Siyasət

Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə

20 Aprel 2018 19:26
Baxış: 992

Azərbaycan paytaxtı mütəmadi olaraq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib. Burada dünyanın müxtəlif guşələrindən nümayəndələr gəlib, qlobal səviyyədə aktuallıq kəsb edən problemlərin müzakirəsini aparır, konkret qərarlar qəbul edirlər.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, aprelin 5-6-da Bakı növbəti vacib tədbirə - "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına ev sahibliyi edib. Tədbirdə Azərbaycan Prezidenti geniş və əhatəli nitq söyləyib. Dövlət başçısı həm Hərəkatın əhəmiyyətini, həm də Azərbaycanın fəaliyyətini analiz edib. İlham Əliyev Ermənistanın təcavüzkarlığını bir daha dünya dövlətləri nümayəndələrinin diqqətinə çatdırıb. Xatırladaq ki, Bakıdakı konfransda 120 ölkənin nümayəndəsi iştirak edib. Əlavə olaraq, xüsusi qonaq qismində şəxslər də tədbir iştirakçıları sırasına qatılıblar. Konfransın əhəmiyyətini nəzərə alaraq, onun bir sıra məsələlərə münasibəti üzərində geniş dayanmağa ehtiyac gördük.

Davamlı inkişaf və təhlükəsizlik: Bakı müzakirələrinin əsas məqamları

Azərbaycanda müxtəlif mövzularda beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkə rəhbərliyi davamlı olaraq müasir dünya üçün aktual olan məsələləri yüksək səviyyədə müzakirə edən konfrans, forum, seminar və s. kimi tədbirləri reallaşdırır. Onlarda təhlükəsizliyə, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa, geosiyasi əməkdaşlığa, enerji sferasında əlaqələrə, iqtisadi əməkdaşlığa həsr edilmiş məsələlərə aid geniş fikir mübadiləsi aparılır.

Bu il də bir-birinin ardınca maraqlı və aktual tədbirlərə Bakı ev sahibliyi etməkdədir. Son olaraq, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib (bax: Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib / AZƏRTAC, 5 aprel 2018).

Konfransda ümumilikdə 800-dən artıq nümayəndə iştirak edib. Onlar Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələridir. Əlavə olaraq, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri tədbir iştirakçılarına qatılıblar.

Xatırladaq ki, Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə yaradılıb. Onun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdan ibarətdir. Öncədən bu Hərəkat "soyuq müharibə" və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsədlərindən biri kimi qəbul edib. O, qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Qoşulmama Hərəkatının geosiyasi əhəmiyyəti BMT-də gözlənilən islahatların aparılmaması ilə daha da çoxalıb. Belə ki, onu alternativ fəaliyyət meydanı kimi qəbul ediblər. Təsadüfi deyil ki, son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv seçilib.

2016-cı ildə Qoşulmama Hərəkatının XVII zirvə toplantısı olub. Onun vacib nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsidir. 2019-cu ildə isə XVIII zirvə toplantısı Azərbaycanda keçirilməlidir. Ekspertlər Bakıda nəzərdə tutulan tədbirin konkret rəmzi mənasını da vurğulayırlar. Belə ki, 1989-cu il Belqrad sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyini Avropa qitəsi edəcək.

Bütün bunlara görədir ki, aprelin 5-6-da Bakıda keçirilən nazirlər konfransına maraq böyük olub. Azərbaycan paytaxtında aparılan müzakirələr növbəti zirvə toplantısının gündəliyini də konkretləşdirib. Beynəlxalq miqyasda sülh və təhlükəsizliyə davamlı inkişafın təmin edilməsi kontekstində nəzər salınıb. Aralıq konfransda yekun sənəd də qəbul edilib. Orada tədbir iştirakçıları beynəlxalq miqyasda geosiyasi, təhlükəsizlik və s. proseslərə münasibət bildiriblər, aktual hesab etdikləri məsələləri ayrıca vurğulayıblar. Diqqətəlayiqdir ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi də xüsusi bəndlə qeyd edilib. Orada dünyanın 120 dövləti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dəstəyini ifadə edib.

