Siyasət

Ruhunu şeytana sataraq varlanmaq

3 İyun 2018 03:30
Baxış: 3 027

Və ya zamanın kəsdiyi hökmlə Əli Kərimlinin üzə çıxan oğurluğu 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Özlərini demokratik qüvvələr kimi cəmiyyətə sırıyanların yaratdığı Milli Şuranın xarici maraqlara xidmət etməsindən dəfələrlə yazmışıq. 2013-cü ilin prezident seçkiləri öncəsi Rusiyadakı "Milyarderlər İttifaqının" Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov Milli Şuraya sədr seçiləndə "xoruzun quyruğu" görünmüşdü. Dünənə qədər "ata-ana müxalifət lideri" adına iddia edənlər, partiya sədrliyini öz dədəsinə belə güzəştə getməyənlər, birdən birə siyasətə heç bir aidiyyəti olmayan kinorejissoru özlərinə vahid namizəd etmişdilər. Hikkəsi, iddiası yerə-göyə sığmayan AXCP sədri Əli Kərimlinin, eləcə də Müsavat başqanı İsa Qəmbərin geri çəkilərək Rüstəm İbrahimbəyovu özlərinə "lider" seçməsi, onun namizədliyini dəstəkləyərək prezident seçkilərinə getmələri səmimi təsir bağışlamırdı. Heç kim inanmırdı ki, öz mənfəətləri üçün tükü-tükdən seçməyi bacaran iki radikal müxalifət lideri ikili vətəndaşlığı olan birisinin namizəd qismində seçkidə iştirakına sadəlövhcəsinə ümid bəsləyir. Hər kəs bu işdə bir sirr olduğunu söyləyir, radikalların davranışının arxasında hansısa oyunların oynandığını ehtimal edirdi. Bir çox hallarda bu oyunların pul müqabilində oynandığını hamı dilə gətirirdi. Lakin dilindən "Vətən, millət, demokratiya, şəffaflıq, milli maraqlar" sözləri düşməyən Ə.Kərimli və komandası bütün bu ittihamları rədd edir, bunu özlərinə qarşı kampaniya kimi qələmə verirdilər. Guya hökumətin, iqtidarın dərdi elə Ə.Kərimlidir və ona görə də, barəsində belə rəy formalaşdırılır. 

Amma "zaman ən böyük hakimdir" deyiblər. Yenə də zaman öz hökmünü kəsdi və Ə.Kərimlinin növbəti yalanını, daha dəqiq desək, oğurluğunu, saxtakarlığını üzə çıxardı. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bir neçə gün bundan öncə yayılan məlumatda bildirildi ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zahidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb. Belə ki, AXC hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı olan, hazırda isə Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb. S.Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay pul toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesaba keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.

Beləliklə də AXCP sədri Ə.Kərimlinin Rusiyadan müxtəlif kanallar vasitəsilə maliyyələşməsi, bu şəxsin inhisarında olan Milli Şuranın da işarələri məhz Şimal qonşumuzdan alması tam çılpaqlığı ilə üzə çıxıb. Məşhur məsəldə deyildiyi kimi, pulu kim verirsə, sifarişi də o verir. "Yeni Musavat" qəzetinin yazdığına görə, Əli Kərimli bu faktların üzə çıxmasından böyük narahatlıq keçirib. Bununla yanaşı, AXCP sədrinin növbəti dəfə öz ətrafına pul "atması" da ifşa olunub. Qəzetin etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Ə.Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Məlum olub ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Lakin Ə.Kərimli bunun hesabatını saxta şəkildə verib. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə də yalan məlumat verərək bildirib ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Təsəvvür edirsinizmi, Ə.Kərimli bununla düz 30 dəfə saxtakarlıq edib. Ehtimal edilir ki, Ə.Kərimli öz partiya üzvlərini aldadaraq topladığı pulları gizli şəkildə Londonda yaşayan ailəsinə yönləndirib. Bu yolla Rusiyadan AXCP ünvanına göndərilən 412 min dollar - 700 min manat Ə.Kərimli tərəfindən mənimsənilib.

Bütün bu faktlar bir daha göstərir ki, AXCP sədri üçün Vətən, millət, xalq, milli-dövlətçilik maraqları tamamilə yad məfhumdur. Onun üçün başlıca məqsəd öz şəxsi maraqlarını təmin etmək, müxtəlif saxtakarlıqlarla, hətta şeytanla da əməkdaşlığa gedərək, külli miqdarda pul toplamaqdır. Ruhunu şeytana sataraq reallıq hissini, obyektivliyini çoxdan itirən Ə.Kərimli, məqsədinə çatmaq üçün öz partiya üzvlərini aldatmaqdan, onlara çatacaq vəsaiti oğurlamaqdan da çəkinməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.