Siyasət

Prezident İlham Əliyev: "Yeni zavodların işə düşməsi sənayenin inkişaf etdirilməsi sahəsində önəmli hadisə olacaq"

9 İyul 2018 23:30
Baxış: 1 306

Yeni zavodların işə düşməsi sənayenin inkişaf etdirilməsi sahəsində önəmli hadisə olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək: "Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaqdır".

İlham Əliyev qeyd edib ki, sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır: "Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq. İndi bir neçə şəhərdə parklar yaradılır. Təkliflər verilməlidir ki, gələn il biz bu siyasəti hansı şəhərlərdə davam etdirə bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.