Siyasət

ATƏT və AŞPA müşahidəçilərinin qərəzli seçki hesabatı ictimaiyyət və media mənsubları tərəfindən ciddi etirazla qarşılanıb

13 Aprel 2018 00:20
Baxış: 1 009

"ATƏT PA, ATƏT DTİHB və AŞPA müşahidə missiyalarının birgə rəyi obyektivlikdən uzaq və qərəzli kimi görünürdü".

Milli.Az bildirir ki, bu sözləri APA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

H. Babaoğlu bildirib ki, müşahidə missiyasının vəzifəsi, adından göründüyü kimi, müşahidə aparmaq və obyektiv qiymət verməkdən ibarətdir: "Ancaq təəssüf ki, biz bəlkə də seçkidən əvvəl hazırlanmış mətni media qarşısında oxuyaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır. Mətbuat konfransında Azərbaycan mətbuatının suallarının heç bir sualına cavab verilmədi. Səsləndirilən tənqidi fikirlərin arqumentləri də açıqlanmadı. Ona görə də bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi. Bu tədbirlərdə səsləndirilən hər bir fikir ayrı-ayrı faktlarla diqqətə çatdırılmalıdır. Bunun yerinə biz mövcud reallıqla həmin müşahidə missiyalarının manipulyasiya cəhdlərinin şahidi olduq".

Millət vəkili qeyd edib ki, bu müşahidə missiyaları özünü Azərbaycan xalqının dostu kimi göstərməyə çalışdı: "Ancaq əslində Azərbaycan xalqının iradəsinə hörmətsizlik etmiş oldular. Azərbaycan xalqı prezident seçkilərində İlham Əliyevə 86,03 faiz səs verib. Belə olan halda bu xalqın iradəsi və rəyi ilə hesablaşmaqdansa, yalançı dost kimi görünmək lazım deyil. Bu iradəni qəbul edərək Azərbaycan xalqının dostu olmaq olar. Söz və mətbuat azadlığından danışan missiya Azərbaycan mətbuatına hörmət göstərmədi, verilən heç bir sualı cavablandırmadı. Bu da göstərdi ki, əslində bu missiya ötən müddətdə simulyasiya ilə məşğul olub. Əvvəlcədən qəbul edilmiş qərarlar əsasında Azərbaycan xalqının demokratik seçkilərinə obyektiv qiymət verə bilmədilər. Biz buna təəssüf edirik. Düşünürük ki, bu qurumlar yekun bəyanatlarında Azərbaycan xalqının iradəsinə hörmət edərək, öz qəbul etdikləri qərarı obyektiv qiymətləndirməyi bacaracaqlar. Çünki Azərbaycan bu təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Azərbaycan açıq bir ölkə olaraq demokratik təsisatların güclənməsinə və əlaqələrin daha da dərinləşməsinə xidmət göstərən bir ölkədir".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib ki, bu gün keçirilən mətbuat konfransında ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının səsləndirdiyi fikirlər qərəzli, obyektivlikdən uzaq subyektiv fikirlərdir: "Məsələyə bolşevik təfəkkürü ilə yanaşırlar. Mən həmin tədbirdə idim, seçki ilə bağlı bir sıra məsələlərə toxundular, seçkilərdə rəqabət mühitinin olmadığını söylədilər. Bu fikirlər reallığı əks etdirmir. Həmin tədbirdə onlar Azərbaycan xalqının iradəsinə zidd fikirlər səsləndirdilər. Onlar Azərbaycanda demokratik addımları qiymətləndirmir, anti-Azərbaycan, ermənipərəst qüvvələrin maraqlarına uyğun bəyanat verirlər. Ermənistanda, digər ölkələrdə seçki pozuntularına münasibət bildirmir, Azərbaycanda görülən böyük işlərə ədalətsiz mövqe nümayiş etdirirlər. Azərbaycan xalqı öz seçimini edib. Bu insanlar Azərbaycan xalqının seçiminə, iradəsinə qarşı çıxır, qərəzli fikirlər səsləndirirlər. Bu, qəbuledilməzdir".

Millət vəkili Elman Nəsirov açıqlamasında deyib ki, ATƏT DTİHB-nin seçkilərlə bağlı qərəzli mövqe ortaya qoyacağı ilə bağlı proqnozlar özünü doğruldub: "Bir çox hallarda olduğu kimi, AŞPA-nın da indiki halda ATƏT DTİSHB təsiri altına düşdüyü meyli hiss olunur. Nəzərə çatdırım ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib. ATƏT, AŞPA istisna ilə, bu müşahidəçilərin əksəriyyəti seçkilərin demokratiya sahəsində növbəti addım olduğunu, Azərbaycanda şəffaf seçkilər keçirildiyini təsdiqlədilər. ATƏT DTİH gah parlament, gah da parlament seçkiləri ilə bağlı öncədən hazırladıqları hesabatla gəlirlər. Guya seçkiləri müşahidə görüntüsü yaradır, sonra da gətirdikləri bəyanatı təqdim edirlər. Ya da 2015-ci il parlament seçkilərində olduğu kimi, boykot yolunu seçirlər. Onların bu yanaşması qərəzlidir. Azərbaycanda gedən prosesləri, əhalinin aktivliyini görməmək acı təəssüf doğurur. ATƏT DTİB daha yüksəkdə dayanan havadarlarının tapşırığını, sifarişini yerinə yetirir, Azərbaycanda demokratiya quruculuğunda yeni mərhələyə kölgə salmağa çalışırlar. Ancaq əsas Azərbaycan xalqıdır, əhalinin 86,03 faizi İlham Əliyevə səs verib. Azərbaycan xalqı bugünkü sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib. Çox təəssüf ki, həmin təşkilatlar Azərbaycanla bağlı qərəzli mövqe ortaya qoyur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.