Siyasət

Azərbaycan Prezidenti: "Müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin"

9 İyul 2018 22:47
Baxış: 1 176

Müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq. Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün, əlbəttə ki, islahatlar daha da dərinləşməlidir".

İlham Əliyev bildirib ki, son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini verib: "Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin".

Prezident deyib ki, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir: "Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza xarici sərmayə daha böyük həcmlə qoyulsun. Çünki bu sektora xarici sərmayənin lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir. Eyni zamanda, qanunvericilikdə də əlavə tədbirlər görülməlidir, baxmayaraq ki, bizim qanunvericiliyimiz xarici sərmayənin cəlb edilməsi üçün çox əlverişlidir. Əgər belə olmasaydı, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulmazdı. Ancaq müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.