Siyasət

Azərbaycan inkişafı seçdi: qalib xalqdır

12 Aprel 2018 12:39
Baxış: 1 429

Azərbaycan bundan sonrakı yeddi il üçün prezidentini seçdi. Ölkə gələcəyini müəyyənləşdirdi, kim tərəfindən necə idarə olunmasını istədiyini izhar etdi və ən başlıcası, siyasətlə məşğul olduqlarını iddia edənlərlə ölkəyə təzyiq göstərməyə çalışanlara məmləkət insanının sayıqlığını nümayiş etdirdi.

İlkin nəticələrə görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb:

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,04 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3,02%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,39%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,75% faizini toplayıb.

Seçkilərin sonucları hələ uzun müddət müzakirə və şərh olunacaq.

Həmişəki kimi, səsinin oğurlandığını deyən də tapılacaq, insanları meydanlara çağıraraq "Biz bu seçkiləri  tanımırıq!" bağıranlar da, "Boykot!" hayqıranlar da, "seçkilərin sonuclarına təəssüfləndik" və ya "seçkilər saxta idi" şüarçılığını davam etdirənlər də.

Onlar olub, var və nə qədər paradoksal olsa da, yaxşı ki, olacaqlar.

Belələri seçkiləri boykot etməkdə, səsvermənin sonuclarını tanımamaqda haqlıdır.

İlk baxışdan qəribə təsir bağışlasa da, siyasi proseslərin məntiqi, mənəviyyat qanunlarının danılmazlığı bunu deyir.

Qaranın ağı, yalanın həqqi, əyilmiş əzəməti tanıması mümkün deyil və heç gərəkməz də.

"Seçkiləri tanımırıq" deyənlər əslində, çoxdan uduzduqlarını, vətəndaşları çağırdıqları meydanda məğlub olduqlarını, tarixin kunstkamerasına atılmış əşya, toz basmış əşya olmalarının fərqində deyillər.

Onlar hələ də dərk etmirlər ki, özlərinə az qala səcdəgah və xilaskar, hami və ümid yeri zənn etdikləri, indiyədək yaşamlarını təmin edən Qərbdəki sifarişçilər müxalifətin dəfn simfoniyası olan not dəftərini dəyişiblər.

Məhz o səbəbdən son aylarda sosial şəbəkələrdə "siyasi mühacir-bloqer" adlanan siyasət troqloditləri zühur etdilər, sözlərinin arasına söyüş yox, söyüşlərinin və böhtanlarının arasına sözlər qataraq qiyama, çevrilişə çağırış etdilər.

Onlar təhqir etdiklərini düşündülər - amma davranışlarının, danışıqlarının, şüurlarının məntiqə və əxlaqa təhqir olduğunu anlamadılar.

Necə ki, Azərbaycandakı ənənəvi müxalifət çoxdan koma durumunda olduğunu, Qərbdən müxtəlif yollarla göndərilən havalar hesabına nəfəs aldıqlarının hələ də dərk etmirlər.

Ölkə vətəndaşından, ölkədən fərqli olaraq.

Dünən keçirilmiş prezident seçkilərdə indiki dövlət başçısı İlham Əliyevin tam, total qələbəsi, onun yenidən seçilməsi müxalifətin zəifliyi, hakimiyyətin inzibati resursları, geosiyasi amillərin təsir mexanizmlərinin işə salınması, yaxud da başqa səbəblərin məcmusunua görə baş vermədi.

Azərbaycan sadəcə, İlham Əliyevi seçkilərə qatılmış namizədlər arasında ən populyarı, seviləni və layiqlisi olduğuna görə də seçmədi.

Seçkilərin aksiomu bir daha nümayiş olundu: qələbə üçün seçilənin istəyi ilə seçənlərin arzusu və niyyətləri üst-üstə düşməlidir.

Seçici fəallığı, səs verənlərin məntəqələr üzrə sayı, müşahidəçilərin açıqlamaları, ekzit-polların nəticələri ilə yekun sonuc arasındakı uyarlıqlar, prosesin gedişat prinsipləri, daxili vəziyyətin regiondakı siyasi durumla münasibətinin formatından doğan amillər və s. - bütün bunlar seçkilərin rutinidir.

Əsası, önəmlisi isə odur ki, Azərbaycan vətəndaşları indiki durumun inkişafını, siyasi müvazinət və mizanın dəyişməməsini istədilər.

İnsanlarımız gələcəyə, tərəqqiyə, rifaha, Dağlıq Qarabağ münaqişəsinin həllinə, dünya düzənində Azərbaycanın tutduğu yerin daha da möhkəmlənməsinə səs verdilər.

Vətəndaşlarımız ölkənin müqəddəratını təşkil edən talelərini bundan sonrakı 7 ildə də inandıqları, sevdikləri, dəyər verdikləri və iradəsi ilə qətiyyətinə, siyasəti və ən müşkül çağırışlar önündə ilk əvvəl xalqı düşünən rəhbərinə səs verdilər.

