırmır, KİMSƏdən göstərişlər və əmrlər almır.

Azərbaycan ərazi baxımından kiçik olsa da, regional siyasətlə yanaşı, qlobal siyasətdə öz sözünü demiş, deyən və deyəcək ölkədir.

Azərbaycanı isə ölkəmizə qarşı hibrid savaş aparan güclər, ölkələr və qüvvələr öz anlamlarındakı "sıradan bir müsəlman ölkəsi"nə çevirmək istəyirlər.

O ölkə ki, hərbi çevrilişlər və qiyamlar sıralansın, hakimiyyət dəyişiklikləri mütləq hansısa "qiyamçı polkovnik" və ya "sosial şəbəkə qəhrəmanı"nın guya "vasitəsi" ilə reallaşsın, ərazisində xaos, yoxsulluq, səfillik bərqərar olsun. Ərazisi parçalansın, əyalətləri müxtəlif dəstələrin və bandaların nəzarətinə keçsin, təriqət və məzhəb savaşları alovlansın, mərkəzi hakimiyyətin sözü paytaxtın mərkəzi məhəllələrindən o yana keçməsin, əhalisi dərbədər və sərgədan olub müxtəlif məkanlara, ölkələrə səpələnsin.

Və o zaman, bax o dövrdə Qərbin "demokratik" qüvvələri zirehli maşınlarla, tanklarla, təyyarələrlə gedib o binəva ölkəni "demokratikləşdirməyə" başlasınlar: evləri adamların başlarına uçuraraq, xəstəxanaları bombalayaraq, bandaları və dəstələri silahlandırıb bir-birinin üstünə qısqırdaraq, ən nəhayət ölkəni faktiki olaraq parçalayaraq.

Ölkəmizə qarşı hibrid savaş aparanların xəyallarında Azərbaycan belədir.

Amma o xəyalların üstünü toz basıb artıq.

Qərb Yaxın Şərqdə və Afrikanın şimalındakı müsəlman ölkələrini "Ərəb baharı" vasitəsilə viran qoyulması ilə sonuclandısa, hansı inqilabdan danışmaq olar?

Əgər "Ərəb baharı" yaşanan ölkələr indi onillərlə geri düşübsə, iqtisadiyyatı çökübsə, ölkə ayrı-ayrı "cihadçı", əslində terrorçu birləşmələrin və Qərbin ofisiantları rolunu yerinə yetirən nakəslərin əlində qalıbsa, ərəblər inqilab etmədilər - dəvələrini öldürdülər.

Qumdan gələn zülmət "Nur"

İranın Qum şəhərində yaradılan, daha doğrusu, yaradıldığı barədə bəyanatı yayılan təşkilatın "nurçuluq"la heç bir əlaqəsi yoxdu. Tam əksinə, bu qurum "nurçuluq" sektasını "masonların, səlibçilərin, imperialistlərin və İsrailin nökərlərinin dəstəsi" adlandırmış bir şəxsin "fərdi təşəbbüsü" kimi qələmə verilirdi.

Həmin şəxs İsgəndər Hüseynəli oğlu Hüseynov idi.

Cəlilabad rayonunda anadan olmuş 51 yaşlı bu şəxs 21 il əvvəl, 1996-cı ildə ailəsi ilə birlikdə İrana qaçmış, Qum şəhərində məskunlaşmışdı.

İrana yollanandan sonra soyadını dəyişərək "Hüseynzadə" etmiş İsgəndər Hüseynov 2008-ci ildə İ.Hüseynov barəsində "terrorçuluq" və "dövlətə xəyanət" maddələri ilə cinayət işi açılıb, elə həmin il də Azərbaycan DİN-nin müraciəti ilə MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

İranın Qum şəhərində "Haqq yolu" adlı "elmi-mədəni müəssisə"nin direktoru olan İsgəndər Hüseynəli oğlu Hüseynov Gəncə olaylarından sonra daha da "aktivləşib".

Xatırladaq ki, altı il öncə, 2012-ci ilin mart ayında Azərbaycanda həbs olunan radikal dindarlarla, daha doğrusu, dinlə pərdələnən ekstremistlərlə bağlı "dəstək yığıncağı" təşkil edən İ.Hüseynzadə demişdi: "Azərbaycanda dini müqavimət hərəkatı son bir ildə formalaşsa da sürətlə genişlənməkdədir. Vəd edirəm ki, daha da fəal olacağıq".

