Siyasət

Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq

21 May 2018 14:37
Baxış: 760

Deputat Cavanşir Feyziyev "Euractiv"in müxbiri Bencamin Foksla söhbətində Parlament Əməkdaşlıq Komitəsinin bu yaxınlarda keçirilmiş iclası haqda danışıb.

- Avropa İttifaqıyla (Aİ) Azərbaycan arasında əlaqələr xüsusilə, 2015 və 2016-cı illərdə yaxşı deyildi. Amma hazırda görünən odur ki, Sayyad Kərim və Parlament Əməkdaşlıq Komitəsilə isti münasibətləriniz var. Aİ ilə Azərbaycan arasında əlaqələrin düzəldiyini demək mümkündürmü? Əgər müsbətə doğru dəyişiklik baş veribsə, səbəb nədir?

- Bəli, 2014-2016-cı illər Aİ-Azərbaycan əlaqələrində çətin dövr olub. Biz bu çətinliyin öhdəsindən konstruktiv dialoq vasitəsilə gələ bilərdik. Hazırda Aİ ilə Azərbaycan arasında parlament çərçivəsində yaxşı əlaqələr var. Münasibətlərimiz bərpa olunub. Belə qısa müddətdə buna açıq və səmimi müzakirələrlə nail olmuşuq.

Əslində, problemi Avropa Parlamentinin Azərbaycandakı siyasi vəziyyəti yanlış başa düşməsi yaratmışdı. Avropa Parlamentindəki həmkarlarıma Milli Məclislə əlaqələrin gələcək inkişafında, dialoqun bərpasında səmimi, konstruktiv və praqmatik iştirakına görə bir daha təşəkkür etmək istərdim.

- Görüşlər necə keçir? Parlament Əməkdaşlıq Komitəsi yeni əməkdaşlıq sazişinə dair müzakirələrdə hansı rolu oynayır?

- Parlament Əməkdaşlıq Komitəsi Aİ-Azərbaycan əlaqələrinin parlamentlər səviyyəsində müzakirəsi, həmçinin hökumətlərimiz arasında münasibətlərin qiymətləndirilməsi üçün yeganə ikitərəfli formatdır. Bizim görüşlərimizə birqayda olaraq, hər iki tərəfin icaredici orqanlarının nümayəndələri də dəvət olunur. Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlarda iştirak edən şəxslər Parlament Əməkdaşlıq Komitəsinin bütün iclaslarına qatılır və bizi müzakirələrin cari vəziyyəti haqda məlumatlandırır.

- Aİ-Azərbaycan ikitərəfli sazişi haqda danışıqlar hansı səviyyədədir? Saziş nə vaxt imzalana bilər və vaxt məhdudiyyəti varmı?

- Yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlıq daxil olmaqla, münasibətlərin bütün siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir. Vaxt məhdudiyyəti yoxdur, lakin danışıqları aparan şəxslər prosesin sürətləndirilməsi üçün həqiqətən də ciddi səy göstərirlər. Hesab edirik ki, danışıqlar bu ilin sonunadək başa çatacaq və yeni saziş 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacaq.

- Bəs tərəflər bir-birinə nə təklif edə bilər?

- Azərbaycan regionun ən böyük iqtisadiyyatıdır. Cənubi Qafqaz iqtisadiyyatının 80%-i Azərbaycanın payına düşür. Bununla yanaşı, ölkəmiz geostrateji məkanda, yəni Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolunun üzərində yerləşir.

Azərbaycan son üç onillikdə regional və qitələrarası əməkdaşlığı asanlaşdırmaq məqsədilə bir çox nəhəng infrastruktur layihələr həyata keçirib. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Qərb-Şərq", "Şimal-Cənub" nəqliyyat dəhlizləri, nəhayət, "Cənub Qaz Dəhlizi" qitənin ən böyük iqtisadi layihələridir. Bu layihələrin təşəbbüskarı Azərbaycandır.

"Cənub Qaz Dəhlizi" Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi, Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyadan enerji resurslarının Avropa bazarlarına nəqli üçün yeganə alternativ yoldur. Ümumiyyətlə, bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət göstərir və Aİ bunda maraqlı olmalıdır.

Azərbaycan isə öz növbəsində, Aİ-nin onun ən böyük ticarət tərəfdaşı olmasında, həmçinin ona müasir texnologiyalar tədarük etməsində maraqlıdır.

- Azərbaycan Aİ-dən Dağlıq Qarabağ münaqişəsilə bağlı da nə gözləyirmi?

- Dağlıq Qarabağ problemi iki müstəqil və suveren dövlətlə, yəni Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişədir. O, hər iki ölkəni Avropa ailəsinə inteqrasiyadan uzaq saxlayır. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi bütün regionun inkişafına və region ölkələrinin müstəqil xarici siyasət yürütməsinə mane olur.

Qitənin ən böyük siyasi gücü kimi olan Avropa İttifaqı bu münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir. Rəsmi Bakı Aİ-dən bu məsələyə şəffaf, ədalətli və düzgün yanaşma gözləyir. Biz istəyirik ki, Avropa İttifaqı problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhfə versin.

- Bəs Aİ-Azərbaycan əlaqələrində əsas risk nədir? Regional qeyri-sabitlik, Rusiya...

- Cənubi Qafqaz Avropanın geostrateji əhəmiyyətə malik regionudur. O, qitənin təhlükəsizliyi və sabitliyində mühüm rol oynayır. Sovet İttifaqı dönəmində Cənubi Qafqazdan Avropayla Asiya arasında bölücü məkan kimi istifadə olunub. Azərbaycan müstəqilliyini bərpa etməsilə, dünyaya inteqrasiya yolunu seçib və Avropa ilə Asiya arasında körpüyə çevrilib. Lakin bizim regionda müstəqil siyasət yürütmək asan məsələ deyildi. Çünki Azərbaycan ədalətsiz müharibəyə cəlb olunmuş və ərazisinin 20%-ni itirmişdi.

Sovet İttifaqının siyasi varisi kimi, Rusiya hələ də regionda vacib rol oynayır. Fikir versəniz görərsiniz ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi postsovet ölkələri eyni ssenarilə həyata keçirilmiş oxşar problemlərlə qarşı-qarşıya qalıb.

Lakin qloballaşma prosesinin qarşısını almaq mümkün deyil. Heç kəs cəmiyyətlərin dinc və çiçəklənən gələcəyin yaradılması məqsədilə birləşməsinə mane ola bilməz. Əminəm ki, Azərbaycan da beynəlxalq birliklə əməkdaşlıq şəraitində ərazi bütövlüyünü bərpa edəcək və bütün regionun sülh şəraitində birgə yaşayışı təmin olunacaq. Bu, bütün Avropanın təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək.

EurActiv, Aİ
21.05.2018 

Müəllif: Bencamin Foks

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.