Siyasət

Çıxın o bataqlıqdan, yazıqsınız...

14 Mart 2018 14:12
Baxış: 1 910

Azərbaycan müxalifəti niyə bu gündədir? AXCP sədri Əli Kərimli niyə isterik çağırışlar, sosial şəbəkələrdə lənətlər və heybətli kəlmələri yanaşı düzməklə böyük adamın balaca sirləri təəssüratı yaratmaqla balaca adamın böyük səhvləri sonucunu ortaya qoyur?

Milli Şuranın "lider"nin - dırnaq işarələri həm ironiya bildirir, həm də bu adamı elə özünün xəyallarından qorumaq məqsədi güdür - Cəmil Həsənlinin əməkdar müəllim olsa da, darəməkli siyasətçiyə çevrilib və işi Əli Kərimlinin yanında görüntü ağsaqqallığı etmək, gücü isə "Dostlar!" xitabı ilə başlayan Facebook statusları irad etməklə bitir?

Müsavatın yeni təsərrüfat məsələləri üzrə direktoru - çünki partiyanın "başqan"ı olmaq üçün həm başlı, yəni intellektual, həm də qanlı, yəni aktiv olmaq gərəkdir - Arif Hacılı nədən illər əvvəl büdrəyib aşdığı kölgələr gölməçəsində hələ də o yan-bu yana gedərək şappıltı səslərindən həzz alır?!

AXCP ilə bahəm, Milli Şuranın və küll halda mıxı mismar olmuş müxalifətin Klara Setkin, üstəgəl Janna D-Arkı olmaq istəyən Gültəkin Hacıbəyli illər əvvəl gül təki insan olduğu halda niyə indi günəbaxana çevrilərək işıq gələn tərəf sandığı istiqamətləri dəyişir?

Ümumiyyətlə, onlar niyə bu gecədədir?! Gündədir yazmıram, çünki gün təqvim nəsnəsi və zaman vahidi olmaqla yanaşı, həm də sutkanın işıqlı vaxtıdır.

Azərbaycanın müxalifəti adlanan partiyalar, birliklər, qruplar, dəstələr, şuralar, məclislər və ilaxırlar dəstəsi isə şüurlarının zülmətindəki məşumluğu hələ də dərk etmədikləri zülmətdədir.

Heyhat, ey bütlər parkı...

Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı barədə sərt yazmaq olmur. Daha doğrusu, olmaz. Bu insanlar çəhrayı geyimli, sağ əlinin şəhadət barmağını burnunun sol deyişinə pərçimləyib beyninə uzatmaq istəyən cocuq təkidir.

Coucuğu acılamazlar, üstünə qışqırmazlar.

Yaramazlıq etsə də. İllah da ki, qocalsalar da, içlərində Ekzüperinin təbiri ilə desəm, fil udmuş ilan saxlayan bu kəslər hələ də xəyallar aləmində qaçışırlar, kimlərləsə mübarizə aparırlar, qulaqları burulanda inciyirlər.

Hakimiyyətin illər əvvəl küncə qoyduqları həşəmətsiz zatlarımız bir ayaqlarının üstündə dursalar da, o biri ayağı aşağı salıb qaldırmaqla etiraz etdiklərini deyirlər.

Hətta aralarında inciyib eyvana çıxan və özünü soyuğa verib "fırt-fırt" edən burnunu çəkib "gördünüz, necə intiqam aldım onlardan" deyən də var.

Yainki şoumenlik edən, aldığı pulun müqabilində mitinq qayırıb sinəsinə şəstlə vuran və əslində, son vaxtlar şousunun bayağı olduğunun fərqinə varmaq istəməyən Əli Kərimli kimi parket qəhramını da.

Olsun, onları da Tanrı bioloji müxtəliflik üçün yaradıb yəqin. Tolerant olaq, belələrini nəqliyyatda görəndə durub yer verək.

Çünki onlar ya hansısa uğursuzluğa hamilədirlər, ya da ki tam əksinə, siyasət əlilləridir.

Əlillərlə hamilələrə isə nəqliyyatda yer verilir - "yat"la bitən başqa kəlmələrin şamil olunduğu fərqli müstəvilərdən fərqli olaraq.

Saralmış dişlərin arasından nə isə deməyə çalışan məntiqli, toz basmış plakatlardakı "İrəli!", "Gəlirik!" kimi sözlərlə toxunmuş darbalaq şüarlarla, "Məhsul"a yığılıb məhsul qıtlığını ortaya qoyan və bundan qeyzlənib hakimiyyətin ünvanına nələrsə qırıldadan insanlar mübarizə apardıqlarını deyirlər, iqtidarın üzərinə siyasi top və iradə tüfəngi ilə yürüdüklərini şəstlə söyləyirlər.

