Siyasət

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyənin birgə layihələri regional əməkdaşlığı möhkəmləndirir, bölgədə sabitliyi təmin edir

25 Aprel 2018 16:48
Baxış: 674

Azərbaycan və Türkiyənin birgə layihələri regional əməkdaşlığı möhkəmləndirir, bölgədə sabitliyi təmin edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, bu gün Türkiyə və Azərbaycan regionda birgə səylərlə çox böyük layihələr həyata keçirir: "Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars və TANAP tarixi layihələrdir. Bizim iradəmiz, təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional əməkdaşlığı möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr sadəcə olaraq iqtisadi məna daşımır. Onların çox böyük siyasi mənası var və bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir".

Dövlət başçısı bundan sonra da birgə həyata keçirilən layihələrin uğurla başa çatacağına əmin olduğunu vurğulayıb:

"Biz qarşılıqlı sərmayə qoyuluşunu artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoymuşdur. Ancaq qardaş ölkələrə bu qədər sərmayə qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın açılışı, "Star" NEZ-in açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan investisiyaları hesabına Egey bölgəsinin ən böyük limanı olan Petlim limanı inşa edilib və bu, Türkiyənin 3-cü böyük limanıdır. Biz bu gün preferensial ticarət sazişinin imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu saziş imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.