Siyasət

Əli Kərimlinin "qiymətli" canını kimlər güdür? - VİDEO - FOTO

28 Mart 2018 10:56
Baxış: 4 068

Son illər siyasi fəaliyyəti məhkəmə binaları qarşısında patetik çıxışlar edərək Aleksandra Kollontayın əks cinsə mənsub versiyasını xatırladan, bir də Facebook səhifəsində trollarının dəstəyi ilə bloqerlik edən AXCP sədri Əli Kərimli, sən demə, təhlükələrdən çox çəkinir.

O dərəcədə ki, canını üç nəfər güdür.

Belə ki, AXCP sədri Əli Kərimlini onun xəyalındakı təhlükələrdən, şüurunda sıraya düzülmüş virtual xuliqanlardan və ümumiyyətlə, bütün hücumlardan üç nəfər qoruyur.

Üç gəncin kimliyini Əli Kərimlidən soruşsaq, illərdən bəri təkrar etdiyi, mantraya çevirdiyi ifadələri əzbərdən deyəcək: "Onlar dostlarım, qohumlarımdır və AXCP-nin sıravi üzvləridir. Heç bir maaş almadan, təmənnasız olaraq, könüllü şəkildə mənim mühafizəçilərim funksiyalarını yerinə yetirirlər".

Bu sözlər o qədər köhnəlib, söylənəndə vizual olaraq hərflərin düzülüşü o qədər laxlayıb ki, AXCP üzvləri belə, deyilənlərə inanmırlar.

Onlar haqlıdır. Çünki "maaş almadan, könüllü" şəkildə sutkada minimum 10 saat Əli Kərimlinin yanında durmaq, ona qapı açmaq, çantasını daşımaq, gödəkçəsini tutmaq və bu kimi ağır işlərin öhdəsindən gəlmək üçün orqanizmin qidalanmağa ehtiyacı var.

Karbohidratlar, minerallar, zülallar isə, təbii, havadan nazil olmur və Əli Kərimlinin də mübarək, ziqiymət canını qoruyanlar fotosintez prosesi vasitəsilə karbonu oksigenə çevirməklə yaşamlarını sürmürlər.

Əli Kərimli isə bunu eyninə almır.

Axı o, "mərd, cəsur, qətiyyətli, qorxmaz, həyatını mübarizəyə qurban vermiş lider" obrazını illərdir daşımağa çalışır.

Obrazın çərçivələri dar olduğundan Əli Kərimli təvazökardır.

O, AXCP-nin indiki günü rəngində olan Mazda CX-9 markalı maşında hərəkət edir.

Yox, bu avtonun dəyəri ifrat baha deyil: "vur-tut" 24-26 manat arasında olan maşındır.

01 BM 636 dövlət nömrə nişanlı maşında mitinqlərə, mətbuat konfranslarına və bu kimi həddən ziyadə vacib tədbirlərə yollanan AXCP sədri nə qədər sadə, nikbin və qürurlu proletar+demokrat lider təsiri bağışlamağa çalışsa da, alınmır.

Çünki həmin o qara rəngli maşının yanında mitinqlərdə 3 cangüdən peyda olur.

Və o kəslər, deyəsən, Hollivud filmlərinə çox baxdıqlarından özlərini ən azı senatorların mühaifzə xidmətində çalışan "Security Service" agentləri, ya da NSA-dakı "bodyguard"lar sayırlar.

"Məhsul" stadionunda hər mitinqdə Ə.Kərimlinin Mazda-sı giriş qapısına yan alan kimi avtonun iki tərəfində duran mühafizəçilər sərt baxışlarla ətrafı süzür, "Əəəəlii bəəəəy!" çığıranlara baxışları ilə "Yaxınlaşmayın! Ehtiyatlı olun!" mesajı verirlər.

"Mitinq" adlanan şüarlar sıralaması başa çatanda yenə də cangüdənlər AXCP sədrini əhatəyə alır, KQB lüğəti ilə desək, "koroboçka" düzəldirlər.

Ən maraqlı səhnə Mazda "Məhsul"u tərk edəndə yaşanır: cangüdənlər maşının yanında elə ciddi sima ilə qaçırlar ki, sanki, Çin lideri Si Szipinlə görüşə tələsən ABŞ prezidenti Donald Trampın zirehli avtomobilini müşayiət edirlər.

Bu məzhəkə Əli Kərimlinin "ictimaiyyətlə görüş"lərinin hər birində yaşanır.

AXCP üzvləri isə sosial şəbəkələrdə maddi sıxıntılardan, çətinliklərdən, yaşam problemlərindən bəhs edirlər.

Onlar Əli Kərimlini hələ də siyasətçi sanırlar...

Orxan Hun
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əli Kərimlinin Xüsusi Mühafizə Xidməti

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.