Etimadı sarsılmayan rəhbərsə liderdir.

11 aprel seçkilərində də lider mövqelərinin gücünü bir daha sübut edərək qalib gəldi.

Seçkilərdə saxtakarlığa gəldikdə isə, buna ümumiyyətlşə, zərurət yoxdu və elə o səbəbdən də radikallaşaraq sümüyünün iliyənədək "Yox!" kəlməsini yeridən, inadı və siyasi konyuktura naminə boşboğazlığı mahiyyətinə inikas edənlərin nə dedikləri, bundan sonra nə söyləyəcəkləri maraqlı deyil.

Saxtakarlıq şübhə olan yerdə edilir.

Dünənki seçkilərdə isə vətəndaş öz seçiminə, hakimiyyət də siyasətinə şübhə etmədi.

Buna görə də beynəlxalq müşahidəçilərin də təsdiqləri təki, səsvermə prosesində heç bir ciddi pozuntu qeydə alınmadı.

İlham Əliyevin seçkilərdə topladığı səslərin miqdarı, səsvermənin yekun statistikası adi rəqəmlər deyil. Digər namizədlərin əldə etdikləri nəticələrlə fərq eyni zamanda Azərbaycanın dövlət başçısının yürütdüyü siyasət, onun geostrateji dünyagörüşü, qlobal dünyada Azərbaycanın yerini dəqiq müəyyənləşdirməsi və o yeri daha da gücləndirməyə yönəlmiş fəaliyyətlə məhdud düşüncə, lokal şüur, siyasəti məişət səviyyəsinə tənəzzül etdirənlərlə məsafənin hesabı idi.

O hesabın da haqqını xalq verdi, onu düşünəni və onun üçün çalışanı seçdi.

Seçkilərin digər önəmli sonucu isə Azərbaycandakı seçicilərin, vətəndaşlarımızın Şimala və Cənuba, Şərqə və Qərbəğ baxmadan, "görən belə etsək, nə olar?!" məchulluğunun titrək xofunda vurnuxmadan, iradə və qətiyyətlə mövqeyini ortaya qoyması oldu.

Milli iradə, şüurlu seçim, yaşananların obyektiv dəyərləndirilməsi ilə çulğalaşan subyektiv hisslərin yaratdığı realist və praqmat dəyərləndirmə yeni qanunauyğunluğu nümayiş etdirdi: Azərbaycan insanı artıq tamamən özünə güvənir və ölkəsini də kiçik, böyük dövlətlərin istəklərindən asılı və kənardan diqtə olunan göstərişlər əsasında hansısa düşərgəyə sığınmaq məcburiyyətində qalan məmləkət sanmır.

Azərbaycan seçicisi seçkiyə əvvəlcədən bəlirlədiyi mövqe, konkretləşdirdiyi seçim, hər hansı emosional və ya təsadüfi qərarı birmənalı olaraq istisna edən əhvalla yollandı.

Seçkilərdəsə imkanlar genişdi. Hakimiyyətdən razılarla narazılar bir arada idilər. Amma narazıların sayı az idi, çox az və bu, həm ekzit-polların, həm də yekun sonucların statistikasında tam əks olunub.

Narazılar arasında səs verənlər də oldu, səsverməni boykot edənlər və seçki məntəqələrinə getməyənlər də.

Onlar mövqelərini tam sərbəst, azad və asudə şəkildə izhar etdilər.

Bu, seçkilərin şəffaf, demokratik keçdiyinə dəlalət edən ən vacib amillər sırasındadır.

Azərbaycan 11 aprel seçkilərinə siyasətini, mövqeyini, gələcək üçün müəyyənləşdirdiyi strategiyanı və mövcud taktikasını qorumaq üçün getdi.

Getdi və dürüst seçim etdi.

Seçkilərin nəticələrini hədəfə alan, "tənqid və təhlil" adı ilə ağlın bəlirlədiyi çərçivələri çıxıb əndazələri aşanlarsa demokratiya adı ilə ölkəyə qarşı çirkin oyun oynayanlar pərişan olublar.

Onlar hiddətlidir, sinirlidir, qəzəbdən vurnuxurlar.

Çünki Azərbaycan xalqı müstəqil xarici siyasəti, stabil daxili inkişafı və milli dəyərlərin kənardan ixrac olunan saxta məqamlardan üstünlüyünü seçdi.

Prezident İlham Əliyev isə ona qarşı çirkin kampaniya aparanlara məhz vətəndaşın seçimi ilə qalib gəldi.

Vətəndaş da dövlətin başçısına səs verərək elə dövlətini qorudu, bölgə ölkəsi olmuş Azərbaycanı dünya siyasətində önəmli və səsi ən mötəbər təşkilatlardan, nüfuzlu strukturlardan gələn ölkəyə döndərən liderinə səs verdi.

Azərbaycan səs verdi. Səsimiz gur olsun.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.