Siyasət

"Azərbaycan ictimai rəyi onunla manipuliyasiya etmək istəyənləri qınayacaq qədər kamildir"

23 Mart 2018 18:00
Baxış: 537

Müasir texniki tərəqqi postmodernist cəmiyyətlərə ən müxtəlif ictimai kommunikasiya vasitələri təqdim edir. Hazırda internet resursları üzərindən çox fərqli metod və üsullarla ünsiyyət qurmaqla kütləvi auditoriyaya asanlıqla çıxmaq mümkündür.

Milli.Az bildirir ki, bunu Trend-ə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, yeni resurslarla informasiyanın idarə olunması və onun ictimai rəyə təsirinin səmərəli təşkili daha asandır. Ona görə də bütün informasiya cəmiyyətlərində bu vasitədən məmnuniyyətlə istifadə edirlər:

"Əgər informasiyaya institusional forma verməklə onu hətta idarəetmə vasitəsinə çevirməyin mümkünlüyünü də nəzərə alsaq, belə universal vasitədən istifadə etməyin nə qədər zəruri olduğunu görə bilərik. Azərbaycan da qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizindən çoxunu təşkil edir. Belə olduqda, əlbəttə, bu resursların imkanlarından ilk növbədə informasiya təhlükəsizliyimizə cavabdeh olan qurumlar istifadə etməlidirlər. Elə edirlər də. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. İnformasiyanı bir qrup manipuliyatorun istismarına vermək qətiyyən olmaz. Çünki informasiya ictimai rəyi həmrəy edə biləcək gücə sahib olduğu kimi, onu milli maraqların əleyhinə də formalaşdıracaq gücə sahibdir".

Onun sözlərinə görə, vəziyyət belə olduqda ölkəmizin informasiya təhlükəsizliyi kimi vacib məsələlərlə məşğul olan qurumlar və onlara rəhbərlik edən şəxslər də bütün növ vasitələrdən, o cümlədən "Facebook", "Twitter", "WhatsApp" kimi vasitələrdən istifadə etməlidirlər:

"Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu tipli strateji məsələləri dərindən bilən məmur kimi, əlbəttə, yeni vasitələrdən dövlət maraqlarımız üçün istifadə etməlidir və çox effektiv də istifadə edir. Ancaq görünür, qlobal imperializmin bu silahından bir azərbaycanlı məmurun imperializmin nökərlərinə qarşı belə uğurla istifadə etməsi həmin nökərlərin və hətta onların ağalarının xoşuna gəlmir. Ona görə də öz məntiqsiz hərəkətlərinə görə bunu müxtəlif formada yozmağa çalışırlar. Onlara elə gəlir ki, beləliklə, ictimai rəyi manipulyasiya edərək onu doğru yoldan sapdıracaqlar. Ancaq xəbərləri yoxdur ki, kifayət qədər intellektual əsaslarda formalaşan Azərbaycan ictimai rəyi nəinki manipuliyasiya ediləcək qədər sadəlövh deyil, tam əksinə, onunla manipuliyasiya etmək istəyənləri qınayacaq qədər kamildir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.