Siyasət

Müxalifətin rüsvayçılıq tarixi...

21 Mart 2018 19:55
Baxış: 1 739

1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə dağıdıcı qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar

Uzun illərdir dağıdıcı müxalifət qalmaqallarla gündəmdə qalmağa cəhd göstərir. Bunun da əsas səbəbi həmin partiyalarda islahatların keçirilməməsi və partiyaların yeni təşəbbüslərlə çıxış etməməsidir. Bunun da nəticəsi olaraq, müxalif partiyalar öz elektoratını tamamilə itiriblər. Bəziləri də artıq seçki kampaniyası aparmağa gücləri çatmadığına görə, seçki ərəfəsində bəyan etdilər ki, güya seçkiləri boykot edirlər. Ümumiyyətlə, seçkiləri boykot etmək mümkün deyil. Çünki seçkinin taleyini ayrı-ayrı partiyalar deyil, xalq müəyyənləşdirir. Bizim istər seçki qanunvericiliyimiz, istərsə də seçki təcrübəmiz dünyanın ən qabaqcıl ölkələri səviyyəsindədir.

Seçkilər öncəsi ənənəvi müxalifət partiyaları arasında qalmaqallar davam edir. Boykot edən siyasi təşkilatlarla seçkilərə qatılmaq iddiasında olan partiyalar bir-birlərini müxtəlif məsələlərdə ittiham edirlər. Bu oyunun oyunçuları və icraçıları arasında isə yarıgizli-yarıaşkar mübarizə gedir. İddia olunur ki, AXCP-Müsavat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillərdəndir. Partiyadaxili savaşdan əlavə, bu iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur. Mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqınlıq", "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıb. 1998-ci il prezident seçkiləri dövrünü götürək. Həmin ərəfələrdə müxalifət "SİDSUH" adlanan təşkilatda birləşmişdi. Lakin AXCP və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədi, nəticədə, qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur.

"SİDSUH" - parçalanmanın əsasını qoyan "hərəkat" kimi müxalifətin rüsvayçılıq tarixinə yazıldı. "Demkonqres" və "Azadlıq" seçki blokları da eyni aqibəti yaşadılar. Beləliklə, illər boyu bu düşmən və bir-birilərinə patoloji nifrət edən parityaları son nəticə etibarilə guya "Milli Şura" bir araya gətirib çıxardı. Ancaq burada da uzun müddət duruş gətirə bilməyən Müsavat AXCP-ni Rusiyaya satılmaqda ittiham edərək, oradan uzaqlaşdı. Beləliklə, məsələ tamamilə aydındır. Guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiyada təmsil olunanlar nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilirlər. Bu isə, sonu olmayan bir yola bənzəyir. Heç də təsadüfi deyil ki, 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Artıq məğlubiyyətləri ilə barışan AXCP-Müsavat başbilənləri Avropadan gələn ianənin azlığını nəzərə alıb, alver taktikalarını dəyişiblər. Yeni mühacir biznesinə girişiblər. Hüquq müdafiəçisi Azər Həsrət mətbuata açıqlamasında bildirib ki, dağıdıcı müxalifətin bu etiraz aksiyaları siyasi iddalarını təşkil etmək üçün düşünülməyib. Onlar bununla mühacir biznesini genişləndirmək istəyirlər: "Çünki etiraz aksiyalarında yeni şəkillər çəkəcəklər və arayışlar alacaqlar. Birmənalı olaraq, deyirəm ki, müxalifətin bu etiraz aksiyaları xaricdən sığınacaq almaq üçün nəzərdə tutulub. Son vaxtlar xaricdə sığınacaq alıb Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənlər haqqında araşdırma apardım. Məlum oldu ki, həmin adamların heç biri Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rolu olmayıb. Heç kim də onları şəxsən tanımır. Amma onlar iddia edirlər ki, Azərbaycanda demokratikləşmə uğrunda gedən mübarizələrdə iştirak etdiklərinə görə sıxışdırılıblar və ona görə də, ölkədən qaçıblar. Bu kimi mitinqlər xaricdə sığınacaq almış həmin şəxslərin özlərinə yeni imkanlar alması üçün nəzərdə tutulub. Bunu mitinqin təşkilatçıları çox gözəl bilir. Onlar arayışları da pul ilə satırlar. Buna görə də, bizneslərini inkişaf etdirmək istəyirlər".

"Səs" Analitik Qrupu

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.