Elə həmin ilin martın 11-də İranın İSNA xəbər agentliyinin "Şərqi Azərbaycan ostanındakı ofisi"ndə çıxış edən İ.Hüseynzadə söyləyib: "Azərbaycanda hicaba qadağa qoyulur, dindarlar sıxışdırılır, İsraillə sıx əlaqələr qurulur. Buna qarşı mübarizə aparırıq və aparacağıq".

"Nur Mədəniyyət Mərkəzi" və ya "Nur Nəşriyyat Evi" kimi tanınan struktura rəhbərlik edən İ.Hüseynov-Hüseynzadə hazırda 2 əməkdaşı ilə birlikdə çox fəal şəkildə, cani-dildən, özü demişkən, "siqlətlə" AXCP sədri Əli Kərimlini və "Milli Şura"nın sədri Cəmil Həsənlini dəstəkləyir.

O, sosial şəbəkələrdəki profillərində son 8 ay ərzində sürəkli olaraq "Azərbaycandakı təqvalı qardaş və bacıları" mitinqlərə, etiraz aksiyalarına səsləyir, ölkəmizdə dövlət çevrilişini arzuladığını, buna can atdığını vurğulayır.

Vətənə xəyanətdə suçlanan, din pərdəsi altında terrorçuluq və radikal ekstremizmlə məşğul olan bu şəxsin "Məhsul" stadionundakı hər mitinqdən sonra Əli Kərimlinin ünvanına məhdiyyələr yazması, son vaxtlar Avropa ölkələrində destruktivliklə məşğul olub fəallaşan və Azərbaycanda çevrilişə çağıran "siyasi mühacir-bloqerlər"i öz təbirincə desək, "tam dəstəkləməsi", habelə "Müsəlman Birliyi Hərəkatı" ilə Azərbaycan İslam Partiyasına "rəğbət" bəsləyənləri AXCP və "Milli Şura" liderlərinin "yanında olmağa" çağırması da təsadüf sayıla bilərmi?!

Hər halda bütün mitinqlərdə Fuad Qəhrəmanlı ilə Tale Bağırovun portretləri yanaşıdır...

"Aran"da "Qafqaz" arayıb Rusiyaya üz tutanlar

"Əhli-Beyt xəbər agentliyi ABNA", "Qafqaz Mədəniyyət Mərkəzi", "Aran agentliyi", "Rast Haber" - bu saytların istisnasız olaraq hamısı İranın daxili siyasətində və xüsusilə də hakimiyyətində "mühafizəkarlar"dakı "mühafizəkarlar"ın göstərişləri ilə hərəkət edir.

İranda keçirilmiş son prezident seçkilərində indiki dövlət başçısı Həsən Ruhaninin rəqibi olmuş sabiq hakim İbrahim Rəisinin düşərgəsinə aid olduqlarını vurğulayan həmin şəxslər eyni zamanda ayətulla  Məhəmmədtağı Mesbah Yəzdini özləərinə mənəvi lider, Yəzdinin "sağ əli" kimi tanınan 549 yaşlı Məhəmməd Mehdi Mirbağırini "faktiki lider" sayırlar.

Üstəlik, həmin şəzxslər İranın ən nüfuzlu din xadimlərindən olmuş Seyid Munirin "Azərbaycan adlı dövlət yoxdur: sərhədlərimizdən şimalda Aran var" ifadəsini təkrarlamağı sevirlər.

İranda ölkəmizlə bağlı yaradılan və ölkəmizə qarşı yönəldilən informasiya resurslarının əksəriyyətinin adında "Aran" kəlməsinin olmasının səbəbi də budur.

Bəhs etdiyimiz və adlarını çəkmədiyimiz resursların maliyyə mənbələri arasında İranın nüvə problemi ilə bağlı yaratdığı danışıqlar qrupunun sabiq rəhbəri Səid Cəlalinin yaxın ətrafının da olduğu iddia edilir.

Sadalanan saytların yaydıqları informasiyalar, dərc etdikləri materiallar, yazılar və şərhlərin arasında Azərbaycandakı vəziyyəti obyektiv dəyərləndirən, gerçəklərə ayna tutan bir kontent də yoxdur.

Tam əksinə, müəlliflər sanki Azərbaycana hisə verilmiş şüşədən baxır, hər tərəfi qara görürlər.

