Siyasət

Qaytar onları, Rüstəm...

25 May 2018 15:13
Baxış: 5 791

"Onlar filmimə baxmadan danışırlar, tənqid edirlər". Ssenarist və dramaturq Rüstəm İbrahimbəyov belə deyir.

2005-ci ildə çəkilmiş "Qafqaz triosu" barədə indi, olaydan üç il sonra yazmağımın da səbəbi var.

Səbəb budur ki, hər kəsin və hər şeyin zamana ehtiyacı var bu fani dünyada. Rüstəm İbrahimbəyovun da.

Üç ildə o, qələtini etiraf edib səhvini düzəldə bilərdi.

Heç olmasa, mənsub olduğu xalqdan üzr istəyərdi.

Etmədi, istəmədi.

Əvəzində onu tənqid edənləri, o cümlədən bu sətirlərin müəllifini qərəzdə suçladı və Facebook-dakı səhifəsində cavabını yaydı.

Rüstəmin cavabı

"İllərlə davam edən anlaşılmazlıq" adlı cavabında Rüstəm İbrahimbəyov yazıb:

"Qarabağ faciəsinə dəfələrlə münasibətimi bildirmişəm. Əksər azərbaycanlılar kimi, hesab edirəm ki, Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb. Xalqımın acısını hiss edirəm və əminəm ki, gec və ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

Bununla belə, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qurumlarını ölkəmizə qarşı cinayətlərdə ittiham etsəm də, baş verən hadisələrdə bütün erməni xalqını təqsirli hesab etmirəm və hər bir ermənini düşmən kimi qəbul etmirəm. Bu, uzun illərdir davam edir və məhz buna görə məni "ermənipərəstlikdə" ittiham edirlər. Bəziləri bunu bu təcavüzün xalqımızı düçar etdiyi iztirablara görə ədalətli qəzəblə edirlər. Digərləri yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır, pafoslu-vətənpərvər bəyanatlarının hakimiyyətdəkilərin diqqətini cəlb edəcəyinə və təqdir ediləcəyinə ümid edirlər.

"Qafqaz triosu" filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas Ayaz Salayev ona bu qədər gec baxıb. Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya "sifarişli" olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır. Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşğun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir.

"Qafqaz triosu" filminin müdafiəyə ehtiyacı yoxdur. Mən filmi görməyənlər üçün öz müəllif fikrimi açıqladım. Yeri gəlmişkən, çoxlarını inandıra bilməsəm, təəccüblənmərəm. Mənim yaradıcılıq həyatım belə alınıb ki, ssenarim əsasında çəkilmiş ilk film, "Bir cənub şəhərində" Azərbaycan xalqına böhtan elan edilib və orada bəhs edilən hekayənin geniş tamaşaçı kütləsi tərəfindən təqdir olunması üçün illər tələb olunub. Azərbaycanın hüdudlarından kənarda şöhrət qazanmış digər nəsr və kino-teatr əsərlərim də ciddi tənqidə məruz qoyulub. Ölkəmizdə Azərbaycan Demokratik Respublikasının faciəvi taleyinə həsr olunmuş ilk tamaşa - 1982-ci ildə mənim pyesim əsasında qoyulmuş "Ultimatum" tamaşası Azərbaycanın qabaqcıl tarixçiləri tərəfindən hamılıqla pislənib və bağlanıb.

Və istənilən ermənini düşmən elan edənlər istər-istəməz yerli əhalinin düşmən münasibəti ilə əlaqədar Azərbaycan ərazisində ermənilərin yaşamasının qeyri-mümkün olduğunu iddia edən ideoloji düşmənimizə kömək edirlər. "Qafqaz triosu" filmi bu dəlilə etiraz edir, düşmən ölkələrin nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və mən inanıram ki, bu gün müxtəlif səbəblərdən bu açıq-aşkar həqiqəti qəbul etməyənlər gec və ya tez onu dərk edəcəklər".

