Siyasət

ATƏT PA-nın illik sessiyası işinə başlayır

6 İyul 2018 09:04
Baxış: 1 072

Bu gün ATƏT Parlament Assambleyasının illik sessiyası işinə başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfdən Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlinə səfər edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.

Qurumun Daimi komitəsinin iclasında sessiyanın gündəliyi təsdiq olunacaq, xüsusi nümayəndələrin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, prosedur qaydalarına dəyişikliyin edilməsi barədə təkliflərə baxılacaq. Təşkilatın komitələrində hərbi-siyasi sahədə ATƏT-in öhdəlikləri, münaqişələrin həlli yolları, terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, münaqişələrin ətraf mühitə təsiri, rəqəmsal texnologiyaların inkişafı, fövqəladə hallarda insan haqları, qaçqın və miqrantların hüquqları və digər məsələlər müzakirə olunacaq.

Sessiyada "ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu" mövzusu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan tərəfinin "Nəqliyyat şəbəkələrinin inkişafı, o cümlədən Qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi" adlı qətnamə layihəsi təqdim ediləcək. Toplantıda, həmçinin, "Terrorizmin, ekstremizmin qarşısının alınması", "ATƏT regionunda müharibə və nifrətin təbliğinə qarşı mübarizə", "Gənclərin hərtərəfli inkişafı üçün imkanların yaradılması yolu ilə sülhün və təhlükəsizliyin təşviqi", "Gender zorakılığı ilə mübarizə", "ATƏT-in səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində öhdəliklərin təsdiq edilməsi" adlı qətnamələr və digər sənədlər qəbul ediləcək.

Nümayəndə heyətimizin üzvləri müzakirəyə təqdim olunacaq məsələlərlə bağlı çıxışlar edəcək, öz fikirlərini bölüşəcəklər.

Səfər iyulun 13-də başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.