Siyasət

Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə maliyyə vəsaiti ayırıb

19 Mart 2018 18:23
Baxış: 934

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.

2004-2017-ci illər ərzində respublika ərazisində 600-dən çox səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub və müasir tibbi avadanlıqla təchiz edilib.

Sərəncamda qeyd olunur ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Səhiyyə Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.