Siyasət

Seçkiyə qatılan partiyalar və siyasi kommunikasiya - ŞƏRH

27 Mart 2018 09:43
Baxış: 658

Aprelin 11-də keçirələcək prezident seçkilərində 8 namizəd iştirak edir. Bu namizədlərdən yalnız birinin siyasi partiya mənsubiyyəti yoxdur. Başqa sözlə, hazırda ölkəmizdə fəaliyyət göstərən 7 siyasi partiya birbaşa və fəal şəkildə seçki kampaniyası aparır.

Siyasi partiyalar müxtəlif yöndə göstərdikləri fəaliyyətlərlə seçici səslərini qazanmağa çalışırlar. Bu baxımdan siyasi partiyaları bazara müxtəlif məhsullar çıxaran şirkətlərlə müqayisə etmək mümkündür. Şirkətlərin təqdim etdiyi mallara istehlakçıların diqqətini yönəltməyə ehtiyacı olduğu kimi, partiyalar da seçicilərin marağını öz namizədinə cəmləməyə cəhd göstərirlər.

Milli.Az sechki-2018.az-a istinadən bildirir ki, siyasi partiyalar müəyyən düşüncəyə, ideyaya bağlı fərdlərin bir araya gəlməsi ilə qurulan və fəaliyyət göstərən demokratik təsisatlardır. Siyasi partiyalar bir dövlətin idarə olunması üçün ehtiyac duyulan ümumi prinsiplər əsasında, o ölkənin müxtəlif siyasi, iqtisadi, sosial və mədəni problemlərinin həll edilməsi üçün bənzər düşüncələri bölüşən vətəndaşların könüllü uzlaşması ilə qurulur. Siyasi partiyalar geniş xalq kütlələri tərəfindən mənimsənildiyi və dəstəkləndiyi müddətdə ayaqda qalır. İstənilən siyasi partiyanın məqsədi siyasi iqtidarı ələ almaq, ölkənin daxili və xarici siyasətini öz baxışlarına əsasən həyata keçirməkdir.

Ənənəvi yanaşmaya görə, marketinq sırf mal və xidmətlərlə bağlı fəaliyyət sahəsi idi. Lakin zaman keçdikcə məlum oldu ki, bu baxış yetərsizdir. Hədəf auditoriyanın fikirlərini sadəcə mal və xidmətlərlə deyil, təşəbbüslərlə, fikirlərlə və çeşidli ideyalarla yeniləmək və dəyişməkdir. Bu mənada siyasi marketinq daha çox fikir bazarlaması kimi qarşılanmağa başladı. Böyük Britaniyanın ən məşhur nəzəriyyəçilərindən sayılan Dominik Vrinqin fikrincə, siyasi marketinq "partiya və namizədlərin səsləri müqabilində seçici qruplarını məmnun etmək naminə rəqabət şəraitində öz baxışlarını təqdim etmək üçün təhlil və araşdırma aparılmasıdır".

Kampaniya dövründə siyasi partiyalar və onların namizədləri seçicilərdə özləri haqqında müsbət qənaətlər formalaşdırmaq üçün öz rəylərini təqdim edir, üstünlüklərini qabardırlar. Bunun üçün reklam vəsaitləri hazırlayır, bayraqlar, geyimlər hazırlayır, açıq və qapalı məkanlarda toplantılar keçirir, televiziya və radioda çıxışlar edir, internetin imkanlarından yararlanırlar. Bütün bu imkan və vasitələrdən səmərəli istifadə etmək siyasi partiyaların malik olduğu resurslardan asılıdır. Hüquq qarşısında bütün namizədlər bərabərdir, lakin onların resursları fərqlidir. 

Çağdaş dünyada və demokratik sistemlərdə hakimiyyət vətəndaşlarla daha sıx təmas qura bilən liderlərə nəsib olur. Odur ki, siyasi kommunikasiya seçiciləri inandırma sənəti adlandırılır. 

Seçki kampaniyalarında liderlərin xüsusi önəmi və yeri var. Adətən seçicilərin çoxu ümumi seçki platformalarına deyil, liderlərin və namizədlərin şəxsiyyətinə, onlar haqda yaranmış təsəvvürlərə əsasən səs verirlər. Ona görə də partiyalar çalışır ki, seçki kampaniyası dövründə insanları narahat edən problemləri gündəmə gətirsinlər və özlərini həmin problemlərin həlledicisi kimi göstərsinlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.