Siyasət

"Ərdoğan Bakıda 2 məsələnin müzakirəsini diqqətdə saxlayacaq"

3 İyul 2018 15:40
Baxış: 2 630

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana əliboş gəlməyəcək. Ankaradakı diplomatik qaynaqlardan əldə etdiyim məlumata görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı Bakıda iki məsələni də diqqət mərkəzində saxlayacaq".

Milli.Az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, birincisi, Ərdoğan Qarabağ məsələsində Türkiyənin mümkün rolundan danışacaq: "Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun".

Ekspert qeyd edib ki, ikinci məsələ Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlıdır: "Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq Transxəzər boru xəttinin tikintisini sürətləndirmək istəyir ki, Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunsun. Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xəttinin perspektivi olacaq. Ankara bu məsələni də ləngitmək istəmir".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.