Mingəçevir İES-dəki qəzadan sonra "Onsuz da zülmətin hökm sürdüyü, əhli-beyt aşiqlərinin məzlum və zəlil olduğu Azərbaycanda indi zülmətdir" ifadəsini işlədən "Rast Haber", "Azərbaycandakı qara güclər ölkəni qaraya boyayıb millətin gününü qara etdilər" naləsi çəkən ABNA və digər resurslar Gərcə hadisələrindən, Yunis Səfərovun terror aktından, iyulun 10-da yüksəkçinli polis zabitinin qətlə yetirilməsindən sonra isə çılğınlaşdılar.

Onların yaydıqları onlarla, yüzlərlə məlumatların bir ana xətti vardı: "Azərbaycanda xalqa divan tutulur, möminlərə işgəncə verilir, səsini çıxardanın dili kəsilir".

Bu yalan, hədyan və çirkab kampaniyası üçün Rusiyadakı "ru-clip.com" videoservisindən də geniş istifadə olunur.

Azərbaycanla bağlı dezinformasiyaların yeni mənbəyi məhz bu resurs olduğundan orada ölkəmiz istibdad məkanı kimi qələmə verilir.

Sadaladığımız resurslar Gəncədəki iğtişaş və terrorr hadisələrinə münasibətlərində fərqli mövqe ortaya qoymadılar. Onların fikrincə, hər şey pis, hətta çox pisdir və yeganə nicat yolu "xalqın ayağa qalxıb İslam inqilabı" etməsidir.

İran rəhbərliyindəki praqmat düşüncəli "islahatçılar" belə "inqilab ixracı" idefiksindən çoxdan əl çəkdiklərindən, İranın hakimiyyət dairələrinin də Azərbaycanla münasibətləri gərməkdə və soyuqlaşdırmaqda, Bakı ilə qarşıdurmaya getməkdə maraqlı olmadığını nəzərə alsaq, belə hədyan və yalan kampaniyasının arxasında yaxşı təşkilatlanmış "mühafizəkarlar"ın durduqları əyandır.

Həmin resurslara Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv etmək istəyən separatçı qüvvələr, xüsusilə də Hollandiyada sığınacaq tapmış Əlikram Hümmətov, Ermənistana sığınıb ermənilərin buyruq köpəyinə çevrilmiş Zabil Məhərrəmli (Zabil Mədoj), Rusiyanın paytaxtı Moskvadakı "Azərbaycan Milli Azlıqlar Konqresi", Fransadakı "Azərbaycan Xalqlarının İnqilabi Cəmiyyəti" və bu bu kimi strukturlarla adamların dəstək verdiklərini nəzərə alsaq, proseslərin Azərbaycan hakimiyyətinə yox, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı yönləndiyini, hər birimizin hədəfə alındığını anlaya bilərik.

Sözügedən resurslar Azərbaycandakı radikal dindarları da nəzarət altına almaq, onlar üçün ideoloji rəhbər olmağa çalışırlar. Hazırda həbsdə olan Taleh Bağırzadənin rəhbəri olduğu "Müsəlman Birliyi Hərəkatı"nın darmadağın edilsə də, hələ can verən orqanizmi "İslam və milli məfkurədə ümmətçilik" şüarı ilə təbliğat aparmağa çalışır.

Onlar, biz və "dövlət baba"

Gəncə hadisələrindəki ekstremistləri də "qəhrəman əhli-Beyt aşiqləri", "xalq mücahidləri" kimi qələmə verənlərin ritorikası məhz Azərbaycandakı radikal dindarların ələ alınmasına yönəlib.

Fəqət, bütün səylərə və cəhdlərə rəğmən, bəhs etdiymiz resursların Azərbaycanda ictimai rəyə təsir imkanları çox zəifdir.

Qanun və demokratiya immuniteti olan cəmiyyət belə ağ yalanları, kin qusanların böhtanlarını qəbul etmir və bu, hakimiyyətin təşviqatı, yaxud təbliğatının nəticəsi deyil.

Xalq kimin kim, nəyin də nə olduğunu anlayır.

Azərbaycanda Vətən adlandırdığımız ümumi evin daşı olmaq istəyən vətəndaşlarımız media, sosial şəbəkə istifadəçiləri bu resursların, çirkab kampaniyasının arxasında duranların simalarını gizlətdikləri maskalarını yırtmalıdır.

O maskaların arxasında nə üzlər yox ki.

"Dövlət baba"ya gəldikdə, qanunlar işləməli, özü də qanunsuzluğa çağıranlara qarşı çox sərt çalışmalıdır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.