Siyasət

Politoloq: "ATƏT DTİHB həmişə Azərbaycana əvvəlcədən hazırlanmış qərəzli hesabatla gəlir"

13 Aprel 2018 09:22
Baxış: 389

Biz dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçirilən seçkilərlə bağlı mənfi mövqe ortaya qoyub və bir çox hallarda Azərbaycanda seçkiləri müşahidə etmək üçün gələrkən artıq hazır hesabatları olub.

Milli.Az xəbər verir ki, bunu Trend-ə ATƏT DTİHB-nin müşahidə missiyasının bu gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirən politoloq, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Xatırladaq ki, seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

E.Nəsirov bildirib ki, ATƏT DTİHB yenə də əvvəlki mövqeyindən əl çəkmədi: "Çox istərdik ki, bu dəfə ATƏT DTİHB, nəhayət, Azərbaycanda keçirilən seçkilərlə bağlı ədalətli, obyektiv, reallığı əks etdirən bir yanaşma ortaya qoysun. Ancaq çox təəssüf ki, bu dəfə də onların mövqeyində fərqli, obyektiv bir yanaşma diqqəti cəlb etmədi. Yenə də onlar öncədən hazırlanmış bir hesabatla Azərbaycana gəldilər və seçkilərlə bağlı heç bir müsbət məsələni qeydə almaq istəmədilər".

Deputat vurğulayıb ki, Azərbaycanda seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib: "Onların içərisində AŞ PA-dan, MDB-dən və digər çoxsaylı qurumlardan, eləcə də ayrı-ayrı dövlətlərin parlamentlərindən gələn müşahidəçilər birmənalı şəkildə Azərbaycanda keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda növbəti addım kimi dəyərləndirir, seçkilərin şəffaf və obyektiv keçirildiyini vurğulayırlar, amma yenə də ATƏT DTİHB timsalında fərqli yanaşmanın şahidi oluruq. Belə çıxır ki, ATƏT DTİHB yenə də sifariş yerinə yetirir, yenə də hazır bir hesabatla gəlir. Biz gözləyirdik ki, onlar seçkiləri müşahidə etməyə gəlməyəcəklər, gəlsələr də, belə qərəzli hesabatla gələcəklər. Proqnozlar özünü doğrultdu".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.