Siyasət

Siz onlara hələ də inanırsınız?

4 Aprel 2018 16:24
Baxış: 2 564

1993-cü ilin payızından bəri istisnasız olaraq (!) bütün prezident seçkilərində passiv boykot taktikasını seçən ölkə müxalifəti bu dəfə də məğlubiyyətə məhkumdur.

Məsələ heç də hakimiyyətin müxalifətə münasibətində, vətəndaşların mövqeyində və ya seçicilərin davranışında deyil.

Builki seçkilərin keçirilməsi barədə fərman imzalanan kimi AXCP sədri Əli Kərimli və "Demokratik Qüvvələrin Milli Şurası"nın, qısacası "Milli Şura"nın sədri Cəmil Həsənli seçkiləri boykot etdiklərini dedilər. Müsavat Partiyasının təsərrüfat müdiri Arif Hacılı bəhs etdiyimiz duetdən bir qədər sonra davrandı, o da "Boykot!" dedi.

Real fəaliyyəti çoxdan bəri məhkəmə binalarının önündə yığışan qrupun önündə duraraq kameralara danışmaq və Facebook-da bloqerliklə əvəzləmiş Əli Kərimli ilə əyalət düşüncəli tarix professoru Cəmil Həsənli onların bu "boykot" oyunu ilə nəyinsə dəyişəcəyinə ümid edirlər?

Onlar doğrudanmı düşünürlər ki, prezident seçkilərinin boykot edilməsi Qərb, elə Şərq, habelə Şimal və Cənub tərəfdən səsvermənin qeyri-legitim olması, seçkilərin nəticələrinin saxtalaşdırılması anlamı kimi qəbul olunacaq?

Və ən nəhayət, Kərimli-Həsənli dueti kimi cılız siyasi ittifaqın belə, kölgəsində qalmağı bacarmaq təki fövqəladə anti-istedada malik Arif Hacılı yüz minlərlə insanın onların mövqeyini bəyənəcəyini və paylaşacağını xəyal edir?

AXCP, "Milli Şura" və Müsavat inadla, israrla və bəzən qəzəblə təkzib etsələr də, reallıq danılmazdır. Vətəndaşların kütləvi, total apatiyası və laqeydliyi, sosial bazanın cılızlığı, məhdud düşüncə sindromu, daxili siyasi arenadakı miskinlik - bütün bunlar radikallaşmış müxalifətin yaşadığı problemlərdir.

Əli Kərimli-Cəmil Həsənli-Arif Hacılı triosunun ən böyük problemi onları olmadıqları siyasətçi renomesini tamamən tükətmələri, zəif imiclərini baltalamalıdır.

Onlar xəyallarla yaşayır, illüziyalara qapılırlar və bu, ölkə müxalifətinin hakimiyyətə ən böyük "hədiyyəsi"dir.

Axı sadaladığımız insanlar, adlarını çəkdiyimiz "lider"lər nəyə, kimə və niyə güvənirlər?!

İllərdən bəri eyni hərəkətləri təkrarlayıb, eyni sözləri söyləyib indi fərqli nəticə gözləmək, bağışlayın, ya sadəlövhlükdür, ya da primitiv şüurun işartısıdır.

Əli Kərimli hər dəfə mitinqdən təxminən iki həftə əvvəl sosial şəbəkələrdə, xüsusilə də Facebook-dakı profilində və Meydan TV-in səhifələrində vətəndaşları mitinqlərə çağırır.

Daha sonra onun videoxitablar seriyası başlanır və Ə.Kərimli şikayətlənir, qeyzlənir, sinirlənir, dad edir, təəssüflənir, suçlayır. O, sanki Cekil və HAyd sindromu yaşamağa başlayır: özü sual verir, özü cavablayır, az qala özü-özü ilə mübahisə edir.

Mitinqə bir neçə gün qalmış Əli Kərimli fəallaşır, Cəmil Həsənli şərhlər verməyə başlayır, Arif Hacılı da boğazını arıtlayaraq hələlik onu siyasətçi hesab edən bir-iki jurnalistin suallarını cavablayır və öz kiçik, rəngli aləmində "Bəli, Arif Hacılı da gerçəkdən də siyasətçi imiş!" söyləyərək Nirvanaya yollanır, Şambalanın dolanbac cığırlarında dolaşır, psixosomatik döngələri sürətlə keçir.

Sonra mitinq günü gəlir, "Məhsul" stadionuna ən uzağı 1500 nəfər toplanır.

Əli Kərimli, Gültəkin Hacıbəyli, Arif Hacılı, Cəmil Həsənli, Nurəddin Məmmədli başlayırlar nitqlər irad etməyə.

Meydan TV-nin operatorları, habelə AXCP və Müsavatın kameralarını daşıyanlar elə rakurslar arayrırlar ki, yığışanların sayı mümkün qədər çox görünsün.

