Siyasət

"Filan şey yeyənin qaşığı belində olar” - Müxalifətçilərin yeni davası

16 Aprel 2018 17:30
Baxış: 1 458

"Ziyalılar Birliyi" adlı kvaziqurumun "sədr"i, Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyevlə hazırda Avropaya sığınmış hüquq müdafiəçisi İlqar Altay arasında Facebook-da "isti savaş" gedir.

Milli.Az bildirir ki, onlar qarşılıqlı suçlamalardan qarşılıqlı təhqirlərə keçiblər.

Eldəniz Quliyev Facebook profilində yazıb: "Deyirəm, qəribə adamlarıq. Sadəlövhlüyümüz və kor-koranə, kimə gəldi inanıb etimad göstərməyimiz ucbatından, başımıza nə qədər oyunlar gəlib... amma yenə də inam limitimizə bir hədd qoymuruq...

Bir neçə il, hətta bir neçə ay bundan əvvəl İlqar Altay adlı birisi sosial şəbəkələrdə ardıcıl yazılar paylaşrdı. Sponsor hesabına və reklam vasitəsiylə yaydığı statuslarda o, aşkar şəkildə ölkənin demokratik düşərgəsini, milli-mənəvi dəyərlər daşıyıcılarını, eləcə də mütərəqqi din xadimlərini, əsasən də şiə təriqətli insanları hədəfə alırdı. Bəzən hətta, ağız bahəm edib, etik yazı üslubunu görməzdən gəlir, sağa-sola təhqiramiz ittihamlar səsləndirirdi. Misal üçün, İ.Altaya görə hacı Taleh məhv edilməli islam terroristdi, Nardaran sakinləri isə ellikcə İran "şpionlarıdır". Milli Şura lazımsız bir qurum, onun rəhbərləri isə ifşa olunmalıdırlar. Çünki onlar erməni dəyirmanına su tökən radikal ünsürlərdir.

Olsun. "Allah sənə bir az ağıl, bir çimdik də vicdan versin" deməkdən savayı nə etmək olardı ki?.. Bu da onun mövqeyi, onun seçimiydi. Şəkilinə-zadına baxanda hətta adama da oxşayırdı...

Amma... Bəli, məsələ də elə bu "əmma"dadı! Yəni nə oldusa, nə baş verdisə, bu sifarişli yazılar müəllifi 180 dərəcə dəyişdi - özü də qəfldən. Hansı transformasiya, hansı dirijor çubuğunun hərəkətiyləsə bu "adam" bircə andaca dönüb oldu... qatı müxalifətçi, haqq-ədalət carçısı, demokratik mücadiə fədaisi və s.(?!) Bu nə metamorfoza, nə xamelyonluqdu belə?.. Heç Stanislavskinin "perevoplaşeniya" məktəbinin ən istedadlı aktyoru da bu sürətlə dəyişə, özgələşə bilməzdi. Adətən siyasi mütrüflük edən bu sayaq çirkli xislətli adamlara vicdan casusu deyirlər. Burada qeyd etməliyəm ki, İlqar Altayın cəlbedici qələmi var və o, çox zaman öz mahiyyətini, daha dəqiqi içinin hikkə və irinini ustalıqla gizlətməyi bacarır. Təəssüf ki, dostlardan bəziləri də onun bu fəndgirliyinə uyaraq - üzr istəyirəm - eşşək dağlanan yerlə kabaçı kafesini səhv salırlar...

Əlqərəz, İ.Altay Azərbaycanda olanda özünü, sözün əsl mənasında, fərə kimi aparırdı. Hazırda isə o, Avropadadır və özünü xoruz kimi aparır. Nə xəbərdi, nolub ki?.. Ümumiyyətlə, İlqar və onun kimi məxluqlar, ""filan şey" yeyənin qaşığı belində olar" məsəlini yaxşı əxz ediblər. Odur ki, qaşıqlarını hardasa salıb itirəndə çox pəjmürdə olurlar. Görünən dağa bələdçi lazım deyil - bu gün İ.Altay, Azərbaycanda vicdanı ilə bir yerdə itirdiyi "filan şey yediyi" qaşığını indi Avropada axtarır. Və elə bilir, yaxud ümid edir ki, öz keçmiş suçli-siçovullu statuslarını silib də "maxrovıy" müxalif yazılar yazmaqla, ölkə iqtidarını aşağılayıb onun ünvanına ikibaşlı atmacalar atmaqla, arada da Rauf Arifoğlunu söyməklə, yaxud son Prezident seçkilərini dolamaqla öz mahiyyətini gizlədəcək. Əsla! Səmimiyyəti ört-basdır eləmək mümkün olmadığı kimi, qeyri-səmimiyyəti və riyakarlığı da gizlətmək mümkün deyil.

İndi də İ.Altay və onun kimi "birdəfəyeyilmişi" bomba qismində Qərbə göndərmək qərarına gəliblər... Hərçənd, yenə də bu "bombanın" içərisinin zibillə dolu olduğunu nəzərə almırlar...

