Siyasət

Mətbəx "müxalifətçi"sinin küçə qəhrəmanlığı

10 Mart 2018 15:40
Baxış: 1 491

Ağdamdan Nürnberqə gedən yol uzundur. Minlərlə kilometrdir, təyyarə ilə saatlarla davam edir. Məntiqlə, bu yolda düşünməyə, yaşananları götür-qoy etməyə, bundan sonra yaşana biləcəkləri təxminləməyə yetərincə vaxt var.

Amma Almaniyanıvn Nürnbernq şəhərinə sığınan, burada "siyasi mühacir" həyatı yaşadığını iddia edən Tural Sadıqlı aksiomu belə, inkar etməyi bacarıb.

O, Facebook-da "Azad söz" səhifəsinin rəhbəri olmaqla yanaşı, həm də müxalifətçidir. Yəni "Avropadakı müxalifətçilər" adlanan qruplaşmasının mənsubudur. Həmin qrupun adı məntiqsizlik olsa da, orada yer aldıqlarını söyləyənlər bunun fərqinə varmaq istəmirlər.

Onların məqsədləri konkret, məramları əyandır: Azərbaycan adından danışıb Azərbaycanın maraqlarına qarşı addımlar atmaq.

Bunu etiraf etmirlər, demokratiya və insan haqları, vətəndaş cəmiyyəti və azadlıqlar uğrunda mübarizə apardıqlarını deyirlər.

Di gəl, bu "mübarizə" çox bəsit ssenarili oyunu, idarə olunan manekenlərin dar səhnədə hərəkətlərini və o basırıq məkanda hərənin bir ifa ilə kakafoniya yaratmasını xatırladır.

Tural Sadıqlı da sürəkli olaraq Azərabycanın hakimiyyətini tənqid edir, sosial şəbəkələrdə paylaşdığı çağırışlarda və videomüraciətlərdə aqressivliyə qapılmaqdan özünü saxlaya bilmir, hətta bəzən isteriya elementlərini də ortaya qoyur.

O, martın 13-ü üçün nəzərdə tutulmuş daha bir tragikomik aksiya üçün aktivləşib.

"13 mart saat 14.00, Berlin, Azərbaycan səfirliyinin qarşısı. Avropada yaşayan mühacirlər, gəlin birlikdə etiraz edək", - müraciəti olduğu kimi, stilistika və orfoqrafiya xətalarına toxunmadan təqdim edirik.

Martın 13-də Azərbaycanın Almaniyadakı səfirliyinin qarşısına yığışmağı nəzərdə tutanlar həmişə olduğu kimi, həvəskarlardan ibarət xora bənzəyən şou göstərəcək, ölkəmizi az qala dünyanın ən qorxulu məkanı kimi qələmə verməyə çalışacaqlar.

Alınmayacaq və səbəb çox primitivdir.

Yığışanların total əksəriyyətinin ambisiyaları imkanlarından və bacarıqlarından hədsiz dərəcədə böyükdür.

Məsələn, Tural Sadıqlıda olduğu kimi.

O, sığındığı, pənah apardığı Almaniyaya artıq siyasət dərs keçir, baş nazir Angela Merkel hökumətinə nəyin yaxşı, nəyin pis olduğunu öyrədir, sonda da Almaniyanı qeyri-demokratik ölkə elan edir.

"Avropanın xüsusilə də Almaniyanın Azərbaycanla bağlı özünün enerji maraqları var. Bu ölkələrin demokratik dəyərlərə hörməti ancaq ölkələri daxilindədir. Dünyada demokratiyanın bərqərar olması və ya azadlıqların təmin edilməsi məsələləri öz maraqlarından sonra gəlir", - Almanların ölkəsini belə, demokratiyadan uzaq məkan sayaraq hiddətlənmiş Tural Sadıqlı Facebook profilində yazıb və bir daha göstərib ki, onun aləmində demokratik ölkələrin demokratlığı qəliz məsələdir.

Son məlumatlara görə, Angela Merkel bu suçlamanı oxuyandan sonra utanıb, çox pərişan olub...

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.