Siyasət

Siyasi xuliqanlar...

14 Mart 2018 23:35
Baxış: 3 111

Avropadakı "mühacir" azərbaycanlılar o günə düşüblər ki, onları ermənilər təlimatlandırır

Azərbaycandan gedib xarici ölkələrdə yaşayan, xüsusən də Avropa ölkələrinə sığınan bəzi azərbaycanlılar ordan ölkəmizə qarayaxma kampaniyaları aparmaqda davam edirlər. Burada yaşayarkən hansısa basqıya, təzyiqə məruz qaldıqlarını deyən bu şəxslər, əslində hansısa təzyiqə məruz qalmayıblar. Sadəcə, Avropada yaşamaq eşqi bu insanların Vətəndən getməsinə vəsilə olub. Avropa ölkələrində artıq yalançı siyasi mühacirlərin araşdırılmasına başlanıldığına görə, bu adamlar qorxuya düşüblər.

Çünki Azərbaycanda hansısa təzyiqə məruz qalmadıqları ortaya çıxanda deportasiya olunacaqlarını bilirlər. Avropadan deportasiya olunmamaq istəkləri Vətən sevgisindən üstün olan həmin "mühacirlər" çıxış yolunu ölkəmizə qarşı "qara piar" aparmaqda görürlər. Bu yolda hətta milli maraqlarımızı düşmən erməniyə də satmaq belələri üçün adi hala çevrilib. Erməni lobbisinin təsiri altında olan "mühacir" azərbaycanlılar, deportasiya olunmamaq üçün düşmənə sığınıblar.

Milli.Az sherg.az-a istinadən bildirir ki, düşmən də qoruduğu bu anti-milli şəxslərdən Azərbaycan əleyhinə istifadə etməkdədirlər. İstifadə də Azərbaycana qara yaxmaqdan əlavə, milli dəyərləri, ölkədəki layiqli insanları söydürməkdən ibarətdir. Son günlər isə bu "mühacirlər"in söyüş siyasəti əndazəni aşıb. Orduxan Teymurxan kimi anti-Azərbaycan mövqeli şəxs ermənilər tərəfindən təlimatlandırılır, o da ətrafına özü kimi 3-4 adamı toplayıb Vətənə, Vətənin övladlarına qarşı tərbiyədən kənar, küçə söyüşləri yağdırmaqla məşğuldur. Həmçinin bu şəxslər ermənipərəst Avropa təşkilatlarının Azərbaycan əleyhinə tədbirlərinə qoşulur, Azərbaycanı pisləyib, torpaqlarımızı işğala məruz qoyan Ermənistanı tərifləyirlər.

Bu isə ictimaiyyət nümayəndələri tərəfindən təbii olaraq narazılıqla qarşılanır.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, xaricdə yaşayan bəzi xəyanətkarlar heç vaxt milli maraqlar baxımından fikirlər səsləndirməyiblər: "Biz Amsterdamda olan zaman həmin insanlar bir kəlmə də olsun Xocalı faciəsindən danışmadılar. Əksinə, Azərbaycanın əleyhinə təbliğat apardılar.

Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Onlar dövlətimizin ağrılı Qarabağ torpağının işğal altında olmasını, Xocalı kimi bir faciənin yaşanmasını, 1918-ci il mart soyqırımının baş verməsini təbliğ etməlidirlər. Amma bunlar əksinə fəaliyyət göstərirlər.

Bu cür hərəkəti ermənilər edir. Bəzən onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar. Ermənistanda qoyub gəldiyimiz dədə-baba torpaqlarımız var. Ordan köç edəndə ermənilər bizim gəncləri və körpələri dəmir boruya salıb, ağzını qaynaqlayıb boğaraq öldürüblər. Bunlardan danışan yoxdur. Tənqid edə bilərlər, amma Azərbaycan bayrağını təhqir edib, ölkənin milli maraqlarına zidd olan işlərlə məşğul olmaq düzgün deyil. Söyüş söyməklə etiraz edilmir. Söyüş söymək əxlaqsızlıqdan başqa bir şey deyil".

T.Rüstəmxanlı bildirir ki, Avropada tərbiyəsizliklər edərək, milli-əxlaqi dəyərlərimizi ayaq altına atanlar, dövlətçilik maraqlarımızı erməni lobbisinin pullarına satanlar, eləcə də onları müdafiə edənlər heç bir siyasi səmərə əldə edə bilmədilər. Əksinə, onlar Azərbaycan xalqının daha çox nifrətini qazandılar.

"Biz siyasi mədəniyyətin aşağı salınmasını, siyasi münasibətlərdə qeyri-etik davranışları yolverilməz hesab edirik".

Bunu isə həmin "mühacirlər"in söyüş siyasətindən danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib. O, təəssüflə qeyd edib ki, siyasi olmayan bəzi adamlar siyasətə qoşulublar:

"Xüsusən xaricdə yaşayan mühacirləri nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Baxın, siyasi mühacirlər də var, qeyri-siyasi mühacirlər də. Onlar tamamilə fərqli, təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Amma kimlər ki, siyasi proseslərdən keçib, bu cür qeyri-siyasi, etik normaları pozan nüanslar yoxdur. Ümumiyyətlə, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır, ölkə konstitusiyası ilə müdafiə olunur".

S.Cəlaloğlu deyir ki, erməni lobbisinin təsiri altında olan bu şəxslər öz mövqelərini də aydınlaşdıra bilməyiblər:

"Özü demokrat deyil, "mən demokratam" deyir, həm də qarşısındakının şərəf və ləyaqətini alçaldır. Sən özün əgər beynəlxalq hüquq normasına zidd fəaliyyət göstərirsənsə, heç vaxt deyə bilməzsən ki, "mən hüquqlar uğrunda mübarizə aparıram". Birinci hüququ elə onun özü pozur. Bu baxımdan onlar bəzi şeyləri qarışdırırlar. Çox ləyaqətsiz və aşağı səviyyəli sözlərdən istifadə edirlər. Adını da qoyurlar "mübarizə". Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub?

Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq. Başqa ad vermək mümkün deyil. Bu, siyasi xuliqanlıqdır və əks tərəf də buna görə istənilən hərəkəti eləyir və Azərbaycanda da bir biabırçılıq olur. Bunun, bu cür siyasi xuliqanlığın kökünü birdəfəlik Azərbaycandan yığışdırmaq lazımdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.