Siyasət

"Məhsul" palatası: ayaqyolu müxalifətinin mitinq matəmi

10 Mart 2018 18:11
Baxış: 4 829

Bu gün Bakıdakı "Məhsul" stadionunda Azərbaycanın can vermiş müxalifətinin radikal təşkilatları olan Milli Şura ilə AXCP və Müsavat partiyaları birgə mitinq keçirdilər.

Bakı Şəhər İcra Hakimiyyətinin razılığı alınan, saat 15.00-a təyin olunan mitinqə Əli Kərimli ilə Arif Hacılı yarım saat sonra gəldilər.

10 gün əvvəl sosial şəbəkələrdə AXCP lideri, onun trolları ilə Müsavat və Milli Şura fanatlarının başladıqları "təşviqat"a, çoxsaylı çağırışlara, hətta xaricdəki radikal tör-töküntülərin "dəstəyinə" rəğmən bugünkü mitinqə 1500-ə yaxın insan qatıldı.

Heç nə dəyişmədi, əvvəlki mitinqlərdən fərq olmadı. Selfi çəkib sosial şəbəkələrdə paylaşan "təvazökar müxalifət"lər də öz yerində...

Yenə də çürümüş ibarələr, şablon ifadələr, şər üzərində qurulmuş çağırışlar və şizofrenik ittihamlardan sonra radikalların daha bir fiaskosu başa çatdı.

Özünü "aktiv qorxmaz və fəal müxalifətçi" sayan, restoranda qabyuyan işləyən Məhəmməd Mirzəli Facebook səhifəsində ictimai ayaqyolundan "videreportaj" hazırlayaraq demişdi: "Uy da, tualetə bax, içində güzgüsü də var!.. Ay da, hələ buna baxın: əlini uzadırsan, sabun gəlir!.. Özü də pılsızdır e bu, ay Azərbaycan xalqı, pılsız, pılsız..."

Orduxan Bəbirovun "silahdaş"ı sayılan bu "xaricdəki müxalifət"in prosesləri dərketmə səviyyəsi o gənc proletarda "vau-effekt" yaratmış ayaqyolu qənşərindən o yana keçmədiyi kimi, "Məhsul" stadionunda keçirilmiş mitinq də Əli Kərimli və Cəmil Həsənlinin şüarçılıqla təkrarçılıq mərəzinin məntiqi davamı oldu.

... Atılmışlar, aldanmışlar, zavallılar və sadəcə yazıqlar. Belələri "tale zəbun, fələk qəvi" deyir, qapılarını fələyin vurduğundan şikayətlənir, bacarıqsızlıq və uğursuzluqdan qaynaqlanan biçarəliklərinin səbəblərini həmişə kənarda axtarırlar.

Onlar eyzən ağ paltarlı cəngavərlər, ətrafdakılar isə bu qəhrəmanların cəsarət və rəşadətini görməyən, bir də görmək istəməyən paxıllardır. Üstəlik, qara qüvvələr də o kəslərin irəliləyişinə mane olur.

Cəlil Məmmədquluzadə belələrini "marallarım" adlandırırdı. Ədəbi təhkiyələr və ya məcazlarla işimiz çox, çünki özlərini "müxalifət liderləri" adlandıranların istisnasız olaraq hamısı indi siyasətçi yox, intellektual təsir bağışlamağa çalışaraq ədəbiyyata varan lümpenlərdir.

Onlar istedadsızdırlar, çünki siyasətdə piyadadırlarsa, emosional şüarçılıqlarında və sosial şəbəkələrdəki çılğın şivənlərində də əqli əlil arabalarındadır.

Vyanalı psixoanalitik  Alfred Adleri xatırlayaq: AXCP və Müsavat partiyaları ilə Milli Şuranın bu gün Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda keçirdikləri mitinq  həmin qurumların rəhbərlərinin siyasətdəki bipolyar affektiv pozuntularına (BAP) dəlalət edir.

Yəni maniya var bu kəslərdə.

Uğursuzluq sindromundan tutmuş, özlərini qüdrətli və möhtəşəm hiss etməyədək, yəni meqalomaniyayadək.

AXCP lideri bloqer Əli Kərimli, Müsavatın nominal başqanı və siyasi çevrələrdə nüfuzu mikroskopik olan Arif Hacılı, bir də Milli Şuranın sədri olduğu iddia edilən kompilyator "tarixçi alim" Cəmil Həsənli.

"Məhsul" stadionuna yığışanların qarşısındakı tribunada duran və ətrafına da Azərbaycanda "Şəriət qaydaları ilə idarə olunan dövlət quraq!" ideyasını daşıyıb dinlə pərdələnən radikallar, Gültəkin Hacıbəyli təki konyuktur "müxalifətçi"lər, emosiyaları çılğınlaqla səhv salan şapito fiqurları - bir sözlə, istehza doğurası bir mənzərənin personajları illərdən bəri təkrarlanan, əzbərləyib söyləməkdən usanmadıqları şüarları dedilər.

Üstəlik, bugünkü mitinq Əli Kərimli-Cəmil Həsənli duetinin əvvəlki bihal şoularından da cılız oldu.

Bu zavallılar hələ də dərk etmək istəmirlər ki, müxalifətin aksiyasının normal, effektiv olmasını istəyirlərsə, onun kütləviliyi təmin olunmalıdır. "Məhsul"dakı mitinqin, daha doğrusu, mitinqə parodiyanın "ümumxalq" adlandırılması da absurddur. Çünki ümumxalq mitinqi olmaq üçün bu yığnağa, gerçəkdən də, ümumxalq dəstəyi olmalıydı. Bu yoxdursa, "Məhsul"dakı aksiya "ümumxalq mitinqi" yox, AXCP, Milli Şura və Müsavatın siyasi cılızlıqlarını, habelə cığallıqlarının növbəti izharı oldu.

Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Açıq Cəmiyyət Partiyası, Azərbaycan Demokrat Partiyası və REAL mitinqlərə qatılmayıblar və əslində, qatılmaq niyyətləri də olmayıb.

Əli Kərimli ilə Cəmil Həsənli onlara mitinqə dəvət də yollamayıblar. Bu isə "Məhsul"dakı mitinqin seçkiöncəsi müxalifət aksiyası kimi dəyərləndirilməsinə, sadəcə, imkan vermir. AXCP və Milli Şura siyasi alveri davam etdirməklə yanaşı, xaricdən aldıqları təlimatı yerinə yetirərək tələsik yığılmaq, bununla da "biz hələ varıq, ölməmişik" mesajını vermək fikrinə düşüblər.

Təbii ki, bugünkü mitinq öncəsində Facebook bloqeri Əli Kərimlinin trolları "siyasi lider"lərinin məntiqsiz və səviyyəsiz qərarlarını tənqid edən müxalifətçilərin, xüsusilə də REAL tərəfdarlarının üzərinə hücuma keçmişdilər.

Həmin zatlar tam hüquqi nihilizm nümayiş etdirən "lider"ləri Əli Kərimlinin davranışını təkrarlayaraq israrla "Hamı mitinqə, bu da siyasi təbliğatın bir növüdür!" tipli virtual hayqırtılarını səngitmirdilər.

Halbuki, Milli Şuranın martın 10-na təyin etdiyi mitinq seçki qanunvericiliyinin kobud pozuntusudur. Mövcud qanunvericiliyə görə, seçkiqabağı təşviqat martın 19-da başlayır və bu tarixdən sonra nə qədər istəsələr mitinq keçirə bilərlər.

Əli Kərimli və Cəmil Həsənli seçkilərə namizəd qismində qatılmayıblar, bu səbəbdən də "mitinq təşviqat deyil" söyləyirlər.

Belə iddialar da primitivdir, nədən ki, AXCP və Milli Şura aprelin 11-də keçiriləcək prezident seçkilərini boykot edəcəklərini vurğulayıblar.

Boykot siyasi addımdır və bu addımı atan qurumun istənilən aksiyası onun qərarının təbliğidir.

"Məhsul"ldakı mitiq məhz bu baxımdan siyasi təşviqatın yarıtmaz və utancverici forması idi.

Siyasətdə parafren sindromuna məruz qalan, özlərini nəyəsə qadir hiss edən Cəmil Həsənli və Əli Kərimliyə isə  gerçəkliyi cüzi də olsa, qavramağı arzulayırıq.

Bəlkə onda onlardan qismən də olsa, zəif də sayılsa, siyasətçi alına bilər.

Əks halda müxalifətin belə mitinq matəmləri hələ çox davam edəcək.

Əslində belə də olmalıdır - AXCP və Milli Şura rəhbərlərinin şüur formasiyasını nəzərə alsaq.

Fəsildən-fəsilə, hadisədən-hadisəyə, mövsümdən mövsümə mitinq ekzemasına düşən və psevdosiyasi vücudlarını qaşınma tutan AXCP ilə Milli Şura "biz də varıq" iddiası ilə "Məhsul"a yığışırsa, sözümüz yox.

Amma yox, Əli Kərimli və Cəmil Həsənli növbədənkənar prezident seçkilərini müxalifəti prosesdən kənarlaşdırmaq, zəiflətmək kimi qələmə verirlərsə - yazıqlar olsun.

Bu kəslər siyasi mübarizəni şəxsi ambisiyaların təminat yolu saydıqlarından, "demokratiya uğrunda savaş" adlandırdıqları hakimiyyət hərisliklərini pərdələyə bilmirlər.

Zatən o pərdə üçün seçilmiş parça nimdaş plakatdın kətanı olduğu üçün dəlik-deşikdirsə, durum daha da ağırlaşıb onlar üçün.

Günlərlə davam edən "təbliğat"a, Əli Kərimli və Cəmil Həsənlinin isteriyalarına rəğmən, mitinqə vur-tut 1500 nəfərin qatılması AXCP, Milli Şura və Müsavatın cəmiyyətdəki populyarlıq səviyyəsini, real dayağının miqdarını, bu "lider"lərin real tərəfdaşlarının sayını göstərir.

O da bəlli oldu ki, seçkilərə qatılmayıb seçkilərdən danışan, gəlir mənbələri tamamən şübhəli və qaranlıq olaraq korrupsiya ilə mübarizədən dəm vuran, "məmur özbaşınalıı"ndan hayqırıb özlərinin övladlarının lüks yaşamı ən sıravi müxalifətçiyə belə, bələd olan "siyasi meyit"lər özlərini bir daha rüsvay etdilər.

Əli Kərimli, Cəmil Həsənli və Arifı Hacılı "sahib"lərinə "iş" gördüklərini göstərmək üçün mitinq keçirdilər.

Daha çox yığıncağa, kiçik qrupun toplantısına yığışan aksiya əvvəlkilərin klonu oldu.

Eyni adamlar, eyni simalar, eyni pozalar, eynifikirlər, eyni şüarlar, iki saatdan sonra da şəstlə dağılışmaq.

Budur Azərbaycan "müxalifət"i?!

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.