Siyasət

Heydər Əliyev: böyük xalqın böyük lideri

10 May 2018 00:01
Baxış: 4 873

Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Onu qüdrətli imperiyanın yeni rəhbəri kimi görürdülər. Onu, kiçik Azərbaycanı dünyaya tanıdan, dünya siyasətində fərdiyyətdən çıxaraq dünyəvi şəxsə çevrilmiş bir insanı.

30 il əvvəl olduğu kimi, indi də postsovet məkanının istisnasız olaraq bütün ölkələrində "orta statistik vətəndaş" sayılan insanlarla yanaşı, siyasətçilər, ekspertlər, məmurlar hesab edirlər ki, O, hakimiyyətin Olimpində olsaydı, Sovetlər Birliyi dağılmayacaqdı.

Böyük İmperiyanın möhtac olduğu bu böyük insan indi də Kalininqrad və Brestdən tutmuş Vladivostokadək, Murmanskdan tutmuş, Daşkəndədək böyük məkanda sayğı ilə anılır.

Onu möhtəşəm siyasətçi, dünya liderləri ilə bir sırada duran şəxs sayırlar.

Şərqi Avropa ilə yanaşı, slavyan və türk siyasətçilərini qısqanclıqla izləyən anqlosaks ekspertlər ona heyran olduqlarını deyir, fransızlar siyasi fəaliyyətini araşdırır və general De Qolla bənzədir, çinlilər Den Syaopin təki nəhəng olduğunu deyir, qardaş osmanlı türkləri Mustafa Kamal Atatürklə tən tutur, ərəblər isə Cəmal Əbdel Naserdən sonra müsəlman aləminin siyasətində parlamış meteor bilirlər.

O, Heydər Əlirza oğlu Əliyevdir.

Tarix yaradan və adını tarixdə yaşadan şəxslər təki, Heydər Əliyevin irsi də iki səviyyədədir: bir səviyyə onunla çalışan, onu görən, səsini eşidən və kimliyini duyan insanların yaddaşlarındakı obraza əsaslanan mental iz, digər səviyyə isə fəaliyyətinin konkret, yaşayan və yaşadan nəticələridir.

Birinci səviyyəvi subyektivdir, əsas emosional məqamlara əsaslanır və mütləq şəkildə insan hisslərinin çulğaladığı nüanslarla zəngindir. İkinci səviyyədə isə riyazi dəqiqlik, matris düzəni var və onun ən kiçik, cüzi hissəsini də dəyişmək mümkün deyil.

Siyasətçilərin ömrü insan yaddaşıdır.

Heydər Əliyev isə yaddaşların fövqündəki əməllərdə olduğu üçün, müasir Azərbaycanla eyniləşdirilir. Çünki Azərbaycanı onsuz təsəvvür etmək belə, mümkün deyil.

Onun fəaliyyətini şərti olaraq dörd mərhələyə bölmək olar: Azərbaycan SSR KP MK-nın birinci katibi, SSRİ Nazirlər Şurası sədrinin müavini, SovİKP MK Siyasi Bürosünün üzvü (yəni sabiq Sovetlər Birliyində ən yüksək səviyyəli siyasətçi və dövlət adamı), sonda isə müstəqil Azərbaycanın prezidenti qismində 10 il.

Bəhs etdiyimiz mərhələlər həll edilən problemlər, hakimiyyət səviyyəsi və səlahiyyətlərin coğrafik miqyas müstəvisi baxımından çox fərqli olsalar da, Böyük Siyasətçinin həyatında ayrılmaz dövrlər olaraq tale yolunu təşkil edirlər.

Sovet Azərbaycanının rəhbəri qismində iş sonradan, 1982-ci ilin noyabrından 1987-ci ilin oktyabrınadək "Kreml beşilliyi"nin ərəfəsi oldu. Heydər Əliyev Moskvada çalışdığı dövrdə də Azərbaycanın vuran ürəyi idi, amma həmin iki mərhələ müstəqil fəaliyyət dövnəmləri idi. Rusiyalı siyasətçilər və analitiklər bəhs etdiyimiz dönəmləri "Əliyev Azərbaycanı" və "Əliyev SSRİ-si" də adlandırırlar.

