Siyasət

PARADOKS - ATƏT-in müşahidə missiyasının rəyini Avropa rəsmiləri ciddi qəbul etmir

15 Aprel 2018 07:00
Baxış: 805

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Avropa Şurası Parlament Assambleyası və ATƏT-in Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilmiş 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkisi ilə bağlı yaydığı birgə rəy böyük qalmaqala səbəb oldu.

 Lakin maraqlısı odur ki, müşahidəçilərin tənqidi rəyindən 2 gün sonra Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib. AŞ-nin Baş katibi yazır: "Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm! Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində sizinlə sıx işləmək niyyətindəyəm".

Yaranmış ziddiyyətli vəziyyəti Milli.Az-a şərh edən "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə məsələyə aydınlıq gətirərək bildirib ki, seçki müşahidə missiyasının məlum rəyi ilə AŞ-nın Baş katibi Yaqlandın təbriki arasında böyük fərq var.

Politoloqun fikrincə, baş verən hadisələrin gedişi göstərir ki, Azərbaycandakı seçki barədə mənfi rəy verənlər Avropanın özündə belə qeyri-ciddi qəbul olunurlar: "Əslində, Avropanın rəsmi qurumları məlum qalmaqallı tənqidi rəyin əsasında Azərbaycandakı prezident seçkisinə yekun qiymət verməlidir. Burada isə ziddiyyət əmələ gəlir. Sual olunur ki, missiyanın bəyanatı nə idi, sonra AŞ Baş katibinin bu mövqeyi nədir? Deməli, Torbyorn Yaqland ya digər müşahidəçilərin də rəyini nəzərə alaraq belə bir fikirlə çıxış edir, yaxud da Azərbaycanda seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyalasının nüfuzu Avropanın özündə belə o qədər aşağıdır ki, oradakı rəsmilər də onların rəyini ciddi qəbul etmirlər. Ona görə də belə paradoksal vəziyyət yaranıb".

İ.Vəlizadə hesab edir ki, ATƏT-in müşahidə missiyasının rəhbərləri subyektiv maraqlardan çıxış ediblər: "Bundan əvvəl isə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin ofisi də bəyanatla çıxış edib və seçkinin nəticələrini tanıyıb. Əslində, bu o deməkdir ki, Avropa İttifaqı Azərbaycandakı vəziyyəti olduğu kimi dərk edir, yaxud dərk etmək imkanlarına malikdir, sadəcə, ola bilər ki, ATƏT-in missiyası Azərbaycana başqa bir sifarişlə gəlib çıxış edib və başqa məqsədlərə qulluq edir. Yəni belə məlum olur ki, bütün hallarda onlar Avropadakı nüfuzlu dairələrin maraqlarından yox, əks maraqlardan çıxış ediblər. Proseslərin gedişindən yalnız bu nəticəyə gəlmək olar".  

İlkin İzzət

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.