Təkrarçılıq, eyni şüarlar, illərdən bəri dəyişməyən sözbazlıq, boğazdan yuxarı çağırışlar, hakimiyyətə ünvanlanmış "Biz sizi devirəcəyik!" tipli uşaq hədələri - bir sözlə, ənənəyə çevrilmiş menyu.

Mitinq bitir, sonra sosial şəbəkələrdə Əli Kərimli və Cəmil Həsənli izahlı şərhlər seriyasına start verirlər.

Artıq bezdirici deyingənlik halını almış bu ah-zarı, bitmək bilməyən şikayətləri təhlil etsək, Əli Kərimli və Cəmil Həsənlinin, habelə onların ətrafındakı "həm də siyasətçi"lərin arqumentlərinin sıralaması belədir:

1. "Mitinqin keçirilməsinə maneələr yaradıldı, həbslər oldu, canlı yayıma mane olmaq üçün interneti kəsdilər"

2. "Əfsuslar olsun ki, vətəndaşlarımızın böyük qismi hələ də öz taleyinə biganədir, qorxusundan mitinqlərə qatılmır"

3. "Hakimiyyət son günlərini yaşayır, az qalıb, biz gəlirik, diktaturanı devirəcəyik".

4. "Mitinqə qatılan insanların sayını hakimiyyət bilərəkdən az göstərir".

5. "Ölkədən gedənlərin sayı artır, mühacirlər çoxalır və bu, Azərbaycandakı vəziyyətin pisliyinə dəlalət edir".

Tanış ifadələrdir, deyilmi?!

İndisə gəlin bu iddialara cavab verək.

1-ci bənd. "Mitinqin keçirilməsinə yaradılan maneələr və həbslər". "Məhsul" stadionunda mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verir. Yəni istənilən vətəndaş gedib qatıla bilər. "Həbs"lər və "saxlamalar"a gəldikdə isə, tutulan, saxlanan insanlar bu və digər əmələrinə, konkret işlərə görə saxlanırlar.

Əli Kərimlinin iddialarının tam əksinə olaraq, kimsəni "Dayan görüm! Mitinqə gedirsən?! Tutun bunu!" qışqırıb yaxalamırlar.

İnternetə gəldikdə isə, "Məhsul"da xüsusi olaraq mitinqlər üçün Wi-Fi ötürücüsü quraşdırılmayıb: ora gedənlərin HAMISInın mobil telefonlarında 3G və ya 4G internet çalışır. Əks təqdirdə, mitinqdən çoxsaylı, əksəriyyəti sonradan xaricə yollanıb "mən də mitinq igidi olmuşam" tipli iddialara dəstəvüz üçün selfilər çəkilməz, dərhal sosial şəbəkələrdəki profillərdə paylaşılmazdı.

Bütün bunları qoyaq bir kənara: Əli Kərimli və Cəmil Həsənli gözləyirlər ki, hakimiyyət vətəndaşları o mitinqlərə zorla, inzibati rıçaqlara əl ataraq yollamalıdır?!

Bəylər, lütfən, özünüzü bu qədər sadəlövh göstərməyə çalışmayın.

Rusiyadakı bəlli dairələrin maliyyəsi və ssenarisi ilə yaradılan, "Milyarderlər İttifaqı"nın marionetkası olan "Milli Şura"nın təyin edilmiş lideri Rüstəm İbrahimbəyov qorxub geri çəkilməsəydi, naçar qalmışlar da onun yerinə naəlaclıqla Cəmil Həsənlini qoymasaydılar, bu tarix professoru elə əvvəlcə AXCP-ni, sonra da maliyyə donorlarını mandata üçün satışa çıxarmış adam kimi yadda qalacaqdı.

İnsanlar qorxularından yox, AXCP, Müsavat və "Milli Şura"nın klonudasından, bu qurumların liderlərinin biçarəliyindən və zavalllı siyasətlərindən bezdikləri üçün mitinqlərə getmirlər.

Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Hacılı indiyədək öz yaşamlarına, gəlirlərinə, imkanlarına, pullarına, eqolarına biganə olmadılar - onların istinad etdikləri işsiz Məmməd və ya kasıb Əhməd taleyinə biganə oldular?!

Absurddur. Gerçək isə odur ki, həmin o Məmmədlə Əhməd elə məhz talelərinə biganə olmadıqları üçün siyasi klounada həvəskarlarının çağırışlarına inanmırlar.

Xalqda siyasi apatiya da yoxdur. Bu xalq Vəzirovu, Mütəllibovu, Elçibəyi hakimiyyətdən kənarlaşdıran, zərurət duyanda ayağa qalxan və etirazları ilə istəyinə çatan insanlardır.

İndisə xalq prezidentini dəstəkləyir, onun siyasətini dərk edir və bilir ki, İlham Əliyevə alternativ olduqlarını deyənlər əslində siyasi cırtdanlardır.