Sözdən əmələ: Hərəkatın konkret hədəfləri

Bu, heç şübhəsiz, Azərbaycan diplomatiyasının böyük uğurlarından biridir. Onu vurğulayaq ki, dövlət başçısı İlham Əliyev konfransdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində geniş dayanıb. İlham Əliyev ifadə edib: "Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır" (bax: əvvəlki mənbəyə).

Prezident sözünə davam edərək Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Həmin soyqırımı dünyanın 10 dövləti tərəfindən tanınıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni müzakirə edəcək və insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklər" (bax: əvvəlki mənbəyə).

Bu fikirlər təsirsiz ötüşməyib. Konfrans iştirakçıları Ermənistanın təcavüzünü pisləyiblər və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini vurğulayıblar. Bununla da demək mümkündür ki, dünya ictimaiyyəti bir daha Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstək nümayiş etdirib.

Lakin təəssüf ki, hələlik təcavüzkara qarşı konkret tədbirlər görmək mexanizmindən istifadə olunmur. Bu baxımdan Qoşulmama Hərəkatının gələcəkdə hansı addımlar ata biləcəyi üzərində ekspertlər düşünürlər. BMT-də islahatlar aparılmasa, məhz bu Hərəkatın praktiki təsir mexanizmləri işlənə bilər. Yəni Hərəkat sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi istiqamətlərində çox işlər görməlidir. Bu uzunmüddətli məqsədlərin tam olaraq həyata keçirilməsinə ehtiyac az deyil.

Tədbir iştirakçıları yuxarıda vurğulanan məqamlarla əlaqəli öz fikirlərini bildiriblər. Konfransda daha geniş kontekstdə sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilib. Bu bağlılıqda Azərbaycanın "Bakı prosesi"ni konfrans çərçivəsində təqdim etməsi də diqqəti çox çəkib. Çünki bu proses mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun reallaşmasının etibarlı meydanıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan "Bakı prosesi" artıq 10 ildir ki, fəaliyyəti ilə böyük nüfuz qazanıb. Bununla da Azərbaycan bir beynəlxalq fəaliyyət mexanizmi ilə Qoşulmama Hərəkatı arasında ciddi bağlantı qurub. Konkret ifadə etsək, artıq "Bakı prosesi" dünyanın 130-a yaxın dövləti üçün maraq doğuran hadisədir.

Bunlardan əlavə, Qoşulmama Hərəkatının Bakı konfransında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatılması ilə əlaqəli məsələlər də müzakirə edilib. Bütövlükdə dünyada sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi üçün hansı addımların atıla biləcəyi ətrafında fikir mübadiləsi aparılıb. Belə təəssürat yaranır ki, Qoşulmama Hərəkatını yeni səviyyəyə yüksəltmək məqsədi qarşıya qoyulub. Onun fəaliyyətinin artırılması qlobal geosiyasi proseslərə müsbət təsir etməlidir. Ən əsası isə dünya dövlətlərinin kollektiv surətdə yaranmış gərgin vəziyyətə müdaxiləsi üçün əlavə imkanlar meydana gəlir. Görünür, burada böyük dövlətlərin həmin məsələyə münasibətindən çox şey asılı olacaq.

Hər bir halda, Qoşulmama Hərəkatının Bakı konfransını uğurlu hesab etmək olar. Bu tədbir göstərdi ki, dünya dövlətlərinin böyük əksəriyyəti həqiqi mənada sülh arzulayırlar. Onlar münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardırlar. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı vurğuladığı fikirlərə konfransda maraq çox olub. Hiss olunur ki, bir sıra siyasi liderlərin vurğuladığı "dünya beşdən böyükdür" tezisinin real əsasları vardır. Azərbaycana gəldikdə isə, bir daha təsdiq olundu ki, o, Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə həmişə sadiqdir. Bakı sədrliyi dövründə Hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsi naminə çalışmaqda davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.