Siyasət

Bakıda olanları görməyən "müşahidəçilər": oyun davam edir

13 Aprel 2018 16:28
Baxış: 2 953

Mission: Impossible... Yenə də gümanlarımız düz çıxdı, "demokratik və ədalətli müşahidə" vəd edənlər sözlərinə xilaf çıxdılar. Yenə yalan, yenə iftira və yenə də qərəz.

AŞPA, ATƏT PA və ATƏT-in DTİHB-nın aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərin ilkin nəticələri və şərhlərin yer aldığı hesabat proqnozlaşdırılan məzmunda idi.

DİTHB həmişə olduğu kimi, bu dəfə də Azərbaycandakı missiyasını "sürpriz"lər olmadan başa vura bilmədi.

... "Baxın, hakimiyyət necə narahatdır", "Beynəlxadlq müşahidəçilər həqiqəti dedilər", "Rüsvay etdilər bizi" - bu sözlər sosial şəbəkələrdə Azərbaycan müxalifətinin "lider"lərinin, onların yan-yörəsinin, xaricdə yaşamağa cəhd göstərən "siyasi mühacirlər"in və özlərini az qala millətin fədaisi hesab edərək milləti öz maraqlarına fəda etməkdən zərrə qədər çəkinməyəcək şəxslərin açıqlamalarıdır.

Vəcdə gəliblər, sevinirlər. Düşünürlər ki, vəssəlam, Azərbaycanda ən uzağı iki həftə sonra hakimiyyət mütləq dəyişməlidir: axı belə hesabatdan sonra başqa nə ola bilər ki?!

Siyasi düşüncəni və məntiqi belə zavallı hala salanlara cavab vermək niyyətində deyilik, çünki klinik mənzərə olduğundan, heç bir xeyri yoxdur.

Emosiyaları bir kənara qoyaraq "Nə və niyə baş verir?" sualına soyuqqanlı şəkildə cavab verməyə çalışaq.

Elə həmin DTİHB

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, yəni DTİHB nizamnaməsinə görə, sırf müşahidə missiyasıdır.

Bu səbəbdən də həmin təşkilatın mənsubları yollandıqları ölkənin daxili işlərinə əsla qarışmamalı, onun qanunlarına sayğı ilə yanaşmalıdır.

DTİHB digər beynəlxalq təşkilatlardan daha demokratik, şəffaf və ən başlıcası, ədalətlidir?!

Ortada qərəz var.

Olanlar, olmayanlar və deyilənlər

Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsinin nəticələri ilə əlaqədar ilkin təəssüratlarının əks olunduğu hesabatı bölüşdülər.

Müşahidə missiyasının rəhbəri Korien Yonker mətbuat konfrasında yekun hesabatın iki ay ərzində hazır olacağını bildirdi.

Toplantıda vurğulandı ki, ATƏT DTİHB missiyasının 28 uzunmüddətli müşahidəçisi seçkiqabağı prosesləri izləmək üçün martın 9-dan Azərbaycana gəlib. Ölkənin bütün bölgələrini maksimum əhatə etmək üçün seçkiləri 350 beynəlxalq müşahidəçi izləyib.

Müşahidə missiyasının rəhbəri seçki günü bir sıra qanun pozuntularının olduğunu da iddia etdi. Bu isə hər zaman Azərbaycana qarşı qərəzli mövqe ilə seçilən ATƏT DTİHB-nin yenə də öz ampluasında qaldığını bir daha təsdiqlədi. Təəssüf ki, bu qurum Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər hallarda ya qərəzli, obyektivlikdən uzaq, ya da ikili yanaşmaları ilə yadda qalıb. Qurumun bu cür mövqeyinin əvvəlki aralıq hesabatı ilə üst-üstə düşməməsi məsələnin əsl mahiyyətini ortaya qoyur.

