Siyasət

Quyruq qapı arasında qalanda...

23 Mart 2018 18:25
Baxış: 1 062

Yaxud milli xainləri təlaşa salan səbəb

Milli.Az SİA-ya istinadən yazını təqdim edir.

Üzdəniraq xarici məkrli qüvvələr ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün hər cür iyrənc vasitə və üsüllardan istifadə etməkdən çəkinmirlər. Xüsusilə də, xaricdə adını azərbaycanlı qoymuş və dağıdıcı müxalifətdən partiya bileti alıb xaricdə mühacir həyatı yaşayan qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün ən şərəfsiz və yaramaz bir yol tuturlar. Onlar havadarlarının diqtəsi ilə hərəkət edərək, Azərbaycana qarşı çox iyrənc təbliğat kampaniyası aparırlar. Eyni zamanda, dağıdıcı müxalif qüvvələr də, bir növ, onlarla eyni fikirdə və mövqedə olduqlarını nümayiş etdirmək üçün mənasız aksiyalar keçirməklə məşğul olurlar. Amma həm xarici, həm də müxalifət qüvvələrinin Azərbaycana qarşı məkrli niyyətləri qətiyyən həyata keçməyəcək.

Bu, artıq "axırıncı yol"dur

Onsuz da, müxalifət partiyaları heç bir gücə malik deyillər ki, bundan sonra da nəyə isə nail ola bilsinlər. Azərbaycan cəmiyyətində nifrət obyekti olan partiya sədrləri də çox gözəl dərk edirlər ki, onlar yersiz və əhəmiyyətsiz aksiyalar keçirməklə, pozucu niyyətlərini reallaşdıra bilməyəcəklər. Əksinə, xalqın gözündən daha da düşəcəklər. Çünki onların cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur. Baxmayaraq ki, gecə-gündüz sosial şəbəkələrdə ağıllarına və ağızlarına gələn çıxışları edirlər, statuslar paylaşırlar. Özləri haqda o qədər yüksək fikirdədirlər ki, guya onları tutduqları bu "axırıncı yol"da kimlərsə ölümlə hədələyir. Bu hədələrdən narahatlıqlarını bildirərək, sosial şəbəkələrdə canlı yayımlara çıxaraq, fikirlərini öz "tərəfdarları" ilə bölüşürlər. Niyə fikirləşmirlər ki, axı kimdir bunlar? Özləri demiş, 3-5 nəfərlə nə əldə etməyə çalışırlar? Ancaq xarici havadarlarının diqtəsini həyata keçirməklə məşğuldular. Bununlamı özlərinə "inqilabçı" adını verirlər? Bu, ancaq xarici məkrli qüvvələrin tapşırıqlarını yerinə yetirməkdən başqa bir şey deyil.

Onlar bu cür anormal hərəkətləri ilə, onsuz da gözdən düşüblər

Xaricdə oturub ölkəmizdə demokratiyanın, firavan həyatın olmamasından danışırlar. Aydındır ki, sapı özümüzdən olan baltaların bu cür hərəkətlərə əl atmalarının səbəbi onların xarici qüvvələr tərəfindən maddi və mənəvi yardım almalarıdır. Ancaq onu da bilməlidirlər ki, bu yola əl atmaqla, öz pozucu əməllərini heç vaxt reallığa çevirə bilməyəcəklər. Ümumiyyətlə, onlar bu cür anormal hərəkətləri ilə, onsuz da gözdən düşüblər. Eyni zamanda, dağıdıcı müxalif qüvvələrin ölkəmiz haqqında pozucu yol tutmaları onların hansı ağılda, hansı əqidədə olmasına və bununla da, xalqın gözündən bir qədər də düşmələrinə gətirib çıxarır. Təbii ki, bu cür xalqa və dövlətə zidd fəaliyyətləri ilə uzağa gedə bilməzlər. Çünki bu cür hərəkətlərin sonu olmur, gez və ya tez cavab verəcəklər. Bu baxımdan, demək olar ki, az müddət sonra məkrli yol tutan AXCP və Müsavat kimi partiyalar və onların xaricdəki "azərbaycanlı" tərəfdarları pərən-pərən olacaqlar. Artıq araşdırmalar və proseslər də bunu deməyə əsas verir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.