Di gəl, tüfəngin lüləsi əyri, topun təkərləri dağınıq.

Firəng alimlərin dediklərinə görə, belə hal freym (frame) adlanır ki, mənası da sosiologiya, psixologiya, kommunikasiya, kibernetika, linqvistika və qeyri qəliz elmlərdə insanın şüuru daxilində hansısa hərəkəti, nəyisə anlamaq istəyi, yaxud insanın özünü bu dünyada görməsinin çərçivəsidir.

Xüləs, o şoğərib "freym" dayanıqlı struktur, koqnitiv nəsnədir.

Bunun nəticəsidir ki, "Biz aprelin 11-də keçiriləcək seçkiləri boykot edirik" deyənlər, əslində, siyasi boykotun belə, nə olduğunu bilmirlər.

Vallahi və simallahi ki, belədir.

Seçkilərin boykotu, yəni ingiliscə "boycott" siyasi mübarizənin ən effektiv vasitələrindən biri olaraq seçicilərin əhəmiyyətli qrupunun səsvermədən imtina etməsidir.

Yenə də qəliz yazsam, siyasi mübarizənin bu vasitəsini absenteizmin digər formalarından nümayişkaranəliyi, kütləviliyi və radikallığı fərqləndirir.

Boykot bir qayda olaraq boykotun təbliğatı, geniş seçici kütlələrinə "Gəlin, boyotka qoşulun!" çağırışları ilə müşayiət olunur.

Əsl boykot zamanı seçici səsvermə məntəqəsinə də gedir, "Çıxarın məni seçicilər siyahısından deyir".

Normal halda belədir.

Azərbaycanda isə müxalifət düşərgəsində məntiq və siyasət qanunları çoxdan kəlləmayallaq vurduğundan, AXCP, Milli Şura, Müsavat və s. qurumlar seçkini boykot etdiklərini deyirlər.

Fəqət, həmin qurumların sıravi üzvləri arasında xeyli insan seçkilərə qatılacaq.

Bu, faktdır, aksiomdur, danılmaz həqiqətdir.

... Alman politoloq Elizabet Noel-Noymanın dediyinə görə, insan azlıqda olduğunu hiss edəndə fikrini deməyə, mövqeyini açıqlamağa çəkirir, təcriddən və ya cəzadan qorxur.

Belə davranış "sükut spiralı" (Schweigespirale) adlanır ki, Azərbaycan müxalifətindəki "lider"lər də cəmiyyətin soyuq baxışları altında üşüdüklərindən onu yandırıb qızınmağa çalışırlar.

Məsələtün, REAL hərəkatının rəhbərliyi martın 10-da Bakıdakı "Məhsul" stadionunda AXCP, Müsavat və Milli Şuranın əl-ələ verib keçirdikləri mitinqvari toplantıda iştirak etməyəcəklərini bəyan etdilər.

Mənası bu ki, REAL mitinqdə olmaycaq - faktiki boykot.

Amma elə həmin bəyanatda bir ifadə vardı: "REAL-ın sıravi üzvləri mitinqə qatılmaqda azaddırlar".

Yəni biz yoxuq, amma ola bilər ki, olaq, amma biz sözümüzü dedik, filan.

"Məhsul" stadionuna yığışan "lider"lər boykotdan danışmamalıdır, çünki o "mitinq"ə vur-tut 1500 nəfər qatılmışdı.

Milli Şura, AXCP və Müsavatın rəsmi kağızlarına, qeydiyyata alınmış üzvlərinin sayına, rəhbərlərinin şücaət daman çıxışlarına inansaq, bu qurumların üzvlərinin toplam sayı ən azı 300 min nəfərmiş. Əli Kərimli-Cəmil Həsnəli-Arif Hacılı üçlüyü üçün həmin olmayan rəqəm çox əzizdir, doğmadır, özlərini də olmasa, onlara hələ də inanan binəvaları aldatmaq üçün istifadə edirlər.

Fərz edək ki, bu absurd rəqəm gerçəkdir, amma 1500 nəfər 300 min nəfər deyil ki.

Belədirsə, hansı boykotdan danışır qarelərimiz?!

Cənablar, nə qədər gec deyil, çıxın o məntiq uçurumundan, yalan bataqlığından.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.