Siyasət

Bakıda yalan və ümidsizlik şousu: "Məhsul"da dəfn

14 Aprel 2018 18:27
Baxış: 2 205

"Bu iqtidar getməlidir!", "Seçkilər saxtadır!", "Talana son!".. Az qala hava proqnozunu da hakimiyyətdən görən, göydəki buludları və əsən küləyi də "iqtidarın müxalifətə qarşı məkrli əməli" sayan kəslər bu gün yenə tribunada idilər.

Danışdılar - həmişəki sözləri dedilər.

Qışqırdılar - öz şüurları və dünyagörüşləri kimi zərrə fərqsiz qalmış şüarları söylədilər.

Əllərini yellədilər, barmaqlarını tuşladılar, boğazlarını arıtlayıb qəzəb kükrədilər.

Meydanda isə həmişə olduğu kimi, onların "qvardiya"sı idi. Azsaylı, ümidsiz, qəzəbli.

Qəzəbləri vədlərinin müqabilində heç nə etməyən, edə bilməyən, nə zamansa edəcəklərinə əsla ümid olmayan adamlara idi.

Fiqurantlara, özlərini "lider" sayan şəxslərə, çoxdan tükənərək ətrafındakıların da səbrini tükətməkdə olanlara.

Bakının Yasamal rayonunda,  metropolitenin "İnşaatçılar" metrostansiyasının yaxınlığında iki saat, 17.00-19.00 arasında olan mitinqə vur-tut 1000 nəfər qatılmışdı.

Stadion bu gün yenə və yenilən AXCP, Müsavat, Xalq partiyaları, "Müsəlman Birliyi Hərəkatı" və NİDA-nın habelə onların ətraflarında dövrə vurduqlarını göstərməyə çalışan təbii və süni peyklərinin mitinqvari fiaskosuna meydan oldu.

Uğursuzluqdan uğursuzluğa radikallaşanların "mitinq taktikası" adlandırdıqları şoularının tamaşaçı-iştirakçılarının sayı da sürəkli azalır. Belə ki, ötən, martın 31-də keçirilmiş mitinqə 1200 nəfər qatılmışdısa, budəfəki rəqəm 200 nəfər az oldu.

Bugünkü mitinqdə "müxalifət lider"lərinin sadəcə, bir "uğur"u vardı: "Məhsul"dakı toplantıya qatılanlar arasında smartfonlarla selfilərini  çəkənlərin sayı artmışdı.

Adətən, belə foto çəkənlər sonradan "siyasi mühacirət"ə yollanırlar. Mitinqdəki fotolar isə onların necə də "mətin və qəhrəman mübariz"lər olmasının sübutu sayılırmış...

Fələyin gərdişindən, siyasət qanunlarının onlara  qarşı işləməsindən dolayı Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və radikallaşma dövrü çoxdan geri qalaraq özlərini aqressivləşmiş, qəzəbnək naləçilər dəstəsinə çevirmişlərin tribunada dedikləri əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmədi.

Əsl deja-vyu idi bu gün. Bir fərqlə: "Məhsul"dakı bugünkü mitinqdə aprelin 11-də keçirilmiş seçkilər tənqid olundu.

Azərbaycan siyasətinin Ostap Benderinə çevrilən və aldanmış kəvakib olmasının hələ də fərqinə vara bilməyən Əli Kərimli yenə Qərbin onları dəstəkləməsindən, ATƏT DTİHB-in hesabatından bəhs etdi.

Onun sözlərinə görə, sən demə (!) Avropa ölkəmizdəki seçkilərin nəticələrini "tanımır".

Təbii, Əli Kərimli çıxışında nə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın seçkilərdəki qələbəsinə görə dövlət başçımız İlham Əliyevi təbrik etməsindən, nə Avropa İttifaqı Şurasının baş katibi Donald Tuskun İlham Əliyevə təbrik yollamasından bəhs etmədi.

Həmin təbriklərsə Avropa Şurası ilə Avropa İttifaqının seçkiləri, səsvermə prosesini və ən başlıcası, həmin seçkilərin nəticələrinin tanınması - de-yure və de-fakto - deməkdir.

Əli Kərimli bu barədə susdu, amma yenə kükrədi, şikayətləndi, hiddətləndi, yalanları sıralayaraq meydana yığışanları aldatmağa çalışdı.

Və həmişə olduğu kimi, İslam dini ilə pərdələnən şəxslər xüsusilə fəaldılar.

Amma onlar bu dəfə artıq "Vicdan məhbuslarına azadlıq!" kimi saxta, efemer şüarla yox, dəyişdirilmiş tələbi əks etdirən "İslamçı məhbuslara azadlıq!" şüarı ilə çıxış etdilər.

AXCP və "Milli Şura" tənəzzülün, bihudəliyin, zavallılığın son həddində olduğundan, dibə vuran siyasi dərnəklərə çevrildiyindən siyasi fəaliyyəti çoxdan sosial şəbəkələrdə virtual vəcdəgəlmələrlə əvəzləmiş Əli Kərimli "möhtəşəm mitinqə qatılmayan"ları qınamaqdan da çəkinmədi.

Halbuki AXCP sədri dərk etmir ki, xalq onu və ətrafındakıları, hələlik müttəfiq dedyi şəxsləri siyasətçi qismində qəbul etməyib, etmir də.

Xalq heç bir perspektivi, intellektual məqsədləri, problemlərin həlli variantları barədə məntiqli açıqlama verə bilməyən adamları niyə qəbul etməlidir ki?!

