Siyasət

"Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar"

13 Aprel 2018 12:18
Baxış: 1 348

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri heç Bakıya gəlmədən də elə Varşavada oturub Azərbaycanda keçirilmiş prezident seçki ilə bağlı hesabatı hazırlayıb dərc edə bilərdilər. Onlar deyirlər ki, seçki prosesində rəqabət olmayıb, azadlıqlar pozulub, məhdudlaşdırılıb və belə şəraitdə azad seçki ola bilməz. Onda nə üçün, ümumiyyətlə, Azərbaycana gəlmişdilər?! Onların hesabatı öncədən hazırlanmış, qərəzli sənəddir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilmiş 11 aprel 2018-ci ildə prezident seçkisi ilə bağlı yaydığı hesabata münasibətində bildirib.

Millət vəkilinin fikrincə, bu, sadəcə, onların Azərbaycana qarşı ideoloji yanaşmasıdır: "Kimin nədən xoşu gəlir və ya gəlmirsə, öz mövqeyini bildirir. Axı bu böyük və nüfuzlu beynəlxalq təşkilatdır. Onları bura müşahidə aparmaq üçün göndəriblər. Ona görə də hesab edirəm ki, onların yazdığına heç əhəmiyyət verməyə də dəyməz".

Bununla yanaşı politoloqun fikrincə, DTİHB-nin müşahidə missiyasının bu cəfəng hesabatına baxmayaraq, Azərbaycan ATƏT-lə əməkdaşlığını sıx şəkildə davam etdirməlidir: "ATƏT universal bir təşkilatdır. Biz yalnız bu Büroya görə ATƏT-dən çıxası deyilik. Pis və ya yaxşı, Minsk qrupu da ATƏT-in qurumudur. Ona görə bu təşkilatla münasibətləri hansısa müşahidəçilərin fikirlərinə görə korlamağa dəyməz. Onlar hesabat yayıblar, lakin bu hesabat Azərbaycan tərəfindən normal qəbul edilməyib. Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar. Bunun nəticəsində nə dəyişib ki? Heç nə! Sadəcə, Azərbaycan normal münasibət göstərib onları müşahidə üçün dəvət etmişdi. Onlar isə müşahidə əvəzinə öncədən öz istəklərinə uyğun hesaba hazırlayıb, mövqe açıqlayıblar. Bir daha təkrar edirəm ki, bunları demək üçün heç Bakıya gəlmək lazım deyildi!"

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.