Bəlkə də indi kimlərsə məni qınayacaq: "adam haqq yola gəlib, doğrunu yazır, mübarizə sıralarımıza qoşulur, kəskin mövqe nümayiş etdirir, hökuməti söyür" və s. deyib, iradlar bildirəcək. Əlbəttə, bu iradları qəbul edib razılaşa bilərəm. Çünki buna bənzər hadisə və kazuslar dəfələrlə olub, yəqin bundan sonra da olacaq... Amma bir şərtlə. Və bu da ondan ibarətdir ki, İlqar Altay gərək tövbə eləsin... Yox, heç tövbə lazım deyil; Çünki "tövbə" adlandırdığımız bu ağır məsuliyyəti vicdanlı və yüksək ləyaqət hissi olan insanlar daşıya bilər. Bu İlqarlıq deyil. Qoy, O, etiraf etsin. Etiraf etsin ki, bəli, mən Azərbaycanda yaşayarkən, yazıb- yaradarkən çox böyük səhvlər etmişəm, belimdəki qaşıqla "filan şey" yemişəm. Kimlərinsə sifarişiylə "yazan kukla" olmuşam, siyasi mütrüflük etmişəm. Qorxmuşam, tamahım güc gəlib. Keçin günahımdan, bir də heç vədə belə qələtlər etməyəcəm.

Həə... bax belə olacağı təqdirdə, bu mütəqəlqəl məsələ haqqında düşünmək olar; o da, "Onu bağışlamaq olarmı?" filmini yada sala bilsək. Vəssalam!"

İlqar Altayın cavabı özünü çox gözlətməyib:

"Ölkənin seçki və hakimiyyət məsələsinə başı qarışdığı vaxt, daha təhlükəli, dövləti və xalqı parçalama meyil-məqsədli separatist ünsürlər baş qaldırır... Bunlardan birisi, demokratik düşərgədə gizlənən kino - Eldəniz Quliyev adlı birisidir. O sözsüz ki, vahid dövlət və xalq olaraq, bütün etnik qruplar, əksər vicdanlı, vətənpərvər insanları ilə birlikdə, hamımız üçün vacib və əzizdir.

Ancaq Milli Şuranın xalq, azadlıq və demokratiya yolunda səmimi fədakar mūbarizəsinə rəğmən, onun içində özünə yuva tapmış Eldəniz Quliyev kimi simasız artistin, hirs-hikkə "klimaksı" keçirən separatçı-antiazərbaycançının mūtləq cavabı verilməlidir... Belə ki, bir vaxt öncə vətənpərvər ictimai xadim, İlham İsmayılın ona verdiyi ibrətamiz cavabı paylaşıram".

Mübahisəyə MTN-nin sabiq zabiti, müxalifətçi İlham İsmayıl da qatılıb. O, yazıb: "Hörmətli Eldəniz Quliyev FB-də dünən yekə bir status paylaşıb ki, İlham İsmayıl və Fazil Mustafa talışlara qarşı qərəzli münasibət göstərir, sosial şəbəkədə "talış separatizmindən" danışırlar. Fazil Mustafa FB-də dostluğumda olmadığından zamanında nə yazdığını bilməsəm də Eldəniz Quliyevin mövqeyini bilirəm.

Eldəniz Quliyev, birinci mənim yazdıqlarımı, paylaşdıqlarımı birmənalı şəkildə dərk etməmisiniz. Mənim hədəfimdə talış xalqı, "Talışıstan" televiziyası, hansısa bayraq deyil. Mənim hədəfimdə Rusiya, Ermənistan tərəfindən yaradılan, daha çox da elə həmin ölkələrdə çox ciddi-cəhdlə fəaliyyət göstərən "talış separatçılarına" qarşı zamanında uyğun profilaktik tədbir görməyən dövlət qurumlarıdır. Amma bir sual yaranır. Niyə 123 veriliş verib bizi hər cür aşağılayan Zabil Məhərrəmova, Fəxrəddin Əboszadə, İsmayıl Şabanova, Əlikram Hümmətova qarşı bu illərdə bir kəlmə münasibət bildirməmisiniz?

Hətta statusunuzda onların adlarını çəkməkdən belə çəkindiyiniz açıq görünür. Sizin statusunuza şərh yazanların hansı mövqedə olduqlarını görmürsünüzmü? Siz susa bilərsiniz, amma Qarabağı itirən qarabağlı kimi, millətimə "tırk" deyən Madoja, dövlətimə süni qurum deyən Əboszadəyə, "hansı yuvanın quşusunuz" deyən İsmayıl Şabanova və onları dəstəkləyən hər kəsə (nə qədər çox olduqlarını sizin statusunuza yazılan şərhlərdən və başqa mənbələrdən gördüm) qarşı sözümü də deyəcəm, hərəkətimi də ortaya qoyacam. Məni, Fazil Mustafanı hədəfə götürmək Sizin üçün asandırsa, davam edin. Separatizm nədi, necə yaranır, kim yaradır və ona qarşı necə mübarizə aparılmalıdı - bu, sizin bilmədiklərinizdi. Mən sizin kino işinizə qarışmıram ki. Gedin, bildiyiniz işlə məşğul olun".

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.