Aralıq hesabatında o da vurğulanırdı ki, bir sıra partiyalar bu siyasi kampaniyaya qoşulmayacağını, seçkiləri boykot edəcəklərini bildirirdi. Buna səbəb isə hazırlıq üçün kifayət qədər vaxtın olmadığı bəhanə gətirilirdi.

Təbii ki, Azərbaycanın can verən müxalifətinin seçkiyə qatılmamasının əsl səbəbi hər kəsə bəllidir. AXCP, "Milli Şura" və Müsavatdan ibarət trio seçkilərə qatılmağın məğlubiyyəti ehtiva etdiyini anladıqlarından siyasi cığallıqlarını davam etdirərək "aktiv boykot" taktikasına əl atdıqlarını dedilər.

Əslində, həmin boykot passivdi və sadəcə, Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı təki siyasi kunstkamera eksponatlarının sosial şəbəkələrdəki emosional çağırışlarından, onların de-yure rəhbərlik etdikləri strukturların "troll"larının fəaliyyətindən, təhqirlərdən, şikayətlərdən və nifrinlərdən ibarətdi.

"Sırf təsadüf" nəticəsində Avropa ölkələrinə sığınmış "siyasi mühacir-bloqer"lər qəflətən fəallaşdılar, söyüş və təhqir lüğətinə keçdilər, onları idarə edərək maliyyələşdirənlərin etimadını doğrultmaq, plana uyğun davranmaq üçün əllərindən gələni etdilər.

Şəbəkələnmiş fəaliyyət hələ də davam edir.

Sarkisyanın kolluğunda şərqi deyənlər

"ATƏT müşahidəçiləri biabırçı davrandılar. Onların əvəzinə utanırıq. Bu adamlar hakimiyyətin, Sarkisyanın kolluğunda şərqi deyən sərçələr idilər".

2013-cı ildə Ermənistanda keçirilmiş "prezident seçki"lərində Serj Sarkisyanın 58,6 faizlik nəticə ilə "qələbə"sindən sonra tanınmış erməni müxalifətçi və ekspert Anuş Mkrtıçyan belə demişdi.

Gerçəkdən də, ATƏT DTİHB-nin Ermənistana yolladığı müşahidə missiyası az qala birmənalı şəkildə Serj Sarkisyanı dəstəkləmiş, "seçkilərin normal, demokratik və ədalətli şəkildə keçdiyini" hesabatında bildirmişdi.

Halbuki həmin "seçki"lər total saxtakarlıq, fırıldaqlar və müxalif namizəd, İrs Partiyasının sədri Raffi Hovannisyana verilən səslərin oğurlanmasından ibarətdi.

Təsadüfi deyil ki, hesabat açıqlanan günü R.Hovannisyanın tərəfdarları mitinq keçirərək ATƏT DTİHB-in müşahidəçilərini "satqın köpəklər, Sarkisyanın lakeyləri" adlandırmışdılar.

Hesabatın əsl müəllifləri DTİHB missiyasının rəhbəri Heydi Talyavini və Ştefan Krauze idi.

O Krauze ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinir izləmək üçün Bakıya "müşahidəçi" qismində gəlmişdi.

Yunanıstanın paytaxtı Afinada doğulan, Almaniyanın paytaxtı Berlindəki Azad Berlin Universitetini "Şərqi Avropa tarixi" ixtisası ilə başa vuran 44 yaşlı Ştefan Krauze Avropa Birliyinin Kambocaya yolladığı müşahid missiyasında "ixtisaslaşmışdı".

Kambocanın paytaxtı Pnompendə onu yaxşı xatırlayırlar. Ölkə müxalifətinə "aşiq", hesabatlarında daim hakimiyyəti az qala diktatura kimi tənqid edən Krauze 2003-cü ildə yalanlarına görə missiyasını tələsik başa vurmalı, Pnompendən az qala qaçmalı olmuşdu.

2012-ci ildə Ukraynaya yollanan Krauze orada da adətinə xilaf çıxmır, kəskin tənqid olunur. 2015-ci ildə Qırğızıstanda, sonra Tacikistanda da seçkilərlə bağlı hesabatların kəskin narazılıq doğurmasının səbəbkarlarından biri elə Ştefan Krauze idi.

