Siyasət

Qazaxıstanın Baş Nəqliyyat Prokuroru Azərbaycanda səfərdədir - FOTO

12 Mart 2018 18:52
Baxış: 576

Azərbaycan və Qazaxıstan prokurorluq orqanları, o cümlədən sərhədyanı ərazilərin prokurorluqları arasında cari məsələlərin, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Qazaxıstanın Baş Nəqliyyat prokuroru Marat Alixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Zakir Qaralovun dəvəti ilə ölkəmizə səfərə gəlib.

Milli.Az bildirir ki, Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, Qazaxıstan Prokurorluğunun nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Baş Prokurorluğunda görüş keçirilib. Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan dövlətlərinin sınanmış liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin ikitərəfli səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu diqqətə çatdırılıb.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstan Respublikasının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Qazaxıstanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Baş prokuror son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılmaqla, bu sahədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlər, yaradılmış 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi barədə qonaqlara məlumat verilib.

Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran M.Alixanov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə iki ölkə prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib. Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkələrimizin müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiyini vurğulayıb, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, transmilli cinayətkarlıqla mübarizə, iqtisadi qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, nərə cinsli balıqların qanunsuz ovlanması, qanunsuz sərhədkeçmə, Xəzər dənizinin ekologiyasının qorunması və yaxşılaşdırılması mövzuları, eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Qazaxıstan nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi, Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış guşə təqdim edilib.

Qonaqlar daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olublar. Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Qazaxıstanın Nəqliyyat baş prokuroru Marat Alixanov korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və dövlət ittihamının müdafiəsi sahələrindəki fəaliyyətə dair nümayəndə heyətinin üzvləri tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb.

Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.