Siyasət

"Rüstəm İbrahimbəyov vicdan əzabı çəkmədən pulunu alıb, ermənilərə xidmət edən ssenari yazıb"

24 May 2018 17:04
Baxış: 2 827

Əgər "Milli Şura"dakılar ona şərik deyillərsə, qoy səslərini çıxarsınlar. 

"Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Qafqaz üçlüyü" filminə mən də baxmışam. Bu filmin Azərbaycan üçün heç ictimai əhəmiyyəti yoxdur. Bu, heç bir bədii dəyərə malik olmayan yalnız ideoloji xarakter daşıyan və siyasi sifarişlə çəkilmiş bir filmdir. Bu filmlə Rüstəm İbrahimbəyov öz satqın, antimilli mövqeyini bir daha ortaya qoydu və özünü bir daha ifşa elədi. Filmin "Qafqaz üçlüyü" adlandırılması isə, əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ört-basdır etmək məqsədi daşıyır. Çünki filmdə gürcü sadəcə epizodik roldadır, yəni butafora xarakteri daşıyır".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Musa Quliyev bildirib.

  Millət vəkilinin sözlərinə görə, filmin ərsəyə gətirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda millətlərə qiymət vermək, onları xarakterizə etməkdir: "Filmin lap başğanğıcında uşaqlar qayadan dənizə tullanır. Orada birinci tullanan ən cəsarətli və qoçaq olan erməni uşağıdır. Ən axırda qalan, tullanmaqdan qorxan Fərhad isə azərbaycanlıdır. Erməni də ona "qorxma, tullan, gəl" deyib ürək-dirək verir.

Bəlkə də erməni Timur elə Rüstəm İbrahimbəyovun öz prototipidir. Çünki filmdə Timurun əsl atası Avakyan adlı ermənidir, özü isə Moskvada məşhur göz həkimidir. O, vaxtilə Azərbaycanda yaşayıb burdan getmiş, çox perspektivli, ziyalı, zadəgan simada təsvir olunan bir adamdır. Filmin sonunda aeroport səhnəsində isə göstərilir ki, erməni gözəl görkəmdə, sağlam, əhval-ruhiyyəsi yüksək, nikbin, onu böyüdən azərbaycanlı ata isə əlil arabasında, gözləri də kor təsvir edilib. Avakyanın obrazında erməni xalqı və Ermənistan, Timurun obrazında Qarabağ göstərilir. O, əsli erməni olan, amma azərbaycanlının böyütdüyü bir insan obrazında göstərilir. Əlil arabasında olan kor insanla isə Azərbaycana işarə edilir. Əslində, bu, obrazların dili ilə bir milləti aşağılamaq, digərini isə yüksəltməkdir.

Eyni zamanda bütün film boyu ermənilər daha ağıllı, daha müdrik, daha qorxmaz və cəsur, daha ziyalı bir obrazda göstərilir. Azərbaycanlılar isə vəhşi, mədəniyyətsiz, savadsız təsvir olunur, hətta görkəmlərinə qədər aşağılanırlar. Yenə də deyirəm, burada məqsəd qarşıya hansısa bədii məsələni qoyub onu həll etmək yox, sifarişçinin sifarişini yerinə yetirməkdir. Sifarişçi isə ermənilik ideologiyasının daşıyıcıları və onların pul kisələridir. Rüstəm İbrahimbəyov da heç bir vicdan əzabı çəkmədən pulunu alıb və ermənilərə xidmət edən ssenari yazıb".

 M.Quliyevin fikrincə, bu filmin heç bir bədii dəyəri olmadığı kimi, siyasi-ideoloji əhəmiyyəti də yoxdur: "Çünki film artıq 3 ildir ki, istehsal olunub, amma heç bir müsbət resenziya almayıb. Ona heç Rusiya publikası da ciddi əhəmiyyət vermədi. Çünki sənətdən, kinomatoqrafiyadan az-çox başı çıxan hər kəs filmə baxan kimi bildi ki, bu sifarişlə yazılan və müəyyən ideologiyaya xidmət edən "xaltura" əsərdir, başqa heç nə deyil.

Burda bizi narahat edən digər məqam azərbaycanlı adını daşıyan vaxtilə Azərbaycanda böyük hörmətlə qarşılanan, onun maddi və mənəvi sərvətlərindən geninə-boluna yararlanan bir şəxsin bu cür antimilli, xəyanətkar mövqe tutmasıdır. Maraqlıdır ki, artıq 30 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hələ nə bir erməni sənətçisi, yazıçısı, rejissoru, ziyalısı erməni milli düşüncəsindən və erməniliyə qulluq edən ideologiyadan kənar bircə əsər yaratmayıb. Amma çox təəssüflər olsun ki, Rüstəm İbrahimbəyov belə bir film çəkib. Bundan daha əvvəl isə daha xəyanətkar mövqe nümayiş etdirən Əkrəm Əylisli "Daş yuxular" povestini yazıb".

 Deputat Azərbaycanda Rüstəm İbrahimbəyovu dəstəkləyən siyasi qüvvələri də səslərini çıxarmağa və səhvlərini etiraf etməyə çağırıb: "Rüstəm İbrahimbəyovun Azərbaycanda siyasi rəhbərliyə gəlmək, prezidentlik iddialarının olması, bununla bağlı "Milli Şura" adlı siyasi təsisat yaratması, ona sədrlik etməsi və onun Moskvada hansı imperialist qüvvələr tərəfindən idarə olunması da cəmiyyətimizə yaxşı məlumdur. Demək istəyirəm ki, həmin o "Milli Şura"da olan, Rüstəm İbrahimbəyova dəstək verən və onu Azərbaycana rəhbər kimi gətirmək istəyən insanlar ki var, hansı ki özlərini ziyalı, elm adamları adlandırırlar, qoy mövqelərini ortaya qoysunlar. Qoy onlar da bu film və onun müəllifi barədə fikirlərini söyləsinlər. Doğrudanmı ona bu fikirlərində şərikdirlər? Əgər şərik deyillərsə, qoy səslərini çıxarsınlar və "Milli Şura"da, Rüstəm İbrahimbəyovun yanında olmaqla nə boyda qəbahətə yol verdiklərini etiraf etsinlər".

M.Quliyev hesab edir ki, belə xainlərin ömrü uzun olmur və onların Azərbaycan xalqının haqlı, ədalətli mübarizəsinə heç bir dəxli yoxdur: "Tarix hər şeyi öz yerinə qoyur. Azərbaycan qüdrətli dövlətdir. Heydər Əliyevin uğurlu siyasəti davam etdirilir. İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmiz və ordumuz gündən-günə qüvvətlənir. Kimin nə deməyindən, nə yazmağından, nə çəkməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək. Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın qanunlarını, konstitusiyasını, bayrağını qəbul edən hər bir kəs Azərbaycanın tamhüquqlu vətəndaşı kimi burda yaşaya və ölkəmizə xidmət edə bilər".

Azad Milli

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.