DTİHB müşahidəçisi mandatı ilə yollandığı bütün ölkələrdə o, "rəngli inqilab" nəzəriyyəçisi, hakimiyyət dəyişikliyi ideoloqu, çevrilişlər tamarzısı təsiri bağışlayıb.

Azərbaycana da o, DTİHB missiyasının sədr müavini qismində gəlmişdi.

Amma necə....

Bakıya ayaq basdığı gün Ş.Krauze Facebook-dakı profilini "dost olmaynalara qapalı" rejimə keçirdi. Bu, səbəbsiz deyildi.

Ş.Krauzenin Facebook profili Ermənistana və ermənilərə aşkar rəğbətlə seçilən paylaşımlarla zəngindir. O, Serj Sarkisyanın prezident seçildiyi seçkiləri "dəyərləndirən" DİTHB "ekspert"lərini "əla iş" münasibətilə təbrik edir, Ermənistanda "demokratiya" olduğunu yazır. Halbuki elə həmin ATƏT Ermənisan həbsxanalarında yüzlərlə siyasi məhbusun olduğunu etiraf edib.

Ş.Krauzenin Azərbaycana münasibəti onun Meydan TV-nin "açıqlamaları"nı həvəslə paylaşması, Dağlıq Qarabağdakı terrorçu rejimi dəstəkləyən ATƏT deputatı Frank Şvabı tərifləyir, erməni diasporu ilə çox sıx əlaqələrini gizlətməyən digər deputat Maykl Maknamardan vəcdə gəldiyini yazır, Türkiyəyə nifrət etdiyini gizlətməyən və "qədim erməni xalqının müdrikliyinə heyran qaldığını" deyən deputat Ute Finh-Kremerlə eyni mövqedə durduğunu açıqlayır.

Daha sonra o, Azərbaycan hakimiyyətini təhqir edir, ölkəni aşağılayır, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycandakı sabiq agenti Aleks Qriqorvyevslə sıx təmasları ilə qürrələnir.

Bütün bunlarla yanaşı, Ş.Krauze Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mənhus mövqedədir. Belə ki, o, ötən ilin ortalarında Facebook-dakı statuslarından birində qarabağlı erməniləri "qəhrəman və mərd, döyüşlərdə düşmənə qarşı vuruşmaqdan çəkinməyən insanlar" adlandırmışdı. Həmin statusa şərh yazan azərbaycanlılar Ş.Krauzeni tənqid edəndə isə o, belə cavab vermişdi: "Siz Qarabağdakı döyüşlərdə ölən vətəndaşlarınızı qəhrəman saya bilərsiniz, amma reallıq belə deyil".

Ş.Krauze 4 saat sonra həmin statusu silmişdi.

Ş.Krauze Facebook profilinə "qıfıl vursa" da, internetdə nəyisə gizlətmək mümkün deyil.

Burada, Bakıda olanda isə Ş.Krauzenin prezident seçkiləri ilə bağlı "etibarlı məlumat mənbə"ləri Meydan TV-nin rəhbəri Emin Millinin "yavər"i Rəşad Şirin, AXCP sədri Əli Kərimlinin müavini İradə Nəriman və başqaları oldular.

Şərhə ehtiyac varmı?!

Bu, alman "beynəlxalq seçki eksperti"nin bütün diplomatik davranış qaydalarını və əxlaq prinsiplərini pozması ilə bahəm, həm də ATƏT-in müşahidə missiyasının sədr müavini postunda yolverilməz davranışıdır.

ATƏT, sən nə edirsən?!

ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena Bakıdakı mətbuat konfransında "Bizdə demokratiyadır, seçim var və buna görə də tanıdığınız Kriştianu Ronaldu təki futbolçumuz var" kimi məntiq absurdunu söyləməklə yadda qalasıdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA müşahidə missiyaları prezident seçkilərinin ilkin nəticələrinin açıqlandığı mətbuat konfransında de Sena çox danışdı.

