Siyasət

GİSDİ-nin yekun hesabatı: "Azərbaycanda prezident seçkiləri azad və demokratik keçirilib, xalqın azad iradəsini ifadə edir"

29 May 2018 14:01
Baxış: 1 134

Mərkəzi ofisi Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən, seçki sahəsində ixtisaslaşmış və 28 illik təcrübəyə malik Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) Təşkilatı uzunmüddətli və qısamüddətli müşahidə missiyaları ilə 11 aprel 2018-ci il tarixli prezident seçkilərini müşahidə edib. GİSDİ 3 aprel 2018-ci il tarixində uzunmüddətli müşahidə missiyasının Azərbaycanda seçkiqabağı vəziyyətə dair geniş aralıq hesabatını dərc edib.

22 may 2018-ci il tarixində isə yekun hesabat (http://gisdi.eu/bg/GISDI_Final_Report_Azerbaijan_Early_Presidential_Elections_11_April_2018-p812) açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 17 bölmədən ibarət olan hesabatda 11 aprel seçkiləri incələnmiş və hərtərəfli qiymətləndirilmə aparılıb. GİSDİ 2 aylıq uzunmüddətli və 90 nəfərlik beynəlxalq müşahidəçi ilə 465 məntəqədə aparılan qısamüddətli müşahidəyə əsaslanaraq aşağıdakı qənaətə gəlib:

"GİSDİ-nin 11 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müşahidəsinin nəticələri göstərir ki, seçkilər azad və ədalətli demokratik seçki prinsiplərinə uyğun keçirilib, xalqın azad iradəsini ifadə edir, onların siyasi və vətəndaş hüquqlarını qoruyur.

Azərbaycan Respublikasının hüquqi seçki çərçivəsi azad və ədalətli seçkilər üçün beynəlxalq standartlara uyğundur və milli konteksti əks etdirir. Bu seçkilər Seçki Məcəlləsinin və digər tənzimləmələrin təcrübədə yüksək səmərəliliyini göstərib.

Seçki idarəetmə orqanları və seçki administrasiyası seçki prosesinin şəffaflıq səviyyəsini artırmaq, namizədlərin irəli sürülməsi və qeydə alınması üçün konkret və mümkün tələbləri müəyyənləşdirmək, seçiciləri səsvermə hüquqları barədə maarifləndirmək üçün çalışıblar. Onlar kampaniyanı milli seçki qanunvericiliyi və beynəlxalq demokratiya standartlarına tam uyğun şəkildə aparmağa müvəffəq olublar. Bütün namizədlər öz siyasi platformalarını ictimai şəkildə ifadə etmək imkanı ilə təmin edilib.

Seçki günündən 40 gün əvvəldən başlayaraq və seçki kampaniyası zamanı seçici siyahıları yenilənib. Siyahıların ümumi təminat və yenilənmə prosesi şəffaf və yaxşı təşkil olunub.

Azərbaycanda seçicilərin maarifləndirilməsi və seçici məlumatlılığına görə seçki administrasiyası məsuliyyət daşıyır. MSK seçicilərin savadını artırmaq, onların informativ seçim etmək və səs vermək kimi vətəndaş hüququndan yararlanmaları üçün müxtəlif layihələr həyata keçirib. Çoxsaylı QHT-lər də seçicilərin məlumatlılığını artırmaq və səsverməyə ruhlandırmaq məqsədilə sosial marketinq kampaniyaları təşkil edib və reallaşdırıb. Onların hədəf qrupları əsasən birinci dəfə səs verəcək gənc seçicilər və kənd yerlərindəki qadınlar olub.

Bu seçkidə 8 namizəd qeydə alınıb. MSK tərəfindən iki namizədin qeydiyyatından imtina edilib və digər beş nəfərin namizədliyi təsdiqləndikdən sonra prosesdən kənarlaşdırılıb. Namizədin irəli sürülməsi, təsdiqlənməsi və qeydə alınması proseduru və tələbləri qanunda tam və aydın şəkildə öz əksini tapıb. Hesab edirik ki, namizədlərin qeydiyyatı prosedurunda bütün fundamental demokratik prinsiplərə, eləcə də Seçki Məcəlləsinin müvafiq norma və prosedurlarına riayət olunub. Bütün namizədlər öz siyasi proqramlarını seçicilərə çatdırmaq üçün ödənişsiz efir vaxtı və çap mediasında yerlə təmin olunub. İctimai təşviqat materialları və iclaslar, mitinqlər və seçki ilə əlaqədar digər tədbirlər üçün məkanların siyahısı MSK tərəfindən təsdiqlənib və dərc edilib. Namizədlərə ödənişsiz yaxud ödənişli olmaqla mediada kifayət qədər işıqlandırılma imkanları yaradılıb. Pozuntu halı qeydə alınmayıb.

Bu seçkilərdə fundamental şəffaflıq meyarları nöqteyi-nəzərindən bütövlükdə seçki prosesinin təşkili və aparılmasında irəliyə doğru mühüm addım atılmasını müşahidə etdik:

çox sayda beynəlxalq və yerli müşahidəçilərin iştirakı (onların sayı ümumilikdə 59.069 nəfər təşkil edir - 894 beynəlxalq və 58.175 yerli (QHT və ya vətəndaş) müşahidəçilər);
seçki prosesinin onlayn monitorinqi üçün veb-kameralardan istifadə (1000 seçki məntəqəsində kameralar var idi);
4 paralel ekzit-polun və seçkiqabağı sorğuların təşkili;
51 beynəlxalq media orqanından 118 jurnalist və media təmsilçilərinin akkreditasiyadan keçirilməsi.
Səslərin sayılması prosesi müşahidəçilərimiz tərəfindən müsbət qiymətləndirilib. Onlar hər hansı ciddi problem, o cümlədən kənar şəxslərin müdaxiləsini qeydə almayıblar. Ümumilikdə səsvermə və səslərin sayılması prosesi şəffaf olub, seçkinin nəticəsinə mümkün təsir edə biləcək əhəmiyyətli dərəcədə pozuntu müşahidə edilməyib.

MSK-nın elan etdiyi yekun seçki nəticələri məntiqlidir və təəccüb doğurmur. 2003-cü il tarixli prezident seçkilərindən bu yana seçki kvotalarında hiss olunacaq sabitlik var. Digər tərəfdən, seçkiqabağı sorğulardakı reytinqlər, eləcə də seçki günü keçirilmiş dörd paralel ekzit-polun nəticələri, heç şübhəsiz, İlham Əliyevin səslərin 82-87%-i ilə qələbə qazanacağını əvvəlcədən proqnozlaşdırırdı. O, etibarlı səslərin 86,02%-i ilə qələbə qazanıb.

GİSDİ hesabatda Azərbaycanı regionda sabitlik adasına bənzədir, burada vətəndaş cəmiyyəti ilə hakimiyyət, hakim partiya ilə siyasi müxalifәt arasında ictimai konsensusun mövcudluğunu vurğulayır. Azərbaycan həmçinin beynəlxalq inteqrasiya ilə mədəni kimlik, milli maraqlar və spesifik dövlət, milli "rəqabətli üstünlüklər"in aydın və ardıcıl qorunması arasında yaxşı balansın olduğu ölkə kimi dəyərləndirilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.