Siyasət

Azərbaycanın İrandakı səfirliyində AXC-nin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO

15 May 2018 12:03
Baxış: 495

Mayın 14-də Azərbaycanın İrandakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian, İran İslam Şurası Məclisinin üzvləri, Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri, ziyalılar, ictimaiyyətin və Tehranda akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.

Səfir bildirib ki, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan edilməsi, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkili 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilib.

Səfir qeyd edib ki, ötən 100 ildə Azərbaycan xalqı böyük nailiyyətlər əldə edərək bugünkü inkişaf səviyyəsinə yüksəlib. Tarixin inkişaf prosesinin ağır və çətin, lakin şərəfli yollarından keçən Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə 28 May - Respublika Günü kimi qeyd edilir.

Diplomat bildirib ki, 1990-cıilin iyulunda Ulu Öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə
və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü: "Həmin il noyabrın 17-də isə muxtar respublika Ali Məclisinin birinci sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Naxçıvan Ali Sovetinin də adı dəyişdirildi, onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul olundu. SSRİ-nin hələ mövcud olduğu bir dövrdə belə qərarların qəbulu həqiqətən böyük cəsarət
tələb edirdi. Sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi heç də asan və adi məsələ deyildi. Bu, ilk növbədə müstəqil dövlətçiliyimizin bərpasına çalışmaq idi".

Səfir diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib: "Artıq qürurla deyə bilərik ki, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Prezident İlham Əliyevin cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinin qeyd edilməsi haqqında sərəncamı da təsadüfi xarakter daşımır. Bu gün Azərbaycan dünyanın əksər ölkələri ilə uğurlu ikitərəfli əməkdaşlıq əlaqələri qurub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var".

Diplomat vurğulayıb ki, tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən, Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir.

Bünyad Hüseynov Azərbaycan ilə İran arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb. Səfir bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-İran əlaqələrinin inkişafına xüsusi önəm verir: "Məhz iki dövlətin prezidentlərinin siyasi iradəsinə əsasən qarşılıqlı münasibətlər bu gün yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının səyi nəticəsində beynəlxalq əhəmiyyətli müştərək iqtisadi layihələr uğurla həyata keçirilir. Qarşılıqlı faydalı əməkdaşlığın nəticəsidir ki, bu gün Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərə çevriliblər. Azərbaycan bu beynəlxalq əhəmiyyətli layihənin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar sərmayə yatırmağa hazırdır.

Azərbaycan və İran prezidentlərinin son beş ildə 11 dəfə görüşməsi əlaqələrimizin inkişafının bariz nümunəsidir. Dövlət rəsmiləri 100-dən çox görüş keçirib, ölkələrimiz arasında 50-dən çox sənəd imzalanıb. Azərbaycan-İran münasibətləri ortaq tarixə, mədəniyyətə, xalqlarımızın ənənəvi dostluğuna söykənir. Hər iki xalqın adət- ənənələrinin, dininin, mədəniyyətinin oxşar olması qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişafına böyük təkan verir".

Səfir mərasimə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.
Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edərək bildirib ki, qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq əsasında qurulması xalqlarımızın mənafeyinə uyğundur: "Dövlətlərimizin başçıları da məhz xalqın maraqlarını təmin etmək istiqamətində siyasət yürüdürlər. İran rəsmisi dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

İki ölkə arşındakı müştərək iqtisadi komissiyanın uğurlu fəaliyyətindən danışan nazir qeyd edib ki, nəqliyyat sahəsindəki əməkdaşlıq təkcə İran ilə Azərbaycanın deyil, eləcə də Asiya və Avropa ölkələrinin də iqtisadi inkişafına təkan verəcək. Məsud Kərbasian xüsusi vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona
hörmətlə yanaşır".

Mərasim çıxışlardan sonra mədəni proqramla davam edib. Səfirliyin həyətində quraşdırılan, Azərbaycanın və Bakının görməli yerlərinin fotolarından ibarət guşə və milli geyimli uşaqların xalq rəqslərini ifa etmələri qonaqlara xoş ovqat bəxş edib.

Qonaqlara Azərbaycan haqqında fars və ingilis dillərində çap olunmuş kitab, buklet və açıqçalar paylanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.