Siyasət

"Eyni anda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu"

24 Aprel 2018 17:09
Baxış: 920

"Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, sabitliyin möhkəmlənməsinə, Ermənistanda isə siyasi xaosa, vəziyyətin gərginləşməsinə səbəb oldu".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bu cür nəticələrin ortaya çıxmasının səbəbi çox aydındır:

"Ona görə ki, Azərbaycanda tam demokratik proseslər gedir, hakimiyyət xalqın iradəsini ifadə edir, xalq-hakimiyyət birliyi var, xalq öz sərbəst seçimini edir və bugünkü iqtidara da böyük etimadını göstərir. Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Bu ölkədə hakimiyyətə gələnlər həmişə rəqiblərini qətlə yetirməklə xalqın iradəsinin əksinə gedib, müharibə qorxusu ilə insanları hədələyərək hakimiyyətdə qalıblar. Ona görə də xalq heç zaman o rejimləri dəstəkləməyib və illərdir ki, biz Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqları, qanun pozuntularını, xalqın böyük etirazlarını görürük və ordunun da həmin etirazları necə amansızlıqla yatırdığına şahidik".

Deputat qeyd edib ki, bu səbəbdən də bu gün Ermənistanda baş verənlər təbiidir: "Ermənistanda xalq, nəhayət, öz sözünü dedi və faşist rejimi hakimiyyətdən uzaqlaşdırdı. Amma bu o demək deyil ki, Ermənistan cəmiyyətində tam sağlamlaşma gedib, orada sağlam ideyalar üstünlük təşkil edir. Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir və ölkədə klanlararası qarşıdurma bundan sonra daha da gərginləşəcək".

B.Əliyev vurğulayıb ki, onsuz da çətin durumda, səfalət və tənəzzül içərisində itib-batan Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək: "Azərbaycan isə bu gün güclü iqtisadi, siyasi potensiala malikdir, Azərbaycanda bu sabitlik və inkişaf təbii əsaslara söykənib, çünki Azərbaycanda islahatlar davamlıdır, ardıcıldır və bu, sülhə, əmin-amanlığa və xalqın firavan yaşayışına xidmət edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.