Siyasət

Siyavuş Novruzov: "ATƏT DTİHB məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıb"

15 Aprel 2018 14:43
Baxış: 782

Azərbaycanda prezident seçkiləri qanunun tələblərinə uyğun keçirilib. Seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) bütün addımları atdı.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov MSK-nın bu gün keçirilən iclasında deyib.

S.Novruzov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT PA və AŞ PA-nın müşahidə missiyasının seçkilərlə bağlı ilkin hesabatına da münasibət bildirib. O qeyd edib ki, həmin təşkilatlar məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıblar.

S.Novruzov həmin təşkilatların nümayəndələri ilə görüş keçirildiyini bildirib: "Həmin görüşdə prezidentliyə namizədlər də iştirak edirdi. Onlar bildirdilər ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb, heç bir müdaxilə edilməyib. Namizədlər bir dəfə də etiraz etməyiblər ki, hansısa qanun pozuntusu olub. İndi kənardan gələn müşahidəçi deyir ki, qanun pozuntuları olub. Bunu haradan bilirlər?"

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.