Siyasət

"The Economist": Azərbaycan vətəndaşları həyat səviyyəsinin yüksəlməsinə və siyasi sabitliyə görə Prezident İlham Əliyevə minnətdardır

13 Aprel 2018 19:09
Baxış: 685

Nüfuzlu "The Economist" nəşri Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsinə məqalə həsr edib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, məqalədə bildirilir ki, Azərbaycan vətəndaşları həyat səviyyəsinin yüksəlməsinə və dünyanın bu qeyri-stabil bölgəsində siyasi sabitliyə görə Prezident İlham Əliyevə minnətdardır. Qeyd olunur ki, ölkə vətəndaşları Prezident İlham Əliyevin Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisini işğal etmiş Ermənistana qarşı sərt mövqeyini bəyənir.

"The Economist", həmçinin Prezident İlham Əliyevin bir sıra iqtisadi nailiyyətlərini qeyd edib. Məqalədə vurğulanır ki, 2000-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 13 faiz artıb ki, bu da ölkəni dünyada ən sürətli inkişaf edən ölkəyə çevirib. Azərbaycanda yoxsulluq səviyyəsi isə 2000-ci ildə qeydə alınan 50 faizdən 5 faizədək düşüb.

Bildirilir ki, bununla belə, dayanıqlı iqtisadi modeli təkcə karbohidrogenlər üzərində qurmaq olmaz, ona görə də Prezident İlham Əliyev Azərbaycanı Yeni İpək Yolunda tranzit nəqliyyat qovşağına çevirmək istəyir. Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars yeni dəmir yolunun açılması o deməkdir ki, Çindən Avropaya ən qısa yol indi Azərbaycandan keçir.

Bu kontekstdə "The Economist" vurğulayır ki, təkcə 2016-cı ildə Çinlə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 560 milyard dollara çatıb, amma bütün ticarət əməliyyatlarının 90 faizi dəniz vasitəsilə aparılır ki, bu da yolu iki dəfə uzadır.

"The Economist", həmçinin reallaşdırılmasında Azərbaycanın iştirak etdiyi digər beynəlxalq layihə haqqında da yazır:

"Şimal-Cənub" nəqliyyat dəhlizi yaxın zamanlarda Mumbayı və Moskvanı Azərbaycandan keçən dəmir yolu vasitəsilə birləşdirəcək".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.