25 ildən bəri dəyişməyən və dəyişə bilməyən, əsla inkişaf etməyən, çağdaş siyasi şəraitin tələblərini anlamayan, aciz siyasətçiləri vətəndaşlar təbii ki, dürüst seçim sanmayıblar və bu, indi belədir.

Azərbaycanda hədsiz zəifləyən, siyasi müstəvidəki məzarlığı xatırladan müxalifəti tənqid etmək istəməzdik bəlkə də. Axı nə qədəor tənqid etmək olar  -həmin tənqidlərdən əsla nəticə çıxarılmırsa və o adamlar "doğru" bildikləri yanlış yola davam edirlərsə... Amma nə edəsən ki, dərdlinin dərdini demək, bəlalının bəlasından bəhs etmək birbaşa işimizdir.

İş odur ki, Azərbaycanın radikallaşan müxalifəti, siyasi diskussiyada artıq bütün hədləri aşmağa başlayan və etimadı tam itirəndən sonra indi də mövqeleri əsl intellekt plebeyləri olan "siyasi mühacir-bloqer"lərə verən, Avropaya sığınmış marioentlərə uduzan və məğlubiyyəti aşkar olan Əli Kərimli, habelə diletant siyasətçi Cəmil Həsənli və Müsavatın adına sığınan Arif Hacılı indi sosial şəbəkələrdə "tərəfdar" adlandırdıqları adamlara boş ümidlər vermək, onları efemer "mübarizə"yə çağırmaqla, onlara hələ də nədənsə inananlara qaz verməklə məşğuldurlar.

Halbuki onların siyasi vəziyyəti bərbaddır. Onlar batıblar, faktiki olaraq yoxdurlar.

Onlar siyasəti çoxdan tərk edərək Facebook-da yazılara, canlı yayımlara keçiblər, özlərindən həzz alır, olmayan ictimai dəstəyi xəyal edib qürrələnirlər, hətta illüziyalara qapılıb hakimiyyəti də - öz aləmlərində - hədələyirlər.

Bugünkü mitinq, daha doğrusu, fiasko bunu bir daha təsdiqlədi.

İroniyaya, siyasi məzhəkəyə baxın: ən yxaın tərəfdaşlarını asanlıqla siyasi hərraca çıxarmış Əli Kərimli və Cəmil Həsənli demokratiyadan bəhs edir, vtəəndaşları harasa, niyə çağırırlar.

Bir-birlərini söyən, bir-birinə düşmən kəsilən, sosial şəbəkələrdə virtual olaraq bir-birlərinin qanını tökən real və "trol" müxalifətçilərin bir araya gəlməsi, normal və güclü siyasi mübarizəyə başlaması mümkün deyil.

Cəmil Həsənli, Arif Hacılı və Əli Kərimli indi guya müttəfiqlər, silahdaşlardır.

Amma əmin olun ki, bu adamların hər biri şəxsi maraqları, korporativ mənafeləri üçün yanında duranı zərurət yarananda asanlıqla satacaq, verilən vədlərə xəyanət edəcək, irəli çıxmaq, istədiyinə çatmaq üçün məqbul saydığı hər vasitəyə əl atacaq.

Kirli simalar ölkə müxalifətinin indiki zavallı vəziyyətinin əsas baiskarıdır.

Qərbdən danışırlar, amma Qərb çoxdan bu adamlardan əlini üzüb.

Çünki müccərəd şəkildə "Qərb" adlandırdıqları dövlətlər və təşkilatlar heç zaman zəifləri, heç bir pespektivi olmayanları dəstəkləməz.

İllah da ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən aldığı pulları "vasitəçi" qismində bəlli qəzetlərin baş redaktorlarına, buyruq quluna çevrilmiş "əl jurnalist"lərinə, siyasətçilərə paylayan, həmin "paylaşma"da hər dəfə müəyyən, amma böyük məbləği "vasitəçilik xidməti" adı ilə cibinə qoyan, müxalifət düşərgəsində illər əvvəl "Professor" ləqəbi ilə tanınan adama Qərb niyə dəstək verməlidir?

Tərəfdarlarını mübarizəyə səsləyən, həbslərdən çəkinməməyə, məhrumiyyətlərə dözməyə çağıran, hər gün sosial şəbəkələrdə boşboğazlıq edən, amma illər əvvəl Müsavat başqanı ilə "əməkdaşlıq və tərəfdaşlıq anlaşmasına varan"dan cəmi 2 saat sonra İsa Qəmbərin ən böyük dayağı sayılan adama "Bəy, sizə biz tərəfə gəlməyi, mənim birinci müavinim olmağı təklif edirəm" söyləyən insanın əqidəsinə, mənəviyyatına, simasına Qərb niyə inanmalıdır?!

Ölkənin ən ağır, laübəli dövrlərindən birini yaşadığı anlarda parlamentin tribunasına sərxoş vəziyyətdə çıxıb İstanbuldakı ucuz "lokanta qəhrəmanı"a bənzəyən, hələ də siyasətlə məşğul olduğunu düşünüb əslində siyasətin onunla məşğul olduğunu dərk edə biləcək şüur sahibi olmayan marioentə Qərb niyə stavka etməlidir?!

Bugünkü mitinqdə tribunada duran "qəhrəman"lar bunu da anlamadılar.

Çoxdan siyasətin məhəccərindən aşağı olduqlarının fərqinə varmadıqları təki.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.