Torpağın iyrəndiyi adam

Kinodramaturq, yazıçı, prodüser və ssenarist Rüstəm İbrahimbəyovun 3 il əvvəl ərsəyə gətirdiyi yarıtmaz, iki qara quruşluq sənət dəyəri və məzmunu olmayan "Qafqaz triosu" filmi ermənipərəstlik deyil. İlk baxışdan paradoksal təsir bağışlasa da, belədir.

Ermənipərəstlik ermənilərə vurğunluq, onların məfkurələrini, "kollektiv şüur" halını almış "hayizm" mərəzini bölüşməkdir.

Rüstəm İbrahimbəyov isə ən radikal, zooloji millətçi və mağara səviyyəsindəki şovinizm şüurlu ermənini belə, geridə qoymağa, ermənidən daha çox erməni olmağa çalışıb.

Səbəb? Primitiv, hətta trivialdır.

İbrahimbəyov qisas yanğısındadı. O, Azərbaycaın hakimiyyətindən yox, hər birimizdən qisas almaq istəyir. Puç olan planlarına, alınmayan "prezidentlik sevdası"na, 73 yaşında tam profan və darbeyin "həm də siyasətçi" kimi tanınmasına, "Milyarderlər İttifaqı"nın ona ayırdığı pulları Bakıdakı "Milli Şura" adlı siyasət maklerlərinin yığnağına səpələməsinə və heç bir nəticə əldə etməməsinə görə.

"İbRus"u "İbLis"ə döndərən İbrahimbəyov "Lis", yəni "tülkü" olduğunu sandı, amma bəlli oldu ki, heyhat, qocaldıqca şüurunda qarşısıalınmaz aşınmaların yaşandığı bu adam ən yaxşı halda Kolorado dağlarının yamaclarında yemək arayan koyot ola bilər.

O koyot ki - xatirinizdəmi - "Walt Disney" animasiyasında sürətli quşun ardınca qaçır, ona çatmağa çalışır və birdən özünü uçurumun üzərində hiss edir.

Koyot bilirsiniz nə zaman yıxılır?! Ayaqlarının altında torpağı hiss etməyəndə.

Rüstəm İbrahimbəyovun ayaqlarının altını torpaq çoxdan tərk edib. İyrənib ondan, bezib bir zamanlar istedadlı sənətçi, indisə istedadsız Yalıncıq olan bu varlıqsızdan.

O, əfsuslar olsun ki, intiharın ən ağrılı yolunu seçib. Hər gün, hər an özünü əxlaqdan, mənəviyyatdan, şüurdan və məntiqdən uzaqlaşdıraraq ruhunu boş xəyallarına, absurd istəklərinə və tamahına kölə satıb.

Mərhum sənətçi və indi sağ Rüstəm İbrahimbəyova sadəcə yazığım gəlir.

O, özünə yazdığı sarsaq rolu belə, oynaya bilmir artıq.

Marionetlərin taleyi həmişə belə olub. Nə fərq edər ki, İbrahimbəyovun kəndirini tutanlar onu tərifləyir, ürək-dirək verirlər.

Kölə azad ola bilər, mümkündü. Amma bir zamanlar azad insanın xam xəyallarına doğru qaçıb özünü kölə etməsi doğrudan da, faciədi.

Və bu, İbrahimbəyovun özü barədə yazmaqda olduğu "Əxlaqdan usanmış: xəyanət səhrasının qara günəşi" opusudu.

Vəssəlam... Kölgəsinin üzərindən atılmağa çalışan yeni, ahıl və bədbəxt İuda İskariot barədə daha nə deyiləsi, nə yazılasıdı ki...

O mükafatlar qalmamalıdı

Halbuki bu xalq və dövlət soyadında "bəy" kəlməsi olan, özü isə yaşının ahıl vaxtında gədalığa qurşanmış bu insana çox mükafatlar verib.

Rüstəm İbrahimbəyov Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı (1980), Azərbaycanın xalq yazıçısıdır.

1999-cu ilin fevralın 4-də "Şöhrət" ordeni ilə təltif olunub.

Bu adlar, mükafatlar və titullar İbrahimbəyovda qalmalıdırmı?

Düşünürəm ki, yox.

Məntiq var.