Əsl ad və soyadı Nilza Marilla Moujinyu de Sena olan 44 yaşlı bu xanım Azərbaycana və azərbaycanlılara seçkilərin nə olduğunu az qala barmaq hesabı ilə başa salmağa çalışdı.

Daha sonra o, az qala Azərbaycanı orta əsrlərin ölkəsinə bənzətdi ki, bu da, yumşaq desək, siyasi etikadan kənar ifadələrdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Korien Yonkerin nitqi də "maraqlı" idi.

52 yaşlı holland xristian-demokrat, deyəsən, ilk ixtisası olan loqopedlimyi xatırlamışdı və soyuqqanlı şəkildə "nəyi necə etməyin gərəkdiyini" söyləyirdi.

Onun mövqeyi ATƏT prinsipləri ilə ziddiyyət təşkil etsə də, xanım Yonker sözlərindəki paradoksalara fikir vermədən Azərğaycanı suçlamağa davam edirdi.

Mətbuat konfransında ATƏT-in seçkilər departamentinin rəhbəri Aleksandr Şlık iştirak etmədi. Əslən belarus olan A.Şlık İsveçin cənubundakı Lund Universitetini bitirəndən sonra 2006-2007-ci illərdə Budapeştdəki Mərkəzi Avropa Universitetində oxuyub.

Amerikalı Corc Sorosun yaratdığı və maliyyələşdirdiyi bu universiteti bitirən siyasətçilər və "ekspert"lərin az qala istisnasız olaraq hamısı "təsadüfən" dövlət çevrilişlərinin, "rəngli inqilab"ların, Sorosun interpretasiyasındakı "vətəndaş cəmiyyəti və demokratiya"nın qatı ideoloqları olurlar.

ATƏT-in Azərbaycan üzrə məruzəçisi Stefan Şennax isə Bakıya gəldiyi gün Twitter-dəki profilində yazmışdı: "Seçkilərin müşahidə missiyası artıq Bakıdadır. DİTHB mənsubları ilə birliklə prezidentliyə namizədlərlə görüşəcəyik. 8 namizəd var, onlardan biri Sosial-Demokrat Partiyasından olan qadındır".

Prezidentliyə namizəd olan partiya sədrini tanımayan, bununla da Azərbaycandakı seçki prosesi barədə "dərin bilik"lərinin hansı səviyyədə olduğunu göstərən S.Şennaxın, futbolçu Ronaldudan bəhs edərək onu siyasətə "aparan" Nilza de Sena, azərbaycanlılara loqopediya təlimi keçməyə çalışan Korien Yonkerin və onların rəhbərlik etdikləri "müşahidə missiya"sının hazırladıqları hesabatı nə dərəcədə obyektiv, reallığı əks etdirən və məntqi hesab etmək olar?!

Ümumiyyətlə, ATƏT seçkilərin keçirildiyi ölkələrə yolladığı müşahidəçilərin peşəkarlıq və obyektivlik səviyyəsini yoxlayırmı, onların getdikləri ölkə ilə bağlı qərəzli mövqe tutub-tutmamasından xəbərdardırmı?!

Sual ritorikdir. Çünki görülən işin yarıtmazlığı, Azərbaycana qarşı obyektivlikdən çox uzaq mövqe, ATƏT-lə rəsmi Bakı arasındakı münasibətləri ifrat dərəcədə gərə biləcək davranış ortadadır.

ATƏT DTİHB missiyasının tərkibindəki prinsipial müşahidəçilər seçki ərəfəsində missiyadan uzaqlaşdırılması, Polşadan olan iki müşahidəçinin vaxtından əvvəl vətənə qayıtmaları (qaytarılmaları) faktı da sual doğuran məsələdir.

Əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl, bir az da olsa, düşünmək yaxşı olardı

Və bu, əsla emosiya deyil...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.