2-ci bənd. Ölkə vətəndaşlarının böyük qismi barədə deyilənlər əslində insanlarımıza təhqirdir. Əli Kərimli  ilə uğursuz kompilyator Cəmil Həsənli vətəndaşlarımızı aşağılayır, onları az qala qorxaq adlandırırlar. Bəli, ölkə insanların böyük qismi yox, tam əksəriyyəti AXCP sədri ilə "Milli Şura"nın rəhbərinin kim olduqlarını sövqi-təbii olsa da, anlayır. Ölkə siyasətinə az-çox bələd olanlarsa Əli Kərimlinin indiyədək ətrafındakı adamlara dəfələrlə xəyanət etdiklərini, Cəmil Həsənlinin isə siyasətə tam təsadüfən gəldiyini bilirlər

"Mitinqlərdəki tələblərimiz yerinə yetmədiyindən şüarlarımız aktualdır, dəyişmirik" söyləntiləri də paradoksaldır. Əvvəla, hakimiyət ölkədə rüşvətxorluq və korrupsyianın olduğunu istisna etmir. Düşünün: ölkədə Korrupsiyaya qarşı Mübarizə İdarəsi varsa, bu, hakimiyyətin problemi etiraf edərək onu aradan qaldırmaq üçün real addımlar atmaqda olduğunu göstərir.

"Siyasi məhbus"lar məsələsi də qarışıq, mücərrəddir. Müxalifətdəki şəxslərin və təşkilatların az qala hərəsinin öz "siyasi məhbus siyahısı" var. Sadəcə, fakt: hazırda 12 belə siyahı var, ən "kiçik" siyahıda 134, ən "böyük" siyahıda 254 nəfərin adı var. Meydan TV iddia edir ki, "Avropa Azərbaycanda 160 siyasi məhbus olduğunu etiraf edir" söyləyir. Amma, AŞPA-da "müxalifətsevən" qüvvələr Azərbaycanda 167, "Freedom House" və "Sərhədsiz Reportyorlar" - 189 nəfər olduğunu deyir və s.

Reallıq isə Azərbaycanda belə məhbusların ümumiyyətlə, olmamasıdır. Olan konkret əməllərinə görə azadlıqdan məhrum edilmiş insanlardır.

3-cü bənd. "Hakimiyət son günlərini yaşayır" ifadəsi artıq bilirsiniz necə köhnəlib?! Vallah, meşin qoxuyur, çünki ilk dəfə hələ 1993-cü ildə səslənmişdi. Artıq 25 ildir ki, "son günlərini yaşayan hakimiyyət" çoxdan koma vəziyyətində olan müxalifətin bihal vücudunu süni tənəffüs aparatına qoşub, siyasi partiyalara dövlət büdcəsindən vəsait ayırır, bu əyalət kəndirbazlarının məzhəkələrinə göz yumur, onların qumsallıqda oynamalarını səbrlə müşahidə edir.

25 ildən bəri "gələn" Əli Kərimli və dəstəsi olmaya özlərini Hz.Musa sayırlar ki, milləti 40 il dolandırandan sonra dayanacaqlar - kim bilir...

Müxalifətdə qocalanlar hələ də hədələyirlər, amma unudurlar ki, hakimiyyət onları maraqla izləyir.

Axı kukla teatrının özü də incə, gözəl sənətdir.

4-cü bənd. Mitinqə qatılanların sayının bilərəkdən az göstərilməsi barədə iddialar isə ən yumşaq halda desək, cığallıqdır.Yaxşı, fərz edək ki, mitinqə 1500 yox, 15 min, hətta 30, 40 və 50 min insan qatılır. Bu rəqəmlər də azdır, çox az. Müxalifətin hakimiyyətə meydan oxuması üçün meydana minimum 100-150 min insan çıxmalıdır.

Hakimiyyətlə müxalifət münasibətlərinə gəldikdə isə, dünyanın heç bir ölkəsində iqtidarda olan siyasi güc ona müxalif duran struktura, hərəkata maksimum loyallıq göstərmir. Azərbaycanda əksinin olacağını düşünənlər və ya bunu arzulayanlarsa siyasətin təməl prinsiplərini anlamayan insanlardır.

Gerçəklik sadədir: Azərbaycan vətəndaşları nimdaş, inkişaf etməyən müxalifətə, yalnız özünü və ətrafını düşünən, ambisiyalarını təmin etməyə çalışan insanlara inanmırlar.

Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı kimi şəxslər çoxdan fiaskoya uğramış insanlardır.

Xalqın da onlara münasibəti bəlli.

O adamlar isə hələ də öz aləmlərində, illüziyalarında yaşayırlar. "Eh, mitinqə 50 min adam gəlsəydi, ölkədəki vəziyyəti dəyişərdik" deyənlərə inanmayın.

Siyasət möhtəkirlərinin, xalqın ümidini, vətəndaşın inamını qətlə yetirənlərin vaxtı bitib.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.