Siyasət

Qərb-Rusiya münasibətlərindəki böhran qorxulu xarakter ala bilər

29 Mart 2018 07:00
Baxış: 3 096

Rusiyanın onlarla diplomatının "arzuolunmaz şəxs" elan edilərək bir sıra Qərb ölkələrindən qovulması böyük siyasi böhranın göstəricisidir.

Bu barədə Milli.Az-a edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Ekspertin fikrincə, hadisələrin "diplomat müharibəsi" müstəvisinə keçməsi təhlükəli xarakter ala bilər: "Adətən, bir ölkə digəri ilə münasibətlərin soyuq olduğunu bildirmək üçün o, ya öz diplomatlarını həmin ölkədən geri çağırır, yaxud daha kəskin addım ataraq həmin ölkənin diplomatlarını qovur. Lakin bir neçə dövlətin bir ölkənin diplomatlarını qovulması barədə qərar verməsi isə göstərir ki, bu siyasi böhranın arxasında təkcə bir ölkə deyil, böyük ölkələr qrupu durur. Hələlik bunun Rusiyanın keçmiş casusu, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın İngiltərədə öz qızı ilə birlikdə zəhərlənərək öldürülməsi ilə əlaqədar olduğu bildirilir. Böyük Britaniya iddia edir ki, bu qətlin arxasında Rusiyanın xüsusi xidmət orqanları durur.

Lakin, məncə, Rusiyaya qarşı bu "diplomat müharibəsi" yalnız bununla əlaqədar deyil. Bu, Rusiyaya qarşı Qərb tərəfindən həyata keçirilən ardıcıl sanksiyaların, səslənən əks bəyanatların və digər sərt addımların davamıdır. Proses ABŞ-da prezident seçkiləri zamanı Rusiyanın Donald Trampın seçilməsi üçün guya müdaxiləsi ilə başlayıb. Lakin indiki diplomatların deport edilməsi heç də yaxşı şeydən xəbər vermir. Bu onu göstərir ki, Qərb-Rusiya münasibətlərindəki böhran ciddi şəkildə dərinləşir və çox qorxulu xarakter ala bilər".

Yaranmış bu cür "soyuq müharibə" ab-havası adətən, ilk növbədə, 3 sahəni əhatə edə bilər. Bunlar siyasi, iqtisadi və hərbi sahələrdir. Əslində, sanksiyalar artıq hərbi-siyasi sahəni əhatə edib. Məsələn, ABŞ qadağalarla Rusiyanın silah ixracını məhdudlaşdırmağa çalışır.

Lakin hadisələrin sırf hərbi müstəviyə keçməsi ehtimalı hələlik çox zəifdir. Çünki Rusiya böyük hərbi potensiala və nüvə silahına malik ölkədir və ona qarşı hansısa hərbi xarakterli addım böyük dünya müharibəsinə gətirib çıxatacaq. Bu isə fəlakət deməkdir. Lakin hazırda siyasi və iqtisadi sahədə "müharibə" qızışmış haldadır. Bunun göstəricisi ardıcıl sanksiyalar və sərt siyasi bəyanatlardır. Daha geniş götürsək, bu göstərir ki, Qərb Rusiyanı öz müttəfiqi kimi görmür və ya görmək istəmir. Ona görə də bu mübarizə hələ uzun müddət davam edəcək və hərbi istisna olmaqla demək olar ki, hər sahəni əhatə edə bilər. Artıq biz bunun idman sahəsinə, xüsusilə Qış Olimpiya Oyunlarına təsirini gördük. Ola bilər ki, yayda Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı da hansısa boykot aksiyası olsun. Zənnimcə, Rusiyanı təzyiq addımları digər sahələri də əhatə edəcək. Yəni proses getdikcə dərinləşəcək və bu "soyuq müharibə" daha kəskin xarakter alacaq.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızının Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsindən sonra 23 rus diplomat bu ölkədən deportasiya edilmişdi. Böyük Britaniya ilə Rusiya arasında yaşanan casus böhranının ardından iki ölkə qarşılıqlı olaraq bir-birinin diplomatları haqqında deportasiya qərarı verib, Avropa İttifaqı isə Rusiyadakı səfirini geri çəkib.

Bunun ardınca ABŞ, Kanada və Aropa Birliyinin üzvləri də daxil olmaqla ümumilikdə 23 dövlət Rusiyanın 137 diplomatını "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarılması barədə qərar verib. ABŞ isə hətta Sietl şəhərindəki Rusiya Baş Konsulluğunu da ləğv edib.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.