Siyasət

Elxan Şahinoğlu: "İlham Əliyev hazırki seçki kampaniyasının şəksiz lideridir"

21 Mart 2018 20:05
Baxış: 1 094

"Prezident seçkisində 8 namizəd var. İlham Əliyev hazırki seçki kampaniyasının şəksiz lideridir. Azərbaycanda illərdir siyasi sabitlik var. Sabitlik iqtisadi inkişafın və xarici investisiyaların başlıca şərtidir. Pul sakitliyi xoşlayır. Bu sakitlik Azərbaycanda var. Azərbaycanda siyasi xaos və anarxiya hökm sürsə idi nə böyük iqtisadi, nə də regional layihələri reallaşdırmaq mümkün olardı. Azərbaycana artan turist axınının başlıca səbəbi də ölkədə var olan siyasi sabitlikdir". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda və Azərbaycanın iştirakı ilə reallaşdırılan müxtəlif iqtisadi və böyük regional layihələr də siyasi sabitlik şəraitində həyata keçirilir: "İlham Əliyevin yüksək reytinqi məhz davamlı sabitlik və həyata keçirilən layihələrin gələcəkdə ölkəmizə verəcəyi böyük fayda ilə bağlıdır. Düşünürəm ki, növbəti illərdə əsas hədəf iqtisadi və sosial islahatların dərinləşdirilməsi olacaq, gənc kadrların irəli çəkilməsi prosesi də sürətlənəcək. Yaşlı əhalinin maliyyə ehtiyatlarının əsas hissəsinin həkimlərə və dərmanlara xərcləndiyini nəzərə alaraq gələn ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılması da vacib tədbirlərdən biri olacaq".

Politoloq bildirib ki, xarici siyasətdə Azərbaycanın ciddi problemləri yoxdur: "Azərbaycanın torpaqlarını işğal edən Ermənistandan başqa qonşu ölkələrlə münasibətlərində problemləri yoxdur, tam əksinə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq yüksəlir, qonşu dövlətlərlə böyük regional layihələr reallaşdırılır. Qərb ölkələri ilə Rusiya arasında müxtəlif səbəblərdən münasibətlər gərginləşsə də Azərbaycanın hər iki qütblə münasibətləri normaldır və ölkənin milli və təhlükəsizlik maraqlarına yönəlib. Azərbaycanın heç bir dövlətlə əməkdaşlığı üçüncü ölkəyə qarşı yönəlməyib, əsas məqsəd bu əməkdaşlığın Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına xidmətini təmin etməkdir".

O həmçinin əlavə edib ki, İlham Əliyevin prezident olduğu illərdə orduda ciddi islahatlar aparıldı, ordunun maddi texniki bazası gücləndirildi: "Müdafiə xərcləri hər il milyardlarla dollar civarında ölçülür, modern silahlar və hərbi texnika alınır. Bunların hamısı torpaqlarımızı işğaldan qurtarmaq üçündür. Dövlət başçısı İlham Əliyev hər çıxışında iki fikri xüsusi olaraq təkrarlayır. Birinci fikir: "Azərbaycanın bayrağı Xankəndi və Şuşada da dalğalanacaq". İkinci fikir: "Azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarına qayıdacaq".

Ermənistan hakimiyyəti sonuncu fikri elə təqdim etməyə çalışır ki, guya Azərbaycan prezidenti Ermənistanı işğal etməyə hazırlaşır və İrəvan Qərb ölkələri, o cümlədən Rusiyadan imdad diləyir. İlham Əliyevin məlum fikirlərinə nə Qərb, nə də Rusiyadan ciddi etiraz yoxdur. Çünki onlar da anlayırlar ki, Azərbaycan torpaqları işğal altındadır və torpaqları geri qaytarmaq bizim haqqımızdır. İlham Əliyev "azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarına" geri qayıdacaq fikrinin arxasında ciddi strateji mesaj var. Bununla erməni cəmiyyətinə ciddi mesaj göndərilir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması sizlərə rahat həyat vəd etmir və əgər hakimiyyətinizin təxribatçı siyasətinin qurbanı olmaq istəmirsinizsə ölkənizi tərk edin, canınızı qurtarın, yoxsa övladlarınız işğal altındakı torpaqlardan tabutlarda geri qayıdacaq. İlham Əliyevin bu açıqlamaları, o cümlədən ordumuzun işğalçını daima təzyiq altında saxlaması öz işini görür, Ermənistanı tərk edənlərin sayı ilbəil artır, Azərbaycanın əhalisi durmadan artır, Ermənistanın əhalisi isə azalır. İlham Əliyevin bir prezident kimi növbəti illərdə hədəfi işğal altındakı torpaqların geri qaytarılması prosesinin sürətləndirilməsi olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.