Məhz bu səbəbdən Heydər Əliyev indi də Rusiyadakı siyasətçilər üçün bütün problemlərə sinə gərərək gərgin fəaliyyət və intellekt sayəsində irəliləyişin bariz nümunəsidir.

Azərbaycana gəldikdə isə o, gerçəkdən də Azərbaycanın Atatürküdür.

Xilasa çağırış

Yaşadığımız dünya mürəkkəbdir və bəzən təbiət bərabərsizliyi aksioma döndərərək kiminə bacarıq və istedadı səxavətlə əta edir, kimini də hər şeydən məhrum duruma salır. Güclülər ruhdan düşür, məğrurlar pərişan qalır, qətiyyətlilər məqsədə doğru yürüməkdən yorulur, cəmiyyət isə böhrana yuvarlanır.

Fəqət ən çətin anlarda, qarışıq və laübəli dönəmlərdə cəmiyyəti, insanları çətinlikdən çıxaracaq, böhrandan qurtuluşa aparacaq xilaskara ümid və inam qalır.

Azərbaycan xalqı 1993-cü ildə əfsanəvi rəhbərinə üz tutanda məhz belə hissləri yaşayırdı. Dağlıq Qarabağ münaqişəsi və bir neçə rayonumuzun erməni işğalına düşməsi, daxildəki toqquşmalar, hakimiyyətin zəifləyib puç duruma düşməsi, ölkənin parçalanma təhlükəsi ilə üzləşməsi - bütün bunlar Azərbaycanı vtəəndaş müharibəsi, qardaş qırğınına aparırdı.

Azərbaycan batan gəmiyə bənzəyirdi. Fabrik və zavodlar dayanmışdı, sexlərin qapısından az qala anbar qıfılları asılmışdı, maaşlar aylarla verilmir, dükanlarda uzun-uzadı növbələrdə saatlarla duran insanlar çarəsizlikdən nə edəcəklərini bilmirdilər.

Ümid sadəcə, ümidə qalmışdı.

Azərbaycan xilaskarını, onu düşdüyü dərddən, üzləşdiyi bəladan qurtaracaq insanı arayırdı.

Qoca tarix belə durumları, istedad və qətiyyətindən yararlanaraq ölüm riskinə rəğimən ən çətin anda millət və dövlətin qurtuluşuna vəsilə olanları görüb.

Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll, Uinston Çörçil - onlar parlaq dühaları, fenomenal məziyyətləri və iradələri sayəsində mənsub olduqları xalqla bahəm, bütün bəşər tarixində silinməz izlər qoyublar.

Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Paşa 1915-ci ilin aprelin 25-də Çanaqqala savaşında demişdi: "Mən sizə hücumu yox, ölməyi əmr edirəm. Biz ölənədək vaxt keçəcək və mövqelərimizi yeni qüvvələrimiz tutacaqlar".

Atatürk türk xalqının yaddaşında çağdaş respublikanın banisi kimi qalıbsa, Heydər Əliyev viran olmuş Azərbaycanı dirçəldən, dirildən və indi sürətlə inkişaf edərək bölgənin mühüm, qüdrətli iqtisadi-siyasi gücünə çevrilən dövlətə döndərən Öndər kimi tarixdə yerini tutdu.

Qorxunu qorxudan insan

Amerikalı siyasətçilər Heydər Əliyevi "Şərqin Ruzvelti" adlandırırlar.

Təsadüf deyil. 1929-cu ildə Birləşmiş Ştatlarda başlanmış Böyük Depressiyanın ən ağır dönəmi olan 1933-cü ildə ölkə prezidenti seçilmiş Franklin Delano Ruzvelt milləti birləşdirdi, rüh düşkünlüyü və inamsızlıq bataqlığına düşən amerikalılarda özgüvəni oyatdı və ABŞ-ı dünya liderinə çevirdi.