Xalqına nifrət edən "xalq yazıçısı", vətənin ən ağrılı bəlaları barədə yalan yazan "xalq yazıçısı", incəsənətini alçadaraq "ermənilik" ideyasını aşkar dəstəkləyən "əməkdar incəsənət xadimi", dövlətinə qənim kəsilən "dövlət mükafatı laueratı" olmamalıdır.

"Qafqaz triosu" filmi kimi bəsit məzmunlu, zəif ssenarili, ilk dəqiqəsindən sonadək qərəz və ideya kompilyasiyası olan lentin müəllifi xəyanətkar kimi "şöhrət" qazanırsa, onda "Şöhrət" ordeni qalmalıdırmı?!

Düşünmürəm, çünki əlahəzrət məntiq bu sualların hamısını mənfi cavablandırır.

Yaxşı ki, baxmayıblar

Rüstəm İbrahimbəyov onu tənqid edənləri "filmə baxmayıb danışmaqda və yazmaqda" suçlayır.

Mənsə yenə yazıram: yaxşı ki, baxmayanlar da var. Baxsaydılar, daha sərt danışar və yazardılar.

Çünki "Qafqaz triosu" filmi bütünlüklə Azərbaycana və azərbaycanlılara nifrətdir.

İbrahimbəyov söz oyununa müştaq olmasın, ağı qara kimi qələmə vermək üçün əllaməliyə qurşanmasın: lentdə hər şey, hətta ən kiçik mizan-səhnələr və səthi metaformalar belə, ssenari müəllifinin istəyindən, fikrindən və məqsədindən xəbər verir.

Badamdardakı 1 hektarlıq ərazi hədiyyə alandan sonra orada böyük otel inşa etdirmək istəyən və bunu "Kinematoqrafçılar Birliyinin obyekti" qismində cəmiyyətə sırımağa çalışan İbrahimbəyovun istədiyi alınmayanda, həmin torpaq əlindən çıxanda onun nə dediyini bilənlər bilir: ifadələr söyüş olduğu üçün, yazmıram.

Sadəcə, Rüstəm əkə İbrahimbəyova xatırladıram ki, həmin adamlar sağdır və bu adamın dedikləri də adi əxlaqsızlıq, tərbiyəsizlikdir.

Filmdə həmin İbrahimbəyovun hikkəsi, qisas yanğısı aşkar hiss olunur.

Rüstəm əkə Facebook-da bu sətirlərin müəllifini də qəsd edərək "qərəzlisiniz, savadsınız" yazır.

"Beynəlmiləlçi, humanist, dünyanın insanı, qlobal düşüncə fərdi" kimi özünü təqdim edən birisi "Qafqaz triosu" filmində milli hisslərin çərçivələrindən kənar çıxmalıydı.

İbrahimbəyov isə tam əksini edir: azərbaycanlının ermənini "döyməsi"ni qalaktik faciə kimi qələmə verir, irqçiliyi təbliğ edir, azərbaycanlıları ikinci növ insanlar kimi göstərir, Azərbaycanı ibtidai şüur məkanı təki göstərir.

Soyadı "İbrahimbəyov" olsa da, heç zaman azərbaycanlı düşüncəsinin daşıyıcısı olmayan, milli şüurdan məhrum İbrahimbəyov pafoslu danışır, pafoslu çəkir və o pafosun altında əzilərək yaşayır.

Filmin süjeti, məziyyətləri ilə işim yox.

İşim onunladır ki, sinninin ahıl çağında Rüstəm İbrahimbəyov güya "bəşəri mövzu"lardan ixtilat etdiyi "Qafqaz triosu" filmi ilə özünün nə qədər bayağı, cılız və yazıq olduğunu göstərdi.

Çünki ağıllı, zərrə qədər məntiqi olan "sənət və mədəniyyət" adamı bir xalqı aşağılamaq yolu ilə başqa xalqı yüksəltməyə çalışmaz.

Kosmopolitlik, nihilizm belə sarsaq yolla pərdələnmir, Rüstəm əkə.

Yalan da məntiqi sevir. Əks təqdirdə yalan çox zavallı forma alıb yalançını rüsvay və xar edir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.