"Əsas məsələ həmrəylikdir. Həmrəy olandan sonra qoruxdan savayı heç nədən qorxmayacağıq", - Ruzvelt demişdi.

...1995-ci ilin mart  ayında, BMT-nin Kopenhagen şəhərində keçirdiyi dövlət və hökumət başçılarının sammitində olarkən Heydər Əliyevə "Bakıda dövlət çevrilişi və sizə qarşı sui-qəsd hazırlanır" məlumatı verilir. Xəbərdarlıq edilir ki, Bakıya qayıdış təhlükəlilidir.

Fəqət, Heydər Əliyev Bakıya döndü və düşmənlərini iradəsi ilə məğlub etdi.

Beləcə, gərçi Ruzvelt amerikalıların milli yaddaşında həmrəylik simvolu və milləti qorxmamağa çağıran lider kimi qalıbsa, Heydər Əliyev həmrəyliklə bahəm, cəsarət və iradə simvoluna çevrildi: o, ölümə meydan oxudu, qorxunu qorxutdu.

Heydər Əliyev barədə yazanda və danışanda "Ulu Öndər" ifadəsindən yararlanırlar.

Bu da təsadüf deyil.

General Şarl de Qoll briqada generalı idi və o, Fransanın ləyaqətini bərpa etdi, faşizmə qarşı mübarizədə fransızların lideri oldu.  Pula və siyasi güc mərkəzlərində havadarlarına bel bağlamayan de Qoll yalnız xalqın inamına, vətəndaşların etibarına güvəndi.

Fransızlar bu səbəbdən onu 20-ci əsrin ən böyük siyasətçisi sayırlar, "millətimizin tək nuru idi" deyirlər.

De Qoll Fransa tarixində ölkənin xilas yolunu nicatla nurlandırmış şəxs oldusa, Azərbaycan tarixində də Heydər Əliyev nuru indi də çağdaş ölkəmizin inkişaf yolunu işıqlandıran Öndər olaraq qalır.

O, "silahım sözümdür" deyirdi və gerçəkdən də, belə idi.

Heydər Əliyev azərbaycanlıları özlərinə inandırdı, anlatdı ki, Azərbaycanın gələcəyinin necə olacağına bizdən savayı kimsə cavab verə bilməyəcək, iqtisadiyyat və mədəniyyətimizi inkişaf etdirməyəcək, torpaqlarımızı erməni işğalçılarından azad etməyəcək.

1998-ci ildə Bakıda olmuş britaniyalı jurnalist Heydər Əliyevi "Uinston Çörçilin silahdaşı" adlandırmışdı. Bu metafora maraqlı, eyni zamanda da Dumanlı Albion sakininin Azərbaycana verdiyi messic idi.

Məhz Uinston Çörçill "Millətimiz və dövlətimiz uğrunda hər yerdə savaşacağıq, əsla təslim olmayacağıq" söyləyib.

Heydər Əliyev də tarixə daim mübarizə aparan, millətinin maraqlarını qəsb etmək istəyənlərə qarşı savaşan Millət Atası kimi düşüb.

O iradəli, fenomenal yaddaşlı, dövlətçiliyi ən kiçik nüanslara qədər anlayan, dövlətin ağır yükünü daşıyan və eyni zamanda ölkə insanını sevən şəxsiyyətdi.

Heydər Əliyevin ömür yolunda o, xəyanətlər, satqınlıqlar və dönüklüklərlə üzləşsə də, yaşananlar onun millət qarşısında borc hissini, xalqa inamını zərrə qədər sarsıtmadı. 1993-cü ildə xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdanda o, çox dönüklüyü və xəyanəti bağışladı.

Çünki titanlar şəfqətli olur.

Heydər Əliyev də xalqı birliyə çağırıb dedi: "Həyatımın qalan hissəsini də xalqına xidmətə həsr edirəm".

O, xalqı pərişanlıqdan qurtardı, böhrandan çıxardı və Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirdi. Çünki Heydər Əliyev dühası doğma xalqa sonsuzadək xidmətlə mənəvi dəyərlərə sədaqəti birləşdirərək Azərbaycan dövlətçiliyinin bünövrəsi və dayağı oldu.

Heydər Əliyev elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Heydər Əliyev dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş qalan digər titul və vəzifələr isə onun üçün, məhz bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi.

Heydər Əliyev sanki dünyaya elə xalqı üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişafı üçün çəkdiyi min bir əziyyət onun tale və ömür yolu olub. Qısa zaman kəsiyində Ulu öndər respublikanı yetərincə tanıdaraq ona iqtisadi və siyasi nüfuz qazandırıb. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq. Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanıb: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Heydər Əliyevin mirası - müstəqil, çiçəklənən Azərbaycan

2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. Məsələn, elə götürək Cocuq Mərcanlını. 24 ildən sonra insanların bu yurda qayıdışı məhz H.Əliyevin kursunun təntənəsidir, çünki bu kənd hələ 1994-cü ildə Heydər Əliyevin komandanlığı ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyatda işğaldan azad edilmişdi. Amma qarşıda bir neçə yüksəkliyə erməni hərbi birləşmələrinin nəzarət etməsinə görə bu kənddə yaşamaq təhlükəli idi. Nəhayət, ötən il aprelin əvvəllərində bir neçə günlük döyüş nəticəsində həmin mövqelər də ordumuzun əlinə keçdi. İndi burada yaşayan hər kəs Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.

Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Həmin vaxtdan ötən 15 il böyük zaman məsafəsi deyil, amma bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu quruculuğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevdi, xalq da onun sevgisini daim uca tutdu. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdı. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.

Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı "Əsrin müqaviləsi" milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açıb. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş, Qərb ölkələri ilə daha sıx birləşdirir. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulub. 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edildi, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə oldu.

Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdi. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırladı. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olub.

Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdiriiir.

Heydər Əliyev qürur hissi ilə deyərdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam..." Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcək.

...2003-cü ildə, ABŞ-ın Klivlend şəhərindəki klinikada, Azərbaycandakı prezident seçkiləri ərəfəsində atasına baş çəkən İlham Əliyev demişdi: "Cənab Prezident, ümidlərinizi doğruldacağam".

Ötən illər göstərdi ki, İlham Əliyev vədinə sadiq qaldı.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkə tarixində görünməmiş nəhəng tikinti və tərəqqi mərhələsindədir. Bu işlərin hər sahəsində, reallaşan layihələrin hər mərhələsində xalqını və ölkəsini nəhayətsiz sevən insanın qəlb istisi hiss olunur.

O isti ki, əfsanəvi Heydər Əliyevin müdrik siyasətinə yeni ruh verən İlham Əliyevin strategiyası ilə taktikasının nəticəsidir.

İlham Əliyevin dönəmində ölkəmizdə keçid dövrü başa çatdı və Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoydu.

Böyük dövlətlərin və bir sıra beynəlxalq təşkilatların aşkar pressinqinə, ikili standartlar siyasətinə söykənən təzyiqlərinə rəğmən, Azərbaycan tam müstəqil xarici siyasət doktrinasını gerçəkləşdirir, daxili siyasətində də də vətəndaşların maddi rifah halının yüksəlməsini və hüquqlarla azadlıqların təminatını ən ümdə məsələlər sayır.

Azərbaycan Heydər Əliyevin, o Böyük Prezidentin bəlirlədiyi yoldadır. O şəxsin ki, xalqının ən ağır anında xilaskara çevrildi, hər birimizə ümid verdi, azərbaycanlıları irəliyə apardı və qalib gəldi.

Azərbaycan var olduqca qələbələr davam edəcək, çünki bu torpaqda Onun ruhu var...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.